Futbol hakimlərinin taleyi necə olacaq? YAZI
- 08 Apr 2020 13:00
- 1069
Məlum olduğu kimi, koronavirus səbəbindən ölkədə karantin rejimi hökm sürür. Bu karantin şübhəsiz ki, futbolumuzdan da yan keçə bilməzdi. Hazırda pandemiya səbəbindən ölkənin idman həyatı da sükuta qərq olub. Bütün idman qurğuları bağlanıb, bütün yarışlar dayandırılıb. O cümlədən futbol üzrə ölkə çempionatı da qeyri-müəyyən müddətə təxirə salınıb. Klublar isə məcburi istirahətə çəkilib. Heç onlar da nə zaman bir araya gələcəklərini bilmirlər. Klub rəhbərləri aprel ayının 20-ni gözləyir. Həmin vaxtda qədər qeyri-müəyyənlik olacaq. Amma klublarla bağlı bir müsbət məqam var ki, bildiyimiz qədəri ilə karantin dövründə futbolçuların maaşları dondurulmayacaq və tam olaraq ödəniləcək. Eləcə də məşqçilərin, texniki işçilərin. Klubların bu addımı təqdirəlayiqdir. Bildiyimiz qədəri ilə AFFA və PFL də öz işçilərinin maaşını əvvəlki qaydada ödəyəcək. Amma futbolun ayrılmaz tərkibi olan bir qrup da var. Söhbət futbol hakimlərindən gedir.
Hamımız bilirik ki, futbol hakimləri maaş almır. Düzdür, hamısının AFFA ilə müqaviləsi var. Lakin bu müqavilə bir növü əməkdaşlıq xarakterlidir. Yəni aylıq maaş yox, oyun başına qonorar alırlar. Çempionat dayandığı üçün və məlum səbəbdən oyunlar keçirilmədiyi üçün hakimlər də gəlirdən məhrum olub. Premyer Liqada baş hakimlərin bir oyun üçün qonorarı 700 manatdır və martın 16-dan çempionat dayandırılıb. Aprelin 20-ə kimi də oyunların keçirilməyəcəyi dəqiqdir. Bu isə təqvim üzrə 5 tur eliyir. Bu da o deməkdir ki, hər hakim karantin müddətində 3500 manat ziyana düşəcək. Deyək ki, elə hakim var hər tur təyinat almır. Ona görə orta hesabla 2800 manat götürək. Yan xətt hakimlərinin qonorarı aşağı olduğu üçün onların itkisi az ola bilər. Amma minimum 1500-2000 manat da onlar itirmiş olacaq. Təbii ki, I Divizion, "Region Liqası", uşaq liqalarını, futzal çempionatını idarə edən hakimləri də yaddan çıxarmaq olmaz. Bu şəxslərin hamısı faktiki gəlirlərindən məhrum olublar. Maaş almırlar ki, arxayın olsunlar ki, çempionat olmasa da pulumuz karta vurulacaq. Ona görə düşünürəm ki, AFFA futbol hakimlərinin də durumunu nəzərə alaraq mütləq onlara da hansısa formada kompensasiya verməlidir. Çünki hakimlər futbolçular kimi varlı təbəqə sayılmır. Bəzi FİFA referilərini çıxmaq şərti ilə imkanları elə də yüksək deyil və belə durumda federasiyanın dəstəyi vacibdir.
Anar XANLAROV