Futbol idarəçiliyinə layiq toplantı
- 18 Avq 2021 13:00
- 558
Xəbər verdiyimiz kimi, AFFA-nın İcraiyyə Komitəsinin növbəti iclası keçiriləcək. Avqustun 19-dakı toplantı videokonfrans formatında olacaq. İclasın gündəliyinə aşağıdakı məsələlər daxil edilib:
1. 2022-ci ilin fevralından etibarən Azərbaycan Premyer Liqasında VAR (video köməkçi hakim) sisteminin tətbiqi
2. Azərbaycan Premyer Liqası hakimləri ilə bağlı “Peşəkar hakim” sisteminin tətbiqi
3. 2022-2023-cü il mövsümü üçün “Klubların lisenziyalaşdırması üzrə qaydalar”ın təsdiqi
4. Digər məsələlər
Burda diqqət çəkən məqam konfransın online videokonfrans şəklində olmasıdır. Yəni İK üzvləri hərəsi bir kabinetdə oturub kompyuter və ya telefonla iclas keçirdəcək. Görəsən bu bəyzadələr niyə bir araya gəlib normal toplantı keçirmir ki? Əvvəl koronavirusu bəhanə edirdilər ki, qapalı məkanlarda toplaşmaq olmaz. Artıq dövlət bu qadağanı aradan götürüb və pandemiya qaydalarına, sosial məsafəyə əməl etməklə istənilən məkanda toplantı keçirmək olar. Axı söhbət AFFA İcraiyyə Komitəsinin iclasından gedir. Hansı ki, burada futbolumuzla bağlı ciddi qərarlar verilir. Bu qərarları verməzdən əvvəl isə ciddi müzakirələr getməlidir. Lakin görünən budur ki, bütün bu sadaladıqlarımız bizlər üçün ciddi sayılır. AFFA başbilənləri, İK üzvləri üçün hamısı boş, mənasız, qeyri-ciddi şeylərdi. Futbolu necə qeyri-ciddi, qeyri-peşəkar idarə edirlərsə, toplantını da o formada keçirirlər. Onsuz güclü arxası olan Elxan Məmmədov necə istəyir hər şey də o cür olacaq. Öncədən də hər kəs olanları bilir. Ona görə toplanmağa, fikir bildirməyə ehtiyac yoxdur. Gözdən pərdə asmaq üçün yarım saatlıq videokonfrans təşkil edib axırda da öncədən hazırlanmış qərarı oxuyub gedirlər özləri üçün daha vacib hesab etdikləri işlərin dalınca...
Anar XANLAROV