Futbol meydanını cəbhəyə dəyişən çempion-döyüşçü - Novruz Əzimov YAZI
- 01 Apr 2020 18:00
- 1332
Veteran futbolçumuz Novruz Əzimov bu yaxınlarda 60 yaşına qədəm qoydu. Bu insana şəxsən mənim çox böyük hörmətim var. Əzimov sözün əsl mənasında vətənpərvər, vətənini, torpağını, millətini sevən insandır. Belə ki, Azərbaycanın ən ağır günlərini yaşadığı dövrdə o hər oğulun edə bilmədiyi bir işi elədi, futbolçu karyerasının ən yaxşı vaxtlarında hər şeyi atıb cəbhəyə yollandı, mənfur ermənilərə qarşı qanlı döyüşlərdə iştirak elədi. Bəlkə də çoxlarının heç bundan xəbəri yoxdur. Açığı qəhrəmanıməz özü də bu haqda heç yerdə danışmayıb. Yalnız milli.az saytında onun Qarabağ müharibəsində iştirakından bəhs edən xatirələrini oxumuşdum. Açığı həmin yazını oxuyandan sonra çox təsirlənmişdim və həmin xatirələri sizinlə də bölüşəcəm və siz də məlumatlı olacaqsınız. Əslində elə bu yazını yazmaqda da məqsədim Əzimovun məhz görünməyən tərəflərini sizlərə çatdırmaqdı. Ancaq bu haqda bir qədər sonra. İndi isə…
1960-cı ildə Laçında anadan olan Novruz Əzimov Ruslan Abdullayevin vaxtında “Neftçi”nin hazırlıq qrupunda futbola başlayıb. Üç il sonra-məşqçi klubu tərk edəndə o da “Suraxanılı”ya keçib. Əzimov bu klubun heyətində Azərbaycan kubokunu və Respublika çempionatının gümüş medalını qazanıb. Həmin ərəfədə İnşaat Mühəndislər İnsitutuna daxil olsa da futbola olan sevgiyə görə, ali təhsili idmana qurban verir. Naxçıvanın “Araz” komandasından dəvət alan müdafiəçi bir müddət Muxtar Respublikada çıxış edəndən sonra Əhməd Ələsgərovun dəvəti ilə Bakıya gəlir. Lakin onun “Neftçi”nin əvəzedici komandasının heyətindəki debütü uğursuz alınır. Həmin vaxt bakılıların əvəzedicisi birinci yerdə gedirdi. “Kayrat” da liderlər qrupunda qərarlaşdığından oyunun gərgin keçəcəyi gözlənilirdi. Görüş qolsuz bərabərliklə başa çatsa da, Ələsgərov komandanın oyunundan razı qalmır. Nəticədə məşqçinin qurbanlarından birinə də Əzimov çevrilir. Ələsgərov gənc futbolçunu komandadan uzaqlaşdırır. Həmin hadisədən sonra qəhrəmanımız Naxçıvana dönsə də 1982-ci ildə Ələsgərov onu yenidən “Neftçi”yə çağırır. O, əsas heyətdə 1982-ci il martın 26-da Donetsk “Şaxtyor”u ilə səfər qarşılaşmasında debüt edir. Qolsuz heç-heçə ilə başa çatan oyunun qəhrəmanlarından biri də məhz Əzimov olur. Bundan sonra Bakıda “Dnepr”lə keçirilən matçda bir epizodda müdafiəçi kobud səhvə yol verir. Xoşbəxtlikdən rəqib bundan yararlana bilmir. “Neftçi” həmin oyunda 3:0 hesabı ilə qalib gəlsə də. baş məşqçi Novruzu bağışlamır. Belə olunca o. əvəzedici komandaya göndərilir. Bununla belə, qısa fasilədən sonra yenidın müdafiəçiyə ehtiyac duyulur. Əzimov əsas heyətdə 12 oyun keçirdikdən sonra zədələnərək bir müddət futboldan uzaq düşür. Burada düzgün müalicə olunmayan futbolçu Lvova yollanaraq, ukraynalı həkimlərin sayəsində yenidən yaşıl meydanlara qayıdır. Həmin vaxt yerli OİK “Karpatı”dan dəvət alan Əzimov bu şansı əldən vermir. O, “Neftçi”nin digər yetirməsi, qapıçı Elxan Rəsulovla birgə bu klubun şərəfini qoruyur. Novruzun Lvovdan Bakıya dönüşünün də maraqlı tarixçəsi var. OİK “Karpatı” 1984-cü il mövsümünün son oyununu Riqada keçirirdi. Həmin matçı izləyənlərv arasında “Neftçi”nin məşqçisi Ağasəlim Mircavadov da var idi. Oyundan sonra Mircavadov Əzimovla Rəsulovu “Neftçi”yə dəvət edir və müdafiəçi 5 il mövqeyini heç kimə vermir.
Yalnız 1990-cı ildə baş məşqçi Ruslan Abdullayevlə Əzimovun arasında münaqişə yarandı. “Neftçi” peşəkar kluba çevriləndə futbolçularla peşəkar müqavilələr imzalanırdı. Ruslan Abdullayev boş müqavilələri oyunçulara təqdim edəndə, Novruzla Nazim Süleymanov ona imza atmaqdan boyun qaçırdırlar. Bu səbəbdən Əzimov komandanı tərk edib yenidən Lvova yollanmaq istədi. O, bu məqsədlə hətta 1990-cı il yanvarın 22-nə təyyarə bileti də sifariş vermişdi. Ancaq 20 yanvar hadisələri onu fikrindən daşındırdı və Novruz bir il Qazaxda və Gəncədə futbol oynadı. Əhməd Ələsgərovun “Neftçi”yə gəlişi müdafiəçini yenidən “Neftçi”yə qaytardı. Əzimov “Neftçi”nin heyətində güclülər dəstəsində cəmi bir qola imza atıb. Maraqlıdır ki, bu, “Neftçi”nin güclülər dəstəsində rəqib qapılarından keçirdiyi sonuncu qol olub.
Topu bir kənara tullayıb silahı götürdü
İndi keçək Əzimovun bir çoxlarına örnək olacaq vətənpərvərliyini sübut edən məqamlara. Hansı ki, yazının girişində bu haqda qısaca anons vermişdik. Bəli, Əzimov 1992-ci ildə ilk müstəqil Azərbaycan çempionatında bir görüş keçirdikdən sonra könüllü olaraq cəbhəyə yollandı. Laçın Özünümüdagiə Batalyonunun tərkibində Laçın, Kəbəcər, Qubadlı istiqamətində gedənb ağır döyüşlərdə iştirak edən Novruz bir neçə dəfə ölümlə üz-üzə qaldı. Maraqlıdır, necə oldu ki, “Neftçi”də oynadığı vaxtı həmkarlarının əksəriyyətindən fərqli davranıb, döyüş bölgəsinə yollandı.
“Belə ağır gündə futbol oyamağın nə anlamı vardı ki?!”
Qəhrəmanımız bunun səbəbini bu cür izah edib: “Hər şey Xocalı faciəsindən sonra oldu. Millətimin elə vəhşiliklə üzləşməsi mənə çox pis təsir etdi. Və onda qərar aldım ki, mənim yerim oradı. Belə ağır gündə futbol oyamağın nə anlamı vardı ki?! Ona görə də 1992-cil ilin martında könüllü olaraq, cəbhəyə yollandım. Amma onu da deyim ki, mayın 2-si ya 3-ü Bakıya ezamiyyətə gəlmişdim. Şuşa alınan gün, 1992-ci il may ayının 8-də ilk milli çempionatın açılış turunda Sumqayıt “Xəzər”inə qarşı “Neftçi”nin formasını geyindim. Səhərisi isə tək öz maşınımla yollandım Laçına. O vaxtı Arif Paşayevin rəhbərlik etdiyi 811-ci Laçın alayının tərkibində döyüşürdüm. Mən özüm də laçınlıyam, Alıqulu kəndində doğulmuşam. Amma Mehdiabadda böyüdüyümdən oraları elə də yaxşı tanımırdım. Laçınlı olmağım da müharibəyə yollanmağımda rol oynayıb”
“Yuxarıdan bir erməni papağı ilə yellədi ki, “gəlin, gəlin”
“Birinci dəfə Suarası kəndinə döyüşə getdik. Ermənilər kəndə tökülmüşdü. Həmi vaxtı da şayiə yayılmışdı ki, guya onların hamısı zirehli paltar-filan geyinir, ancaq göz yerləri açıq qalır. Gərək oradan vurasan. Atışma oldu, sonra ermənilər çəkildi, geri qayıtdıq. Daha sonra Cağazur kəndində olduq. Həmin yer hündürdə idi. Orda 31-ci post vardı, mayın 13-14-ü ermənilər tutmuşdu. 6-7 nəfərlə Cağazura yollandıq. BMP ilə getdik. Posta çatanda düşüb, səpələndik. Açığı, bizi ora getməyə qoymurdular. Elə bəxtə-xuda getdik. Yuxarıdan bir erməni papağı ilə yellədi ki, “gəlin, gəlin”. Bir az biz atdıq, bir az onlar atdı. Amma ora çıxanda gördük ki, yoxdular. O dərənin içində hara itdslər, bilmədik. Belə atışmalar çox olub.
“İniyəcən də dəqiq bilinmir ki, həmn vaxt o öldü, yoxsa qaldı”
“Şəhid olanlara Allah rəhmət eləsin. Sağ qalanlarla indi də imkan olanda görüşürəm. "Cin" Mübariz, Atəş,Tofiq, Cümşüd, Şirzad kimi oğullarla çiyin-çiyinə döyüşmüşük. Bizim 18 nəfərlik xırda dəstəmiz vardı. Başçımız da Vaqif Salmanov idi. O "Cin" Mübarizin dayısıydı. Laçınlı olduqlarından oraları yaxşı tanıyırdılar. Qohumların əsir götürmüşdülər. Onlar da getmişdilər erməni kəndindən dəyişmək üçün adam tutub gətirsinlər. Elə orda vurmuşdular. Vaqifin nəşini verdilər, amma "Cin" Mübarizdən xəbər çıxmadı. İniyəcən də dəqiq bilinmir ki, həmn vaxt o öldü, yoxsa qaldı. Balaca, cılız oğlan idi. Di gəl ki, ermənilər onun əlindən qan ağlayırdı. Elə ona görə də “Cin” deyirdilər. Biz kəşfiyyat işinə baxırdıq. Bu işlərə Şirzad Abdullayev rəhbərlik edirdi. Onu da Bakıdan tanıyırdım, İsmayıllıdan, Basqaldandı. İndi də əlaqəm var.
“Gördüm ki, bu, artıq düzələn işə oxşamır, özümlə torpaq da götürdüm”
“Laçın alayı mayın 16-da şəhərdən çıxıb, Tikanlı zəmiyə düşən vaxt mən getdim öz kəndimizə. Dedilər, oradan Gorus əlin içi kimi görünür, vurmaq olar. Artıq ordu Laçından çıxır, ermənilər girirdi. Xəbər aldım ki, Əhəd əmim kənddə qalıb. O, Alıquluda məktəb direktouydu. Getdim onu da götürdüm, Kəlbəcər istiqamətindən çıxdıq. Qarın qurddamağını birinci dəfə orda gördüm. Vahid komandanlıq olsaydı, Laçını saxlamaq olardı. Qubadlı tərəfdən yol açıq idi, nə desən, gətirmək mümkün idi. Düzdür, ermənilər tərəfdən vura bilərdilər. Amma bizim də onlar tərəfi atəşə tutmaq imkanımız vardı. Kəlbəcər istiqamətindən çıxıb Qubadlıya getdim. Artıq Laçın alayı orada idi. Orda 3 ay qalıb, Bakıya gəldim. Sonra təzədən Laçın istiqamətinə getdik. 1992-ci il oktyabrın 18-də öz kəndimizdə oldum. Seyidlər qəbrstanlığına getdim. Gördüm ki, bu, artıq düzələn işə oxşamır, özümlə torpaq da götürdüm. Həmin vaxt Qubadlı tərəfdən də rəhmətlik Əliyar Əliyevin dəstəsi irəlliləmişdi. Amma sonra onu vurdular, ara qarışdı. Bizə də kömək gəlmədi. Halbuki, həmin vaxt Laçını qaytarmaq olardı”
“Erməninin birini mən güllələdim”
“Neçə erməni öldürmüşəm? Birini dəqiq öldürmüşəm. Bizdə 2 əsir vardı. Mövqeyimizi tərk edəndə onları özümüzlə gətirməyə maşın yox idi. Neçə adamımızı öldürmüşdülər, buraxası deyildik ki. Apardıq çayın qırağına. Erməninin birini mən güllələdim”
“Rus əsgərini söydüm, tutaşdıq”
“Həbsdə yatmışam? Hə, başıma belə bir iş gəlib. 1988-ci il, millətin küçələrə axışan vaxtı idi. Nümayişlərdə mənimlə yanaşı “Neftçi”nin bir çox futbolçusu da olurdu. Həmin vaxt Bakıda vəziyyətə sovet qoşunları nəzarət edirdi. Bir gün bu əsgərlərdən biri yoldan keçən uşaqlı qadına söz atdı. Bunu içimə çəkəsi deyildim ki?! Mən də rus əsgərini söydüm, tutaşdıq. Elə həmin vaxt başqa rus əsgərləri onun köməyinə gəldi. Məni apardılar Bayıla, sonra da Xələcə. Ermənistanda zəlzələ olan gün, dekabrın 5-də mən içəridə idim. 30 günlük həbs vermişdilər. Bəxtsizlikdən həmin vaxt fasilə idi, “Neftçi” istirahətdə idi. Qısası, bir təhər çıxdım da”.
“Bu ölkəyə əli silah tutan oğullar lazımdır”
“Bilirsiniz necədir, bir söz deməkm istəyirəm. Futbolçu, həkim, jurnalist, sürücü, müəllim - fərq yoxdur, bu vətən hamınındır. Hamı hərbi xidmətə getməlidir. Türkiyədəki sistemi görürsünüz də - hər bir adam 40-45 gün hərbi qulluqda olmağa məcburdur. Bizdə də belə olmalıdır. Müharibə şəraitindəyik, kim bilir sabah necə olacaq?! Bu ölkəyə əli silah tutan oğullar lazımdır”.
Sonda qeyd edim ki, qaydalara görə komanda çempion adını qazanarsa qızıl medallar mövsüm ərzində ən azı oyunların 50%-də meydançaya çıxmış futbolçulara verilir. Lakin Əzimov futbolu atıb cəbhə bölgəsinə yollandığı 1992-ci il mövsümündə “Neftçi”nin heyətində cəmi bir oyun keçirməsinə baxmayaraq, bu mərdliyinə görə o vaxtkı AFFA rəhbərliyi onu qızıl medalla təltif etdi və Əzimov yaddaşlarda çempion-döyüşçü kimi qaldı.
Anar XANLAROV