Futbol tarixinin ən böyük saxtakarı Karlos Enrike - YAZI
- 07 Okt 2019 11:35
- 959
Fırıldağın zirvə həddi necə olur?
İndi oxuyacağınız hekayə, rahatlıq Hollivud filmlərinə ssenari ola bilər. Düzdü, onun nə qədərininin yaşanıb-yaşanmadığını yalnız bir nəfər bilir. Bir nəfər - Karlos Enrike, yəni “İmperator”. 24 il peşəkar futbolçu olan braziliyalı ölkəsində “Botafoqo” və “Flmuninse” ilə yanaşı, Meksika, ABŞ və Fransada da bir neçə klubda forma geyinib. Dönəminin ən böyük futbolçularıyla dostluq edib və bütün bunlar futbol topuna toxunmadan edib! İnanmırsız?
“Futbol oynamaq istəmirdim”
“İmperator”la “Amerika”da komanda yoldaşı olan Maurisio de Oliveyra Anatasio onun haqqında “Tək istəyi bu görkəmli həyatı yaşamaq, bir futbolçu olaraq yadda qalmaq, bu böyük tamaşanın bir parçası olmaq və bunu edərkən heç bir məsuliyyət daşımamaq idi. Və böyük səylər nəticəsində o bunu bacardı” deyir.
Hazırda bir müəllim kimi çalışdığı Rio-De-Janeyrodakı idman zalında bizi qarşılayarkən gün eynəklərinin altından tülkü kimi gülümsəyir və həyat hekayəsini anlatmağa başlayır. “Zarafat deyil, topa bir dəfə də toxunmadım” deyir braziliyalı. “Çünki futbol oynamaq istəmirdim”.
“Sadəcə əylənmək istəyirdim və peşəkar olmaq kimi bir hədəfim yox idi”
Karlos Enrike 2 iyul 1963-cü ildə Portu-Aleqredə dünyaya gəlib. Daha doğrusu, o belə olduğunu deyir. Ləqəbini də məşhur Frans Bekkenbauerdən götürüb. “Fluminense”də birlikdə oynadığı Marsio isə onu qısaca olaraq Braziliya futbolunun “171”-i adlandırır. Bu rəqəm həbsxanalarda fırıldaqçılığa görə cəza çəkən məhbuslara verilir. “Məncə, onu ən yaxşı təsvir edən rəqəm budu”, deyir Meyra. “İnsanları necə ikna edəcəyini yaxşı bilir. Sizinlə danışarkən belə pulqabınızı oğurlaya bilər”.
“İmperator”un hazırda 48 yaşı var və qadın fitnes dərsləri keçir. Diqqətlə baxanda xarizmatik duruşa malik olduğu görünür. Salona girən hər kəs onu salamlayır və yanına gəlir. O da eyni qarşılıq verir. Qısacası burda hamı onu sevir. Karlos özü ödlalığa götürülərək böyüdülüb. Böyüyərkən ətrafında anası, aşçısı və lift şirkətində çalışşan bir atası olub. O da bir çox uşaqlar kimi günlərini tində futbol oynamaqla keçirib. “Sadəcə əylənmək istəyirdim və peşəkar olmaq kimi bir hədəfim yox idi. Vaxtımı futbol oynayaraq, kitap və dərs oxuyaraq keçirirdim”.
10 yaşında ikən “Botafoqo” skautlarından biri ondakı istedadı kəşf edir. Ailəsi bir oyunçu meneceriylə razılığa gəldi və o gündən etibarən Karlos Braziliyalı klublarının altyapı təsislərində yaşamağa başladı. “Ailəm məni oynamağa məcbur edirdi. Futbolçu olsam varlı olacağımı düşünürdülər və məni bir qurtuluş yolu kimi görürdülər”.
Anası və atası onun 13 və 16 yaşı olanda vəfat etdilər. Daha sonra Meksikanın “Puebla” klubuyla sözləşmə imzaladı. “Mənim çox yaxşı futbolçu olduğumu düşünürdülər. Güclü idim və möhkəm zərbələr vura bilirdim”.
Ancaq Karlos Meksikaya heç uyğunlaşa bilmədi. Yeməkləri bəyənməmişdi və futbol oynamağa nifrət edirdi. Bir neçə hazırlıq matçında formay geyindi və özünün dediyinə görə, cərimə zərbəsindən bir qol da vurdu. Ancaq “yalançı İmperator” qurtuluş yolunu çoxdan tapmışdı. Məşqlərin birində zərbə vurarkən yalandan yerə yıxıldı və ayağını tutdu. “Buna baxmayaraq, mənə inanmadılar və israrla oynamağımı istədilər. Onlara zədələndiyimi dedim, ancaq nədənsə mənə qulaq asmadılar”.
Karlos bu “zədəsi” karyerasının qalan hissəsində də ondan əl çəkmədi. Onu transfer edən bütün klublar braziliyalının zədəsini sağaldacağı günü səbrsizliklə gözlədi. Heç bir klub rəsmisi, ya məşqçisi bir fırıldaqçını transfer etdiyini etiraf etmək istəmirdilər. “Hamı bir gün oynayacağımı düşünürdü. Bir dəfə matçdan öncə isinməyə çıxanda rəhbərdən məşqçisinə qədər hər kəs həyəcanlanmışdı. Yaxşı, bəs mən nə etdim? İsinmə zamanı zədələndim!”
Bu taktika sadəcə bir dəfə işə yaramadı. Braziliya “Banqu”sunda oynadığı vaxt bir dəfə ehtiyat oyunçular skamyasındaydı. Sona səkkiz dəqiqə qalmış komandası 0:2 hesabıylas geridəydi və bir gecə öncə diskotekada qarşılaşarkən məşqçi onu oynatmayacağına söz vermişdi. Ancaq klub sahibi Kastor de Andradedən gələn mesaj ortalığı qarışdırdı: “İmperator” meydana çıxmalıdı! Təcili plan qurmaq lazım idi.
“İsinmə zamanı bir neçə fanatın mənə qışqırdığını fərq etdim. O an ağlıma bir fikir gəldi. Anında tribunaya çıxıb azarkeşlərlə dava eləməyə başladım. Hakim də mənə qırmızı vərəqə göstərdi”.
Oyun sonra paltardəyişmə otağına gələn prezident əsəbdən dəli olmuşdu. Ancaq Karlosun bir planı da vardı. O, prezidentə 13 yaşında itirdiyi atasına oxşadığını və həmin fanatların başqanı söyəndə özünü saxlaya bilməyərək belə etdiyini deyir. Bunu eşidən prezidentin hirsi yoxa çıxdı. “Gözləri doldu və mənə sarıldı. Ertəsi gün yeni müqaviləm hazır idi”.
De Andrade 15 il əvvəl ölüb, ancaq Karlosun “Banqu”dakı şöhrəti hələ də davam edir. Klub rəsmisi Pedro Nardelli: “Bütün hekayələrini bilirik. O, fırıldaqçılıq sənətinin ən önəmli təmsilçilərindən biriydi. Bir dəfə klub ona yenə müqavilə təklif edəndə o qəbul etmədi. Başqa ölkələrə gedib, başqa klublara atmaq istəyirdi”.
“Hamını əsəbləşdirmək və qovulmaq istəyirdim, ancaq buna heç cür nail ola bilmədim”.
“İmperator” daha sonra “Fluminense”, “Botafoqo” və “Vasko de Qama” formasını geyir. Sonuncu ikisi belə bir adamın onlarda oynamadığını bildirsələr də, “Amerika” və “Banqu” bu fırıldaqçının komandalarında olduğunu təsdiqləyir. Ən maraqlısı isə odu ki, bir çox komanda yoldaşı onu ən bəyəndiyi futbolçular sırasında ilk beşliyə salır. Bu heç də təəccüblü deyil. Çünki Karlos bir çox ulduz futbolçuyla yaxın dost idi. DÇ-94-də Braziliya forması geyən Rikardo Roça “Vasko de Qama”da onunla birlikdə forma geyib. “Futbol oynadığını heç görmədim, ancaq deyəsən, o futbol dünyasında bizlə birlikdə olmağı sevirdi” deyir, Roça.
Fabio Barros isə Karlosa arzularından birinə çatmaq üçün onu Fransa Liqa-2-nə transfer etdirən şəxsdi. “Belə bir şeyə haqqı çatdığını düşünürdüm və ona bunda yardımçı oldum”, deyir Barros. Bir çox oyunçunun ən böyük arzusu olan Avropa karyerası, bəlkə də bunu ən az haqq edən birinə nəsib olmuşdu. “İmperator” “Qazelek”ə transfer olunub Fransaya gələndə ulduzlar kimi qarşılandı. Belədə o, klubun onun üçün düzənlədiyi imza mərasimində top çiləməmək üçün növbəti fırıldağa əl atır: Karlos ona verilən bütün topları tribunalardakı azarkeşlərə göndərir. Əvəzində klub prezidentinin həyat yoldaşına bir dəstə gül verdi. Bu hərəkəti onun bu klubda səkkiz qalmasına kömək etdi. Ən azından o belə deyir.
1976-93-cü illərdə “Qazelek”də idman direktoru olmuş Mişel Mançini Barrosu xatırladığını, ancaq nə Karlos Enrike, nə də “İmperator” ləqəbli birisinin yadına gəlmədiyini deyir. O vaxtlar baş məşqçi olmuş Baptiste Cetile də eyni fikirdədi: “Bu kluba çox da braziliyalı gəlməyib. Hamısını tanıyırıq və sizi əmin edə bilərik ki, burda 8 il oynayan birisi olsaydı, bir məlumatımız olardı”.
Mançini və Centilenin 80-ci illərdə qısa müddət oynadığı kimi xatırladığı cəmi iki braziliyalı var. “İmperator”un bu iki nəfərdən biri olması ehtimalı böyük ehtimaldı. Üstəlik, Karlos Meksikada “El Paso”da üç ay olduğunu, ancaq havalar isti olduğuna görə ordan ayrıldığını da deyir.
İndi yaşadığı yerdəki hər kəs onun dediyi hər kəliməyə inanır. Əslində, internetin indiki kimi dünyaya hakim olmadığı bir dövrdə Karlosun yalanını ortaya çıxarmaq da çətin idi: “Bizə daha öncə Fransada oynadığını demişdi, ancaq bunu dəqiqliyini bilmirdik. Əlimizdə sadəcə onun sözü və qəzetdəki şəkli var idi”, “Vasko de Qama” və “Fluminense”də Karlosla birlikdə forma geymiş Aleşandre Torres deyir.
90-cı illərin əvvəllərində “Botafoqo”da “oynarkən” Karlos özünə yeni bir iş dostu da tapmışdı: oyuncaq telefon! Onunla paltardəyişmə otağında başqa klubların rəsmiləriylə danışırmış kimi edir, özünü transfer təklifləri gəlirmiş kimi aparırdı. Ancaq bir dəfə məşqçilərdən Ronaldo Torres telefonun oyuncaq olduğunu fərq etdi. “Klub prezidentləriylə danışırmış kimi edirdim”, gülərək deyir “İmperator”. “Hamını əsəbləşdirmək və qovulmaq istəyirdim, ancaq buna heç cür nail ola bilmədim”.
“İnsanlar onu “Gombul Maradona” deyə çağırırdı”
“İmperator”un futbola aidiyyatının olmaması komanda yoldaşları tərəfindən tez fərq edilirdi. “Görünüşü tam bir qalmaqal idi”, - 1989-cu ildə “Fluminense”də həkimlik edən Markos Meyra deyir. “Çox şişman idi və məşqdə də eynək taxardı. Heç kim onun buralara qədər necə gəldiyini bilmirdi”. Meyra sözlərinə belə davam edir: “Dayanmadan zədələnirdi. Onsuz da məşq edə bilməyəcək qədər çox kilolu idi və heç topa toxuna bilmirdi. Digər oyunçular da onunla tez-tez məzələnirdilər. Maradonaya oxşadığı üçün ona bir söz də əlavə edərək “Gömbul Maradona” deyə müraciət edirdilər”.
Ancaq təsislərdə kamera peyda olan kimi, Karlos ortaya çıxırdı. “Ortalıqda “məni də çəkin” deyib, dolaşırdı. Ünsiyyət qurma bacarığı və xeyli dostu vardı. İşin şou qismini uğurla edirdi”.
Daha bir dostu “Vasko”nun futbolçusu Tato idi. O, Karlosun fırıldağını sezdiyi günü çox yaxşı xatırlayır. Dediyinə görə, məşqlərin birində aralarında məşhur Bebetonun da olduğu futbolçular “dır-dır” oynayırdılar və ortadakı Karlos idi. “Topun yanına belə yaxınlaşa bilmirdi”, gülərək Tato deyir. “O an hərkəs onun əslində bir futbolçu olmadığını anlamışdı. Çox yaxşı və havalı biriydi. Ancaq futboldan tamamilə anlayışsız idi”.
“O tam bir sənətçidi”
Etdikləri Braziliyada ortaya çıxan kimi Karlos böyük populyarlıq qazanır. Bir kanala 1984-cüi ildə Libertadores Kubokunu qazanan “İndependyente”nin final heyətində olduğunu demiş, ancaq həmin oyunçunun başqa Karlos Enrike olduğu anlaşılmışdı. Ölkənin ən məşhur tok-şou aparıcısı Jo Soareşin verilişinə qatılanda da böyük bir ajiotaja səbəb olan bir addım atdı. O, məşqçilik etdiyi fitnes salonuna müəllimi olduğu qadınlardan birini verilişə özüylə gətirib əynindəki bikinini çıxarmağını istədi. Beləcə, həm öz reklamını etdi, həm də kanalın reytinqini artırdı.
Tələbələri onun çox yaxşı birisi olduğunu deyərək haqqında xeyli xoş sözlər sərf etsələr də, “İmperator” öz keçmişiylə heç də qürur hiss keçirmədiyini deyir: “İnsanların məndən gözlədiklərinin qarşılığını verə bilmədiyimə görə üzərimdə günah hiss edirəm. Kaş ki onları xoşbət edə biləydim...”
Əslində, Karlosun bunu qismən də olsa bacardığını söyləmək olar. O dönəmdən bir çox tanışı onu çox yaxşı dost kimi xatırlayır. Son sözləri də səsləndirmək hüququnu onlardan biri, Tatoya veririk: “Karyerası boyunca etdiklərini görəndən sonra onun tam anlamıyla bir sənətçi olduğunu düşünürəm”.
Kənan Məstəliyev