Futbol terroru hakimliyi də məhv edir
- 17 İyl 2021 17:00
- 854
Fərqində deyilik, amma Azərbaycan futbolu həqiqətən də məhv olur. Futbol deyəndə tək klubları, futbolçuları demirəm, bura stadionlar, azarkeşlər, həmçinin futbolun ayrılmaz tərkib hissəsi olan futbol hakimliyini də əlavə edirəm. Vəziyyət çox acınacaqlıdır, bu prosesin arxasında kimlər durubsa, 1-2 ilə ölkədə futbolu tamamilə məhv edəcəklər. Rəhim Həsənovun da rəsmən hakimlikdən getdiyi məlum oldu. Ölkənin mənə görə ən güclü yan xətt hakimi olan Mübariz Həşimovun da daha hakimlik etməyəcək. Daha öncə Orxan Məmmədov da eyni addımı atmışdı. Ondan öncə Ömər Paşayev analoji addımı atmışdı. Səbəblər müxtəlif göstərilir, amma əslində nəyin baş verdiyini hamımız bilirik. Bunu edənlər mənə görə terrorçulardı. Terrorçu tək haranısa bomba qoyub partladanlara deyilmir. Yaşıllığı qıranlar ekoloji terror, mənəviyyatı pozanlar mənəvi terror, futbolu məhv edənlər də futbol terrorçularıdı. Sizə zarafat gəlməsin, bir hakimin yetişməsi illər alır. Yuxarıda adları çəkilən hər bir hakim vaxtı ilə yeni istedad idi, hər biri böyük gələcək vəd edirdi. İndi bəzilərinin söydüyü Xaqani Məmmədov yetişdirmişdi o hakimləri. Hansı ki, "Ramin Musayevin adamı" deyib futbola yaxın buraxmlrlar. Ştuxlik Xaqani Məmmədovdan təmiz adamdı, ya Ştuxliki bura gətirənlər? Xaqanini nə qədər tənqid edib söysəniz də, adam işlədiyi dövrdə Azərbaycana nə qədər yeni hakim qazandırdı. İndi Ştuxlik kimiləri gəlib bir-bir hamısını məhv edir. Kişi (?) guya bizə hakim yetişdirməyə gəlib. Əvəzində illərdi böyük əziyyət hesabına yetişənləri də futboldan silir.
Amma mən bu işdə tək Ştuxliki qınamıram. Ondan da böyük terroru həmin Ştuxliki bura gətirənlər, futbolda hazırkı sistemi quran terrorçular eliyir. Bilirsiniz bu hakimlər niyə hakimlikdən gedir? Çünki təyinat almırlar. Çempionatda cəmi 8 komanda var, hər tura 4 oyun düşür. O 4 oyunu da Ştuxlik öz hakimlərinə verir. I Divizion səviyyəsində olan hakimlərinə, zorla Premyer Liqada təyinat verir ki, söz düşəndə desin ki, bunları biz yetişdirdik, biz tapıb ortaya çıxardıq. Hansı ki, Rəhim, Orxan, Mübariz kimilər 1 ay hakimlik etməsin, çıxıb o hakimlərdən daha yaxşı hakimlik edər. Amma cənab (?) Ştuxlik terrorçuların dəstəyi ilə başqa yolu tutub. İllərin FİFA referisinə ayda 1 oyun verəndə o da hakimlikdən gedəcək də neyləməlidi, ailəsini nə ilə dolandırmalıdır? Əliyar Ağayev əvvəl Avropa Liqasının qrupuna təyinat alırdı. İndi hardadı Əliyar? Bu gedişlə 1-2 ilə o da hakimlikdən gedəcək?
Ramin Musayevi ağ yuyub qara sərirdilər. Tənqid eliyin, mən heç vaxt bunun əlehinə olmamışam. Ramin Musayevi mən də tənqid etmişəm. Amma onun dövründə nə qədər hakim yetişdi. Heç kimə sirr deyil ki, Xaqani Məmmədovun arxasında da Musayev durmuşdu. Onların vaxtında hakimlər hər il iki dəfə ölkə xaricində toplanış keçirdi. Qışda Antalya, yayda Sloveniya, Bolqarıstan. İndi niyə getmirlər? Nəzarət Elxan Məmmədovun əlinə keçəndən sonra Antalyanı heç yuxularında da görmürlər. Yeni mövsümün starına 1 aydan da az vaxt qalıb. Hakimlər necə hazırlaşır, harda hazırlaşır? Ən maksimum Mərdəkanda 1 həftəlik toplanış olacaq. Bəs UEFA-nın hakimliyin inkişafı üçün ayırdığı illik 200 min avro hara gedir? Bunun hesabatını verın və tələb edən yoxdur. Əvəzində kreslodan ikiəlli yapışıb hələ ən azı 2025-ci ilə kimi talançılıqla, terrorla məşğul olacaqlarının mesajını verirlər...
Anar XANLAROV