“Futbolçular mənə dedilər ki,çıx get, sənlik bir şey yoxdur, bura Ağasəlim gəlməlidir” MÜSAHİBƏ
- 27 Apr 2020 11:00
- 1568
Yəqin ki, Azərbaycan futbolunu yaxından izləyənlər bir vaxtlar çempionatda özünəməxsus dəsti-xətti olan “Viləş” adlı komandanı yaxşı xatırlayır. Artıq “Viləş” yoxdur, yalnız xatirələri qalıb. Bu müsahibə 2013-cü ilin yanvarında alınıb. O zaman sportinfo.az-da çalışırdı. Qəhrəman Əliyev isə "Bakı"nın məşqçilər korpusunda idi. "Bakı"nın da "Bakı" vaxtları idi. Hər komanda "Rixos"da toplanış keçə bilmiri. Həmin toplanış vaxtı mən də, bir vaxtlar "Viləş"in baş məşqçisi olmuş, ona iki dəfə bürüncmedalları qazandırmış Qəhrəman Əliyevlə tarixi vərəqləmək qərarına gəlmişdik. "Viləş"lə bərabər onun "Şəmkir"li günlərinə də toxunmuşduq. 7 il sonra şəxsi arxivimdən qarşıma çıxan həmin müsahibəni sizlərlə paylaşmaq qərarına gəldim:
- Qəhrəman müəllim, “Viləş”i xatırlayırsınız?
- “Viləş” mənim məşqçilik həyatımdakı ilk klubumdur. Çingiz Həşimov o vaxt “Viləş”in sədri idi və mən futaran ili o komandada işləməyə dəvət etdi. Onda 29 yaşım var idi.
- Neçənci il idi?
- 1992.
- 29 yaşlı bir gənc üçün ilk vaxtlar çətin olmadı?
- Çətin idi. Çünki yeni idim, təcrübəsiz idim, amma bununla belə futboldan bildiklərimi ortaya qoyurdum. Həm də mənim müəllimim rəhmətlik Ruslan Abdullayev olmuşdu, ondan da çox şey götürmüşdüm. Bundan başqa, 1995-ci ildə AFFA-nın xətti ilə Slovakiyada seminarda da oldum və məşqçilik peşəsinin bəzi incəlikləri ilə də tanış oldum.
- “Viləş”in Azərbaycan futbolundakı özəlliyi nədə idi, bu komanda daha çox hansı xüsusiyyətinə görə seçilirdi?
- Əzmkarlığı,meydançada canını qoyması ilə. Gərək hərə öz yorğanına görə ayağını uzada. “Viləş”də təcrübəli, klassik futbolçular yox idi. Mən də bunu fiziki hazırlıqla kompensassiya eliyirdim. Bunun da nəticəsində iddialı komandalara qarşı yaxşı çıxış edirdik, yaxşı nəticələrimiz də olurdu.
- İki il ard-arda çempionatın bürünc medallarını qazanan komandanın çempionatın startına 1 həftə qalmış dağılması çox gözlənilməz oldu. Nə baş verdi, “Viləş” niyə dağıldı?
- O vaxt maliyyə problemləri oldu, sponsorlar tərəfindən kluba maddi dəstək olmadı. Biz yeganə komandaydıq ki, 5 “şirvan” “premya” ilə İntertoto kubokuna vəsiqə qazandıq. Halbuki digər iddialı komandalar öz futbolçularına 100-150 dollar “premya” verirdilər. Düzdür, indiki dövr üçün bu pul deyil. Amma o dövrdə futbolumuzda indiki qədər pul olmadığından 100 dollar böyük “premya” sayılırdı. Amma bizim futbolçular dediyim kimi, 5 “şirvan”la gedib bürünc medalları qazandılar. Bir də bizdə mehriban kollektivçilik var idi. Mən özüm 1999-cu ildə Almaniyada gedib kurs oxuyub gələndən sonra məşqçiliyin bir çox tərəflərini də mənimsəmiş oldum. 2000-ci ilin fevralında komandanı qəbul edəndə 11-ci yerdə idik və gördüm ki burda alman mexanizmi işlətmək lazımdır. Odur ki, gücü verdim fiziki hazırlığa və yekunda 4-cü pilləni tutaraq İntertoto kubokuna vəsiqə qazandıq. Növbəti il isə daha da yaxşı çıxış etdik və tariximizdə ilk dəfə çempionatın bürünc medallarını qazandıq. Həmin vaxt hətta ikinci pilləni də tuta bilərdik. Amma hardasa bizi dayandırdılar onu da açıqlamaq istəmirəm. Yəqin demək istəyirsilər ki, yeriniz bura qədərdi, 3-cü yer bəsinizdir (gülür).
- “Viləş”in tarixində ən yaddaqalan oyun hansını hesab edirsiniz?
- Masallıda “Neftçi”ni 2:1 hesabıyla udduğumuz oyunu. Eləcə də “Kəpəz” üzərindəki qələbəniq eyd edərdim. Bir də Şəmkirdə “Şəmkir”i 1:0 məğlub etdiyimiz oyunu xüsusi qeyd edərdim. Özü də o vaxtı “Şəmkir”in “at oynadan” vaxtları idi, “Skonto”nu məğlub etmişdi. Mövsümdəki ilk oyunları bizimlə idi və yadımdadır, onda mən söz vermişdim ki, gedib “Şəmkir”İ Şəmkirdə udub gələcəm. Şəmkirin o vaxtkı icra başçısı Aslan Aslanov da məni məhz həmin oyundan sonra bəyənmişdi və sonradan dəvət göndərdi.
- Səhv etmirəmsə, həmin oyunda rəqib penalti zərbəsindən də istifadə edə bilməmişdi...
- Elədir, Faiq Cabbarov həmin vaxt zərbəni üstən vurmuşdu. Ümumiyyətlə, həmin oyunun hakimliyi haqda bir neçə kəlmə demək istəyirəm. Düzdür, Asim Xudiyev hazırda komissardır, amma o həmin oyunda “Şəmkir”ə simpatiyası var idi. Deməli oyun gedir, 90, 95, 100 dəqiqə oyun qurtarmır. Həmin oyunun kaseti indiyə kimi məndə qalır. Axırda bizim vaxtkı prezident İldırım Allahyarov üzünü tutdu Şəmkirin icra başçısı Aslan Aslanova qayıtdı ki, Aslan müəllim sizdə hava qaralana kimi oynayırlar? (gülür)
- İstəyirəm Əhməd Ələsgərovlu “Neftçi”ni 2:1 hesabı ilə məğlub etdiyiniz oyuna qayıdaq. Mən özümdə yaxşı xatırlayıram ki, tribunalarda boş yer yox idi, hətta, insanlar ağacların başından baxırdılar. Həmin qələbə ilə həm”Neftçi”ni çempionluqdan etdiniz, həm də bürünc medalları qazanmaq yolunda böyük addım atmış oldunuz. Necə xatırlayırsınız həmin oyunu?
- Həmin oyuna çox ciddi hazırlaşmışdıq. Oyunqabağı bəzi söz-söhbətlər də gəzirdi ki, guya “Viləş” “Neftçi”yə oyun verəcək filan. Buna görə də komandanı tək fiziki-taktiki yox, eyni zamanda psixoloji cəhətdən hazırlamalı oldum. İndiyə kimi yadımdadır, bax, sizinlə danışıram, tüklərim biz-biz olur, deməli, oyuna az qalmış futbolçuları bir anlıq soyunub-geyinmə otağından çıxartdım ki, görün nə qədər adam bizi dəstəkləməyə gəlib. 10 min insanı burdan məyus yola sala bilmərik. Həqiqətən də komanda həmin oyunda gözəl oynadı, yaxşı yadımdadır, qələbə qolunu da Alay Bəhramov aşırma zərbə ilə vurmuşdu.
- Maraqlıdır, həmin qələbəyə görə, futbolçulara nə qədər mükafat verilmişdi?
- 50 dollar. “Viləş”in tarixində ən çox “premya”nı onda almışdıq. Ona qədər ancaq 10 “şirvan”, 15 “şirvan”.
- Alay Bəhramov məhz sizin dövrünüzdə parlayaraq, ortaya çıxdı, Azərbaycanın futbol ictimaiyyətinə tanındı. Hazırda da ən çox qol vuran futbolçular sırasında yer alıb. Ancaq bütün bunlara baxmayaraq, milli komanda səviyyəsinə yüksələ bilmədi. Bunun səbəbini nədə görürsünüz?
- Alay həm Masallı, həm də Azərbaycan futbolu üçün çox işlər görüb. Mən komandaya yeni gələndə o, artıq yerini möhkəmlətmişdi. Mən də başa saldım ki, burda hamı bir olmalıdır, amma sən lidersən və liderliyini saxla. O da çox ağıllı oğlan idi, sağ olsun sözümə qulaq asd, həqiqətən də komanda üçün çox işlər gördü. Niyə milli səviyyəsinə qalxa bilmədi, bilirsiniz o vaxtı bir tendensiya var idi ki, bir nəfərin arxasından tuturdular gedirdilər. Alayda da elə xasiyyət yox idi, kiməsə yaltaqlansın, ağız açsın. Həm də özü də milliyə can atmırdı. Üstəlik, qardaşları Rusiyada olduğundan bütün ailə onun üstündə idi. Həm də bilirsiniz, o vaxtı Bakı və rayon uşaqları arasında ayrı-seçkilik qoyulurdu. Çağırılmamağının da günahkarları o vaxtkı milli məşqçiləri idi. O vaxt onu “Şəmkir”ə də aparanda çoxu deyirdi ki, öz yerlisidir filan, amma Alay “Şəmkir”də özünü sübut etdi, mənim ümidlərimi də doğrultdu. Hətta biz Kazbek Tuayevin vaxtında Bakıda “Neftçi” ilə oynayırdıq, o vaxt adını çəkmək istəmədiyim futbol mütəxəssislərindən biri demişdi ki, bu qoca kişidir neyləyəcək, ancaq Alay 5 dəqiqə sonra “Neftçi”nin qapısına qol vurandan sonra həmin adam stadionu tərk edir. Özü də deyim ki, ona elə çox pul da vermirdik, hardasa 3-4 min dollar “padyomni” almışdı. Elə Alayın karyerasl ərzində ən çox aldığı pul da həmin pul olub. Çünki “Viləş”də elə mənim kimi qəpik-quruşa oynayırdı (gülür).
- “Viləş”lə bağlı bir məqama da aydınlıq gətirməyinizi istərdim. O, düzdür ki, İntertoto kuboku matçını oynamaq üçün İslandiyada olanda nahara kolbasa-çörək yeyib oyuna getmisiniz?
- Yox, elə olmayıb. İndi aydınlıq gətirərəm. O vaxtı bizim prezidentimiz Hacı Mazan idi. Özü də komandanı heç yerdən dəstək almadan öz pulu ilə saxlayırdı. Kolbasa-çörək söhbətinə gəlincə, bu, o demək deyil ki, pulumuz yox idi. Sadəcə, onların yeməklərini yeyə bilmirdik çünki hamısı tərəvəz, mənşəyi bilinməyən dəniz yeməkləri idi. Hacı Mazan da gördü ki, uşaqlar yeyə bilmirlər, çıxartdı pul verdi ki, onda özünüz gedin marketlərə heç olmasa kolbasa-çörək alın yeyin. Hətta özü ilə yeməyə gətirdiyi “ikra”ları da futbolçulara verdi.
- “Viləş”dən sonra “Şəmkir”ə keçidniz və orda da çempionluğa çox yaxın olsanız da futbolumuzdakı məlum qalmaqal buna imkan vermədi. Yəqin ki, çempionluğun əldən çıxmasına təəssüflənirsiniz?
- Əlbəttə niyə təəssüflənmirəm ki, çox təəssüflənirəm. Özü də ən yaxın rəqibimizdən 7 xal öndə idik.
- Bildiyimizə görə, ilk vaxtlar işləriniz heç də yaxşı getmirdi?
- Elədir. İlk vaxtlar futbolçular məni qəbul etmək istəmirdilər. Burada da başqa səbəblər var idi, çünki futbolçular Ağasəlim Mircavadovu geri qaytarmaq istəyirdilər. Ağasəlimi də Aslan müəllim çıxartmışdı. Bilirsiniz, onsuz mənim yerimə kim gəlsə, yenə eyni münasibətlə üzləşəcəkdi. Sadəcə, bəxtimdən həmin yeni məşqçi mən oldum. Bununla belə şadam ki, Aslan müəllimin başını aşağı eləmədim. Həmin vaxtı da “Şəmkir”də qızıl heyət var idi. Mehman Yunsuov, Mahmud Qurbanov, Xaliq Mərdanov, Azər Məmmədov, Aslan Kərimov, Vidadi Rzayev və s. Dediyim kimi, ilk vaxtlar məni qəbul etməsələr də, sonradan onlara qarşı münasibətimi gördülər və onların da mənə qarşı münasibəti dəyişdi. Yalnız Vidadi Rzayevlə aramızda ciddi problem oldu və onu da komandadan uzaqlaşdırdım. Düzdür, indi münasibətimiz çox yaxşıdır, heç onda da onluq bir şey yox idi, sadəcə hiss edirdim ki, kimlərsə onu öyrədir.
- O vaxtı belə söhbətlər də gəzirdi ki, o vaxtı komandanın kapitanı Mehman Yunusovla aranızda çox ciddi problemlər var idi, hətta Mehman heyətin qurulmasına, əvəzləmələrə də müdaxilə edirdi. Bunlar nə dərəcədə düzgün söhbətlər idi?
- Mehman çox yaxşı oğlandır, özü də hazırda məşqçi işləyir. Bəli, yeni getdiyim vaxtlarda digər futbolçular kimi, Mehman da məni qəbul etmirdi. O da az öncə dediyim kimi, Ağasəlim Mircavadovla bağlı idi. Hətta bəzi futbolçular özləri də mənə yaxınlaşıb demişdilər ki, müəllim qadan alım sən çıx get problem səninlə bağlı deyil başqa hansı komandada işləsən gəlib rəhbərliyin altında oynayarıq. Bura Ağasəlim gəlməlidir. Mehmanla aramızda heç bir problem yox idi. Onun özü ilədə o vaxt söhbət eləmişdim ki, yaxşı sən nə istəyirsən? O da demişdi ki,problem sənlik deyil, bura Ağasəlim gəlməlidir. Mən də dedim ki, indi Ağasəlim gəlmir də Aslan müəllim məni baş məşqçi təyin edib. Oynamayacaqsınız, hamınızı qovacaqlar. Sonra aldığınız pulu gətirib ödəyə biləcəksiniz? Mehman da ağıllı oğlan idi başa düşdü hər şeyi və sonradan da komandaya çox böyük köməyi oldu. Bilirsiniz, onlar da sonradan etdiklərini başa düşdülər. Təsəvvür edin,Mahmud Qurbanov gəlib deyirdi ki, Qəhrəman müəllim, mən artıq sizin üzünüzə baxmağa utanıram. Sən bizə bu qədər yaxşılıq edirsən, biz sənə pislik edirik.
- Yolunuz heç Anatoli Banişevski adına stadiondan düşür?
- Vay vay vay. Mənim dərdimi təzələmə də. Mən o vaxtı o stadionda ot da biçmişəm, sulamışam da, otbiçən maşın xarab olanda da mən düzəltmişəm. Baxmayaraq ki, baş məşqçi idim. Mən sizə deyim ki, indi Masallı stadionunun gözəl hasarı var. “Palmali”şirkəti alandan sonra yaxşı hasara alıblar, avtomatik açılıb bağlanan qapı-pəncərə. Amma içəri ayaq basanda adamın ürəyi ağrıyır. Seyranla Mövsüm hazırda orda uşaqlarla işləyirlər, amma şərait doğurdan çox ağırdır.
- Sonda. İnanırsınız ki, nə vaxtsa “Viləş” qayıdacaq və Azərbaycan futbolunda sözünü deyəcək?
- Nə isə inamım yoxdur.
Anar XANLAROV, 2013-cü il, yanvar, Antalya