
“Futbolçuların əzmkarlığı və oyun intizamı əsas məqam idi” - Rəşad Sadıqov
- 04 Mar 2025 21:10
- 38
“Zirə"nin baş məşqçisi Rəşad Sadıqov Misli Premyer Liqasının 25-ci turu çərçivəsində "Turan Tovuz"a qarşı keçirdikləri səfər oyunundan sonra fikirlərini bölüşüb.
Rekord.az xəbər verir ki, o, 2:0 hesabı ilə qalib gəldikləri matçdan sonra baş tutmuş mətbuat konfransında bunları söyləyib:
“Futbolçularıma təşəkkür edirəm. "Turan Tovuz" çox yaxşı komandadır, onlara qarşı oynamaq çətindir. Ağır oyun oldu. Olduqca vacib 3 xal qazandıq. Sıx qrafikdən keçirik. Bəlkə də ən çətin qrafik bizdədir. 4 gün sonra "Səbail"lə oyunumuz var. Tez bir zamanda həmin matça hazırlaşmalıyıq.
Futbolçuların əzmkarlığı və oyun intizamı əsas məqam idi. Burada oynamaq çox çətindir. Rəqib son 15 dəqiqədə önə atıldı. Onların uzun ötürmələrində səhvsiz oynadıq. Çempionatda heç kim bu sistemlə oynamır. Bir komandaya qarşı xüsusi hazırlaşmaq asan deyil. Futbolçularım əllərindən gələni etdilər”.
Sadıqov Salifu Sumaya "Fənərbaxça"dan təklif gəldiyi barədə xəbərlərə də münasibət bildirib:
“Bizə "Fənərbaxça"dan rəsmi təklif gəlməyib. Mən də səhifələri izləyirəm. Salifu barədə xəbərlər çoxdur. Amma bunların əksəriyyəti həqiqəti əks etdirmir. "Dinamo"dan (Kiyev) təklif almışdıq. Yaxın zamanda transfer gözlənilmir. Ən yaxşı halda yayda ola bilər. Onun agenti ilə Bakıda görüşmüşəm. O da Salifunun bizdəki çıxışından məmnundur. Hamısı işin içində olan məqamlardır. Vacib olan odur ki, futbolçu bu situasiyada özünü yaxşı idarə etsin, oyunlara yaxşı köklənsin”.