![photo](https://www.rekord.az/storage/uploads/4/tahir-16.jpg)
Futbolda" bazar" təfəkkürü YAZI
- 14 İyl 2023 19:00
- 541
Ölkə futbolunda yeni mövsümə hazırlıq çərçivəsində klublar son mərhələyə qədəm qoyur. Artıq avrokuboklarda son dəqiqə qolu ilə ilk qələbə də qazanılıb. Futbol ilinin öncəki mövsümlərdən fərqlənəcəyi birmənalıdır.
Tək Premyer Liqa nəzərə alınmamalıdır.
I, ll dəstə, əvəzedicilərin yarışının nəhayət ki, geri qaytarılması. Əgər söhbət böyük futboldan gedirsə, "uşaq futbolu" kimi gölgədə qalmış U-19 liqası da bura əlavə edilməlidir.
Beş liqaya səviyyəsinə uyğun yüzlərlə bacarıqlı futbolçu lazımdır. İnsrastruktur, büdcə, təşkilatı məsələlər, uşaq futbolundakı bərbad durum... Futbol sistemi çoxdan yadırğayıb, bu yükü cəm halında üzərinə götürməyə hazır deyil...
İstənilən halda, nə vaxtsa buna başlanmalı idi. Daha doğrusu, kabinet oyunlarından çıxıb geridönüş edilməli idi. Futbol strukturunda yeni vəzifəyə gələnlər, bu işə qol qoyanlar böyük yük altına giriblər və geri çəkilmək, uğursuzluğa düçar olmaq, futbolu dağıdanlara sərfəli olacaq. Buna yol verilməməlidir!
Futbol strukturu çoxdan yadırğayıb, bölgə futbolu, geniş, əhatəli yük əmsalı AFFA-da lövbər salanlara başağrıdır, o potensiala sahib olsaydılar, 15 ildə edərdilər... Ölkə futbolunda maliyyənin bum dövründə infrastruktur da qurulardı, liqalar da yaradılardı, bölgə, uşaq futbolu da inkişaf edərdi. Əksi baş verib, dağılıb, dağıdılıb!
AFFA-nın bütün layihələri fiaskoya uğrayıb, qeydiyata alınmış 200 mindən(!) artıq "futbolçu" arasından 200 keyfiyyətli futbolçu tapılmır. Əksər klublar "rekord"lar vurur, ən azı mövsümlük deyil, 3-5 aydan bir dəstə-dəstə legionerlər gətirilir, yola salınır, dəyişdirilir, yerli futbolçuların qiyməti qalxır. Bu, görünən tərəflərdir.
Futbol sistemində şəxsi məqsədlər üçün qurulan "hörümçək toru"nda çat verib artıq.
"Nobel"dən Parisə kimi uzanan əllər, havadarları təlaş içindədilər. Kənardan açıq sezilir... Federasiyada, klublarda vəzifə - yarpaq tökümlərinə start verilib...
Yerbəyerlər, yerdəyişmələr, xırdalı-böyüklü hər vəzifə uğrunda amansız savaş, postların qorunması, "komanda" üzvlərində qalması uğrunda daxili qarşıdurmalar baş verir. AFFA-nı, klubları, vəzifələri, milyonların itirilməsi qorxusu canlarına birə salıb...
Futbol qalıb bir tərəfdə, kabinet "davaları" günü-gündən qızışır... Seçki ili yaxınlaşdıqca açıq müstəviyə keçəcək... köhnələr yeni qüvvələr qarşısında çox təcrübəli və şəbəkə dəstəsinə malikdilər. Manevrlər edilir, mövqelər nisbətən laxladıqca,, B planına keçilir, hazırlıq görülür...
Seçkilərdə səs lazım olacaq... Yuxarıdan vahid namizəd olmaycaqsa, köhnə dəstə son variantda ən azı buna çalışır, konfransda səsvermə hüququ olan üzv/dolayısı üzvlərin tərkibi öz adamlarından olmalıdır. Onsuz da, böyük ölçüdə, bu gün də belədir. İşlərini daha da ehtiyatlı qurmağa çalışırlar...
Yeni qüvvələr birliyi təmin edə, deoloji, strateji sabaha hazırlıq görə bilməsələr, yuxarıdan ancaq əmr gözləsələr, vəzifə, səlahiyyət imkanları geniş olsa da, sonda məğlub olmaq ehtimalı yüksələcək. İlk mərhələdə isə, yenilər köhnələr tərəfindən yaşıl meydanlarda məğlub edilməlidilər.
Ümumi futbolu düşünən çox az insan var. AFFA qarışıq, dövlətin klublara ayırdığı yüz minlər, milyonlar uğrunda döyüşlər gedir. Havadarlar nə yolla olur olsun, öz adamlarını klublara yerləşdirməyə çalışırlar, Premyer Liqa öz yerində, artıq aşağı dəstə klublarına da keçilib...
Futbolda" bazar" təfəkkürü davam edir...