Futbolda ermənilər üzərindəki qələbələrimiz VİDEO
- 14 İyl 2020 17:00
- 846
Azərbaycanlı idmançılar hər zaman erməni rəqibləri üzərində vacib qələbələri ilə öyünüb.
Rekord.az bu qəbildən olan 10 vacib qələbəni diqqətə çatdırır.
1. Futbolda heç vaxt ermənilərə məğlub olmamışıq. Bu uğurların təməli isə 2005-ci ildə Rusiyanın paytaxtı Moskvada keçirilən “Birlik Kuboku” yarışında qoyulub. “Neftçi” Ermənistan çempionu “Pünik”lə qarşılaşır və prinspial görüşdə 2:0 hesabı ilə qələbə qazanır. Oyundan sonra komandalar hotelin lifti önündə əlbəyaxa davaya çıxır. Bir il sonra isə məhz bu turnirdə yenə “Pünik” həmin “Neftçi” ilə görüşə çıxmaqdan imtina edir. Çünki ilk matça görə Ermənistanda Yerevan klubu kəskin tənqidlə qarşılaşmışdı.
2. Hazırda MMA məşqçisi kimi işləyən Şəhriyar Abbasov 2010-cu ildə rinqdə erməni İşxan Zaxaryanla qarşılaşır. Ukraynanın paytaxtı Kiyevdə keçirilən görüşü məşhur Jan-Klod Van Damm da izləyir. Şəhriyar rəqibini ikinci raundda ağrıdıcı fəndlə təslim olmağa məcbur edir. Bundan sonra Zaxaryan MMA karyerasında bir daha döyüşə çıxmır və onun karyerasında son məğlubiyyəti azərbaycanlı idmançıdan olur.
3. 2005-ci ildə İsraildə 17, 2006-cı ildə Kiprdə 19 yaşadək futbol üzrə milli komandamız Ermənistanın müvafiq millilərini 3:0 və 2:1 hesabı ilə məğlub edir. UEFA tərəfindən qadağaya qədər isə sonuncu görüşümüzdə erməniləri darmadağın edirik. Belə ki, 2011-ci ildə Sankt-Peterburqda klublar arasında keçirilən sonuncu “Birlik Kuboku” turnirində Bakı “İnter”i (indiki “Keşlə”) Ermənistanın digər klubu “Mika” ilə qarşılaşır və rəqibini darmadağın edir – 4:0. “İnter” həmin turnirin kubokunu muzeyinə götürür. Bununla da, “İnter” bu turniri qazanan üçüncü Azərbaycan klubu olur.
4. Rəsul Çunayev 2014-cü ildə Özbəkistanın paytaxtı Daşkənddə keçirilən güləş üzrə dünya çempionatında bürünc medal qazanmaq üçün Ermənistan təmsilçisi Varşam Boranyanla qarşılaşır. Hamı gərgin qarşılaşmanın keçəcəyini gözləyir. Lakin belə olmur. İdmançımız 23 saniyəyə rəqibini 11:0 məğlub edərək vaxtından əvvəl qələbə qazanır. Üstəlik, Çunayev erməni azarkeşlərinin gözü önündə əsgər yerişi edir və bunu sonradan Qarabağda ölən şəhidlərin ruhuna ithaf etdiyini bildirir.
5. Hacı Əliyev 2016-cı ildə Latviyanın paytaxtı Riqada keçirilən Avropa çempionatında Volodya Franqulyanla qarşılaşır. Bir il əvvəl Bakıdakı I Avropa Oyunlarında Hacının 7:0 qalib gəldiyi bu rəqibi yenə eyni hesabla uduzur. Güləşçimiz bu qələbə ilə Avropa üçüncüsü olur.
6. Digər sərbəst güləşçimiz Cəbrayıl Həsənov 2016-cı ildə Serbiyanın Zrenyanin şəhərində keçirilən Rio Olimpiadasına vəsiqə üçün Avropa təsnifat turnirinin yarımfinalında Suren Xaçatryanla qarşılaşır. Qalib gələn idmançı finala çıxmaqla bərabər, Braziliyadakı Olimpiadaya vəsiqə qazanacaqdı. Cəbrayıl Sureni döşəyə çıxmağa peşman edir və 51 saniyəyə rəqibinini 10:0 hesabı ilə udur. Qarşılaşma hesaba görə vaxtından erkən başa çatdırılır.
7. 2018-ci ildə Ukraynanın paytaxtı Kiyevdə keçirilən beynəlxalq turnirin yarımfinalında yunan-Roma güləşçimiz İslam Abbasov yarımfinalda dünya çempionu Maksim Manukyanla qarşılaşır. Qarşılaşmanın əvvəlində rəqibinə 1:6 hesabı ilə uduzsa da, İslam son dəqiqələrdə ardıcıl səkkiz xal qazanır və görüşü 9:6 hesablı qələbə ilə başa vuraraq, finala çıxır. Maraqlıdır ki, daha sonra iki dəfə Manukyan İslamdan qisasını ala bilmir. Ötən il Rumıniyanın paytaxtı Buxarestdəki Avropa çempionatında 1:6, bu ilin yanvarında isə Fransanın Nitsa şəhərindəki Qran-Pridə 1:4 hesabı ilə uduzur. Həmçinin ötən il Gürcüstanın paytaxtı Tbilisidə keçirilən beynəlxalq turnirin yarımfinalında Rafiq Hüseynov Manukyanı 9:1 hesabı ilə darmadağın edib.
8. Hazırda daha çox MMA ilə məşğul olan samboçumuz Bəxtiyar Abbasov 2018-ci ildə Rumıniyanın paytaxtı Buxarestdə keçirilən dünya çempionatında erməni rəqibinə fora ilə qalib gəlir. O, 1/8 finalda Ermənistan idmançısı Davit Petrosyanla qarşılaşır. Daha əvvəl Moskvadakı Dünya Kubokunda Ermənistan himninə qulaq asmamaq üçün çöməlməsi ilə yadda qalmış Abbasov tatamiyə bir dəqiqədən gec gəldiyi üçün görüşə 0:3 hesabı ilə geridə başlayır. Lakin tanınmış idmançımız ardıcıl rəqibindən 11 xal alır və görüşün bitməsinə 3 dəqiqə 42 saniyə qalmış vaxtından erkən qələbə qazanır – 11:3.
9. Futbolda UEFA-nın məlum qadağasına görə ermənilərlə qarşılaşmaq imkanımız olmur. Bununla belə, erməni təxribatı bu idman növündə də qarşımıza çıxır. “Spartak” ləqəbli Artur Zakaryan adlı Avropada yaşayan erməni azarkeş Londonda keçirilən Avropa Liqasının “Arsenal” – “Qarabağ” matçında meydana daxil olur. O, əlində qondarma Dağlıq Qarabağın bayrağı və terrorçu Monte Melkonyanın şəkli olan köynəklə meydana çıxır. Artıq futbolçu karyerasını başa vurmuş “Qarabağ”ın kapitanı Rəşad Sadıqov onu ilk cəzalandıran futbolçu olur. Həmçinin komandanın baş məşqçisi Qurban Qurbanov da təxribatçıya yüngülcə təpik vurur. Məhz bu iki cəzalandırmaya görə həmin faktı da siyahımıza daxil etmişik.
Yeri gəlmişkən, ötən il də bu azarkeş Lüksemburqda “Düdelanj” – “Qarabağ” oyunu zamanı stadionun üzərində qondarma bayraq asılmış dron uçurdur. Buna görə matçda uzun müddət fasilə yaranır və dayandırılır.
10. Erməni idmançılar üzərində qələbələrimiz böyüklərin yarışları ilə kifayətlənmir. Ötən il Rusiyanın Anapa şəhərində keçirilən kikboksinq üzrə Dünya Kubokunda yeniyetmə idmançımız Amin Quliyev erməni rəqibi ilə qarşılaşır. Eduard Məmmədovun tələbəsi olan, yeniyetmələr arasında yeganə dünya və Avropa çempionumuz, “Ağ Canavar” ləqəbli Amin Quliyev Yuri Dövlətbekyana tatamidə heç bir şans vermir və 3:0 hesabı ilə onu məğlub edir. Amin sonradan həmin turnirin qalibi olur. (sportinfo.az)