Müstəqil futbol tariximiz elə də qədim deyil. Amma bu illər ərzində öz səxavətindən keçib futbolumuza yatırım qoyan adlar az olmayıb. Vidadi Əhmədovdan başlayıb, Hafiz Məmmədov və Mübariz Mənsimova kimi çox adlar saymaq olar. Amma son illər futbolumuzda bu adlara rast gəlmirik. Hazırda müstəqil olan və klublara öz xəzinəsindən pullar ayıran səxavətli rəhbər tapmaq müşkülə çevrilib. Görəsən, səbəb nədir? İndi futbolumuza pul yatırmaq istəyən Vidadi Əhmədov, Rasim Rəfiyev, Şahbaz Süleymanov, Nazim Abdullayev, Hafiz Məmmədov, Mübariz Mənsimov və.s adlar kimi səxavətli klub rəhbərləri yoxdur, yoxsa səbəblər başqadır? Bu suallara cavab tapmaq üçün üz tutduq idman mediasındakı həmkarlarımıza.

 

Anar Xanlarov (Rekord.az) : "Belə fikir formalaşıb ki, Azərbaycanda iş adamları, imkanlı şəxslər futbola yaxın gəlmir. Boş şeydir. Bu illuziyanı AFFA yaradıb. Guya futbola bunlardan başqa canı yanan yoxdur və AFFA olmasa Azərbaycanda nə futbol olar, nə də klub. Hamısı məqsədli, məkrli oyunun tərkib hissəsidir. Necə olur ki, müharibə dövründə, ağır, pulsuz illərdə komanda saxlayan, futbola pul qoyan şəxslər var idi indi yoxdur? Gülməli görünür. AFFA və AFFA-ya yaxın çevrə deyir ki, elə şəxslər yoxdur, olsa çıxar ortaya. İmkan vermirsiniz axı. AFFA rəhbərliyinin, onun icraçı vitse-prezident baş katibi Elxan Məmmədovun tək siyasəti var: futbolda monopolya yaratmaq və dövlətin futbola ayırdığı milyonları mənimsəmək. Əvvəlki AFFA rəhbərliyinin dövründə indiki pul olmayıb. Amma azad mühit, müstəqil klublar, iş adamları olub. Hər il mütləq aşağıdan yuxarı komanda gəlirdi. Rəhmətlik Fuad Musayevin də dövründə belə olub, Ramiz Mİrzəyevin də. Fuad Musayevə diktator deyirdilər. Amma futbolda əsl diktaturanı hazırkı AFFA rəhbərliyi qurub. Ramiz Mİrzəyevə deyirdilər ki, futbol adamı deyil. Guya Rövnəq Abdullayev futbol adamıdı? Ramiz Mİrzəyev futbol adamı olmasa da gəldi futbolda canlanma yaratdı, nə qədər yeni klublar yarandı. Bəziləri deyir ki, dövlətin tapşırığı idi, nə bilim hərəyə məcbur tapşırmışdılar ki, komanda saxlasın. Ağ yalandı. Mübariz Mənsimov Türkiyə vətəndaşıdır. Ona məcbur eləmək olardı ki, gəl, komanda saxla? İddialıları qoyuram qırağa. İLqar Nuriyev var idi. "Gənclərbirliyi" gözümün qabağında olub, özüm də o komandada oynamışam. Ona dövlət məcbur eləmişdi ki, komanda saxla? Bu anormal fikirləri indiki AFFA-a rəhbərliyi yaradıb. Yaxşı deyək ki, məcburi idi. Eyni plandan birini də siz hazırlayın da. 4 ildir II dövlət proqramını qəbul elətdirə bilmirsiniz. Bunların planı o idi ki, futbolu, klubları tamamilə öz monopolyalarına alsınlar və sonra II dövlət proqramını qəbul elətdirib ayrılan bütün vəsaiti öz əllərində cəmləşdirsinlər. Lakin hökumət ilk proqramın icrası zamanı bunların səriştəsizliyinizi gördüyü üçün güvənmir. Bu gün futbola pul qoymaq istəyən, klub saxlamaq istəyən kifayət qədər şəxs var. Sadəcə, AFFA onları futbola buraxmır və buraxmayacaq da. Ya bunların adamı olmalısan, ya da bunlar deyəni etməlisən. "Simurq"a sponsorluq etmək istəyən adam var idi, niyə vermədilər? Adam deyirdi ki, komandanı dağıtmayın, mən baxacam. Sadəcə, AFFA elə şərt qoydu ki, özünə hörmət eliyən şəxs o şərtlərlə komanda saxlamaz. Eyni şərt "Turan"ı götürmək istəyənlərin qarşısında da qoyulub. Bu yaxınlarda sabiq "Kəpəz" rəsmisi Nofəl Əzizovun müsahibəsini oxudum. Deyir kim deyir ki, "Kəpəz"ə sahib çıxan yoxdur, sadəcə, "Kəpəz"i verən yoxdur. Düz deyir. Eşitdiyimə görə Rusiyada biznesi olan bir neçə gəncəli "Kəpəz"i götürmək istəyib. Lakin AFFA verməyib? Niyə, məqsəd nədi? Bunlar deyir ki, sən pul burax, amma bizimlə məsləhətləş, biz deyənlə otur-dur, müşahidə şurası yarat, orda mütləq AFFA-nın nümayəndəsi olsun və s. Özünə hörmət eliyən hansı iş adamı bu şərtlər altında komanda götürər?".

Sənan Abdullayev (Xəzər TV): "2004-cü ildən, yəni böyük pulların axın etdiyi dönəmdən bu yana şəxsən mənə görə kimsə futbola öz pulunu yatırmayıb. Hətta bir az irəli gedərək Mübariz Mənsimovu da bura qatıram. Çünki bu ölkədə pullular həmişə neftə bağlı olub, elə indi də elədi. Biri çıxarıb, o biri emal edib, digəri daşıyıb və s. Sonra da dalaşıb küsüşüblər və hərə öz topunu götürüb evinə gedib. "Turan"ın sabiq prezidenti Musa Süleymanovun bir cümləsi indiyədək yadımdadı: "Krantın birini də mənə verməsələr, daha pul ayırmayacam". Belələrinə görə olan da bizim kimi oynamaq arzusu tükənməz, amma heç nəyi olmayanlara olub. O ayrı məsələdir ki, heç bunu da etməyə bilərdilər. Bunun içində cüzi də olsa futbol həvəsi axtarmaq olar. Amma qohum-əqrabanın yeyib-içmək, sahiblərin isə onları doyuzdurmaq dərdi arada o həvəsi də həzm etdirdi. Bu adamların sıradan çıxacağını, gec-tez məhv olacağını görmək çətin deyildi. Onlar səxavətli idilər, amma yaxın qohum hər zaman peşəkarlardan öndə durdu. Neft baha, dollar manatdan ucuz olduğundan hər yırtığı pulla örtürdülər. Amma zamanla o dəliklər o qədər böyüdü ki, real işə ehtiyac oldu. Onu da heç kim bacarmadı. Azərbaycanda o adamların, o klubların davam etməsi üçün həm də futboldan da gəlir lazım idi. Dövlət proqramı düzgün icra olunmalı, futbolçu, azarkeş ordusu yaranmalı idi. Amma əksinə edildi. Elə bir şərait yaradıldı ki, hamı bir-birinə oyun yox, güc göstərməyə başladı. Futbol da biznes yox, sosial layihə kimi qaldı. Bu sosial layihədən isə indiyədək gəlir qazananlar var və onlar həmin adamların geri qayıtmasına imkan verməzlər. O ki qaldı Vidadi Əhmədov, Rasim Rəfiyev, Şahbaz Süleymanov kimi insanlara onlar sadəcə futbol aşiqləri idilər. Ətrafındakıların danışıqlarından da anlamaq olur ki, sadəcə qarşılıqsız sevgi idi. Bu isə onsuz da gec-tez hüsran gətirir. İndi loru desəm hər qəpik önəm kəsb edir. Futbolumuzu isə dərədi. Nəinki pulla, heç torpaqla da doldurub hamar eləmək olmaz".

Rəşad Ergün (Komanda.az): "Son 10-15 ildə Mənsimovdan başqa futbola pul yatıran müstəqil iş adamı olubmu? Bəlkə Cahangir Hacıyev cibinin pulunu futbola qoymuşdu? Ya hörmətli "Hafka" şəxsi vəsaitini xərcləyirdi? Sadəcə, illər əvvəl devalivasiya oldu, bu adamların bəziləri dövlətin, dolayısı ilə xalqın pullarını talan etməkdə ittiham olunaraq həbs olundu, bəzilərinin bəxti gətirdi, sadəcə var-dövləti əlindən alındı. Mənsimovun məsələsi də siyasidir, futbola dəxli yoxdur. Niyə "vuruldu", çoxu bilir. Ölkədə sistem dəyişməsə, futbola sərmayə qoyacaq iş adamları gözləmək illüziyadır. Niyə qoysunlar? Axırda həbs olunmaq, müflis olmaq üçün?".

Əli Sahib (Fanat.az): "Bu suala konkret cavab vermək mümkün deyil. Müxtəlif versiyalar səslənə bilər. Təbii ki, bu da subyektiv fikirlər olacaq. Məncə, o dövrlə indiki dövr fərqlidi. Futbola yatırım edənlər əsasən biznesmenlərdi. İş adamlarının futbola marağını artırmaq üçün dövlət müəyyən addımlar atmalı, güzəştlər edilməlidi. Yəni, mükəmməl bir proqram hazirlanmalıdı. Bu proqramın da icrasına nəzarət ciddi olmalıdı. Elxan Məmmədov kimilərə belə məsulliyyətli işlər həvalə olunmamalıdı. Yəqin ki, gələcəkdə bu addımlar atılacaq, futbolumuz Məmmədovun bataqlığından, monopoliyasından gün üzünə çıxacaq".

Amal Abışov (Sport7.az): "Məncə, əsas məqam futbolun biznes sahəsi kimi cəlbedici olmamasıdı. Artıq əvvəlki futbol romantikləri yoxdu. Futbola yatırım qoyan iş adamlarına hansısa güzəştlər də edilmir. Buna görə belə vəziyyət yaranıb. Heç AFFA-nın özü də futbola "kənardan" kiminsə gəlməsində maraqlı deyil".

Tahir Hümmətov (Apasport.az): "Azərbaycan futbolunun hazırkı durumu ürəkaçan deyil. Təbii ki, bunun da bir neçə mühüm səbəbi var. Əgər əvvəllər komandalarımıza kifayət qədər iş adamları maraq göstərirdisə, bu gün belə deyil. Bunda da meydandakı nəticələr böyük rol oynayır. Bu işin kommersiya tərəfini də xüsusi qeyd etmək lazımdır. Çünki Azərbaycan futboluna pul yatıran iş adamları qoyduqları vəsaitin cüzi faizini belə qaytara bilmirlər. Etiraf edək ki, futbolumuz marketinq cəhətdən Avropa standartlarına uyğun deyil. Nə biletdən, nə teleyayımdan, nə də futbolçu transferindən qazanc götürülür. Halbuki xarici klubların büdcələri məhz marketinq gəlirləri ilə formalaşır. Düzdür, 2005-2015-ci illər Azərbaycan hökumətinin Dövlət Proqramı sayəsində futbolumuzda bir qədər canlanma yarandı. Lakin nə pullar düzgün istiqamətdə xərcləndi, nə uşaq futboluna diqqət ayrıldı, nə futbolumuzun inkişafı yönündə peşəkar səviyyədə hər hansı bir iş görüldü. Bir dönəm futbolumuza maraq göstərən biznesmenlər çıxsa da, AFFA-nın qoyduğu ağır şərtlər onları fikrindən daşındırdı. Gəldiyimiz nöqtə göz qarşısındadır. Klubların sayı get-gedə azalır, səviyyə aşağı düşür. Belə demək mümkündürsə, Bakı birinciliyini izləyirik. Vaxtilə futbolumuzun qaymaqlarının çıxdığı Tovuz, Gəncə, Şəmkir kimi bölgələrə diqqətsizlik illərdir davam edir. AFFA Premyer Liqada bir neçə klubu maliyyələşdirməkdənsə, ən azı həmin bölgələrdə uşaq futboluna vəsait ayırmaqla, yaxşı futbolçuların üzə çıxmasına şərait yarada bilərdi. Amma assosiasiya sabahla deyil, bu günlə yaşayır. Bu da futbol adamlarını, azarkeşlərini küsdürür. Hazırkı sistem dəyişdirilməsə, futbolumuz quyunun ən dərinliklərinə qədər yuvarlanacaq". (sportinfo.az)