Futboldan anlayışı olmayanların elə aylıq maaş-"paketləri"... YAZI
- 26 Fev 2020 12:00
- 1457
Futbol tariximizdə iz qoymuş usta hücumçuların sayı o qədər də çox deyil. Onlardan biri Səmədağa Şıxlarovdur. Zədələrini böyük futbolda alıb, sağlamlığını itirib. Dəfələrlə əməliyyat olunmasına baxmayaraq, yenidən həkim müdaxiləsinə ehtiyac duyulub...
Səmədağa Şıxlarov bir çoxları kimi bölgə futbolunun yetirməsidir. Neftçala-Salyan kəndlərinin birində dünyaya göz açaraq Şirvanda (keçmiş Əli-Bayramlı) futbolun sirlərini öyrənib. "Energetik"ın heyətində özünü göstərərək 70-ci illərdə "Neftçi"yə cəlb edilib...
Karyerası ərzində Sumqayıt, Gəncə futboluna da kömək edib, SKA Kiyevdə də top qovub. Çexoslovakiyaya qədər gedib çıxıb, olimpiya yığmasında da oynayıb. Ən önəmli çıxışları isə, təbii ki, "Neftçi"də olub. SSRİ çempionatlarında vurduğu qollar azarkeşlərin yaddaşında əbədi həkk olunub...
Nəhəng SSRİ yığmasının vazkeçilməz simaları Romantsev, Dasayev, Çerenkov, Qavrilov, Rodionov kimi ustaların çıxış etdiyi "Spartak" məğlub yola salınıb. Səmədağa Şıxlarovun qolları ilə "Neftçi" son dəqiqələrə kimi əzmkar oyun göstərərək rəqibi diz çökdürüb...
Bu gün Səmədağa Şıxlarovun səhhətində ciddi problemləri var. Ölkə futbolu və idmanına rəhbərlik edənlərin biganəliyi ilə üzləşməməlidir. Diqqət, qayğı göstərmək onların birbaşa və mənəvi borcudur...
Artıq AFFA münasibət bildirib. Vəsait ödənilsə də, əməliyyat olunsa da, köçürmə gec də olsa həyata keçiriləcək və veteran futbolçu üçün min əziyyətlə, qohum, dostların gücü ilə toplanmış pul geri qaytarılacaq. Əgər veteran futbolçu qəbul edərsə...
Hər bir iş vaxtında görüləndə hörmətli olur...
Rəsmiyyət bir tərəfə, futbol vəzifələrində olanların 6-7 min manatın təşkil edilməsi su içmək kimi bir işdir. Hər birinin buna artıqlaması ilə imkanı var. Ən əsası da, o pulların bir qismini futbolda heç bir əməkləri olmaya-olmaya qazanıblar...
Federasiyada bir çox departamentlərə pərçim edilən və futboldan anlayışı olmayanların elə aylıq maaş-"paketləri" yuxarı-aşağı bu qədərdir. 6-7 min nə böyük vəsait oldu ki, ehtiyacı olan, ölkə futbolunda əməyi keçmiş Səmədağa Şıxlarovun əməliyyatı üçün vaxtında nizamlanmadı...?!
AFFA öz yerində... Bəs "Neftçi"də uzun illər çıxış etmiş, şərəfini layiqincə qorumuş veteran futbolçuya niyə belə biganəlik göstərilir?! Bəlli əməliyyat məbləği, futbolçular bir kənara, klubda rəhbər heyətin 1-2 nəfərinin aylığının heç 50%-i etmir...
Səmədağa Şıxlarovla çiyin-çiyinə oynamış neçə-neçə futbol veteranı bu gün vəzifələrdədir, imkanları da yetərincədir. Hələ bəziləri hörmətlə çağırılan Syomanın "zamenşik"ləri də olublar, kənardan oyunlarını izləyib növbələrini gözləyiblər... Mütləq yuxarıdan göstəriş olmalıdır...?!
Axı Səmədağa Şıxlarova kefindən tur-paket lazım deyil, çox ciddi sağlamlıq problemi var... Heç kim bu dünyada qalmayacaq... Əməllər, yaxşılıqlar yaşayacaq... Ola bilər, nə vaxtsa kimlərsə dəstək verib, indi daha çox qayğıya ehtiyac duyulur...
Klublar, futbolda iş başında olan digər rəhbər, məşqçi, futbolçular da bu məsələyə həssas yanaşa bilərdı. 6-7 min manat bu gün essyenlərin, ehtiyatda oturan legionerlərin aldıqlarının heç 1%-i deyil. Kimliyindən asılı olmayaraq hər bir şəxs belə durumla üzləşə bilər...
İnsan mütləq baş əyməlidir, "qılınc altından" keçməlidir, yalvarmalıdır? Bakıya dəvət edilən dasayevlərin yol xərci, otel, yeyib-içməklərinə böyük pullar xərclənilir, fəxrlə fotosesiyalar təşkil edilir. Meydanlarda at oynatdıqları vaxtlarda qapılarına qolları şıxlarovlar vurub...
Söhbət tək Səmədağa müəllimdən getmir, ölkə futbolunda önəmli xidmətləri olmuş digərləri olsun, fərq etməz. Heç kim bilmir sabahı necə olacaq. İstənilən şəxs belə halla üzləşə bilər... Onsuz da borc-xərc, əməliyyat keçirilib...
İctimai rezonansdan sonra "ofsayddan" qol vurulur. İctimai VAR nəzarəti baş hakimin qərarını səmimi saymır. Mənəvi və faktiki yanlışlıqlar var. "Bizimlə bir deyilsənsə-düşmənsən" prinsipinə birdəfəlik son qoyulmalıdır...
Azərbaycan futbolu kimlərinsə şəxsi mülkü, şirkəti, biznes sahəsi deyil, futbola, futbolda əməyi keçənlərə həssaslıqla yanaşılmalıdır. Mütləq "tozanaq" qoparılandan sonra münasibət göstərilməməlidir...
Cəzasızlıq, özbaşınalıq, əhlikeflik, biganəlik, məğlubiyyət psixologiyası futbolun iliyinə kimi yeridilib. Başlar 32 baş məşqçinin "təhlillərinə" qarışıb. Əcnəbi sevgisi fonunda ata-babalarımızdan miras qalmış ehtiyacı olanlara əl tutmaq dəyərlərinə qiymət verilməlidir...
Futbolçuluğu, məşqçiliyi öz yerində, mədəni dillə desək, mənəviyyatsızlıq zirvəsinin pik nöqtəsində dayanan Rayan Giqqzlə şəkil çəkdirməkdən başlar ayılmır. Səmədağa Şıxlarov kimi neçə-neçə şəhər, rayon, kəndlərimizdəki istedadların isə gözləri yollarda qalıb...
Yüzlərlə milliləşdirilən əcnəbilərin, lippertlərin illərdi kef çəkdiyi Bakıda məşhur hücumçumuza göstərilən münasibət yolverilməzdir. Tanrı bu dünyada heç kimi heç kəsə möhtac edib sağlamlığı ilə sınağa çəkməsin!