Futbolu sizə tapşırsalar, nə işlər görə bilərsiz? SORĞU
- 27 Noy 2019 14:00
- 1349
AFFA-nın baş katibi Elxan Məmmədov bugünlərdə radiolardan birinin qonağı oldu və belə demək mümkünsə, ictimaiyyətə meydan oxudu, futbol adamlarını və medianı günahkar çıxarmağa cəhd göstərdi. Məmmədov istefa vermək niyyətində olmadığını bildirdi: "Rəhbərlik buna qərar versə, düşünsələr ki, mən gedəndən sonra milli komanda Avropa və dünya çempionatına vəsiqə qazanacaq, şəxsən özüm gedərəm. Səbəb budursa, mən gedərəm. Gülməli sözlərdir. AFFA rəhbərliyi bəzi insanları qane etmir. Çünki onların çirkin əməllərinə qarşıyıq. Ona görə də onlar belə kampaniyaya başlayırlar. Komanda uduzan kimi bu söhbətlər başlayır. Bunu son 2-3 ildə çox görürük".
Burada diqqətçəkən nüanslar çoxdur. Xüsusən də "mən gedəndən sonra milli Avropa və dünya çempionatına vəsiqə qazanacaq, şəxsən özüm gedərəm" ifadəsi. Doğrudanmı, futbolun başında dayanması lazım olan yeganə kadr odur?
Və yaxud bir qeyrisi bu işlərin öhdəsindən gələ bilməz? Görəsən, səlahiyyətlər "X" bir şəxsə verilsə, millimiz və dünya və Avropa çempionatlarına vəsiqə qazanarmı?
Rekord.az xəbər verir ki sportinfo.az saytı bu suallarla bir neçə futbol adamına müraciət etdik.
Hamlet İsaxanlı - AFFA İcraiyyə Komitəsinin keçmiş üzvü
“Belə bir məsuliyyəti üzərimə götürə bilmərəm, çünki məşqçi deyiləm. Amma təşkilati baxımından bacardığımı edərəm. Yaxşı, güclü məşqçilər, psixoloqlar, savadlı həkimləri dəvət etmək, onlarla ciddi bir iş görmək baxımından, hə. Belə formada məsələni daha yaxşı, uğur istiqamətinə aparmaq mümkündür. Lakin bir məsələ var, mən oldum və ya qeyri biri, Azərbaycanda uşaq futbolu kütləvi formada olmayınca uğur əldə etmək qeyri-mümkündür. Uşaq futbolunun sistemli inkişafı olmasa, güclü futbol, güclü milli komanda yaratmaq mümkün deyil. Mənə elə gəlir ki, əsas güc uşaq futboluna verilməlidir. Xüsusən bölgələrdə daimi yarışlar keçirilməli, istedadlı uşaqlar üzə çıxarılmalıdır. Ölkədə futbol həyatı qaynamalıdır. Tam kütləvilik təmin edilsə, rayonların, şəhərlərin iş adamları az da olsa, maraq göstərər, bəzi kiçik məsuliyyətin altına girər və futbolun inkişafına təkan verər. Hər iş adamı bir rayonun komandasına köməklik göstərsə, çox iş görmək olar. Bu minvalla çoxlu sayda istedalı uşağı tapıb üzə çıxarmaq, yetişdirmək mümkündür. Nə qədər çox istedadlı uşaq üzə çıxsa, iş adamları da komanda yaratmaq, dəstək vermək həvəsinə düşər. Başqa cür mözüə edə bilmərik, mütləq uşaq futboluna ciddi diqqət göstərilməlidir”.
Şahid Diniyev - AFFA Məşqçilər Komitəsinin üzvü
“Pafosla danışmayaq, reallığı deyim ki, xeyr, bu gün başda özüm olmaqla heç bir məşqçi Azərbaycan millisini dünya və Avropa çempionatlarının final mərhələsinə çıxaracaq gücdə deyil. Kimsə edə biləcəyini deyərsə, bunu sadəcə, dəlilik adlandıraram. Dünya miqyaslı yarışların əsas mərhələsində iştirak etmək üçün əvvəldən “filan qədər zamana bu işi görə bilərəm” demək absurd bir şeydir. Şəxsən mənim fikrimdir, o zaman təminat vermək olar ki, əməli işə başlansın, bünövrə qoyulsun. Sistematik şəkildə iş başlmamış kimsə bu məsuliyyətin altına girə biləcəyini düşünməsin. Hər bir məsələnin kökündə insan amili rol oynayır. Lap aşağı yaş qruplarından başlamaq lazımdır. İşə uşaq futbolundan start verəndən sonra zaman anlayışından danışmaq olar. İş getmirsə, futbola baxışımız dəyişmirsə, verilən vaxtın heç bir əhəmiyyəti də yoxdur. Futbolda bir problem olursa, onu düzəltmək çox asandır. 1-2, maksimum 3 problem böyük komandalarda olur - hansısa psixoloji və ya taktiki-texniki mənada. Ancaq bizdə o qədər problem var ki, hamısı da bir-birinə zəncirvari bağlıdır. Uşaq futbolumuz yaxşıdır, klublarımız pis, yaxud klublarımız yaxşıdır, millimiz pis - bu, mümkün deyil, problem sistem şəklindədir. Ən əsası lap əvvəldən – uşaq futbolundan başlamalıyıq. 30 yaşa qədər olan futbolçu nəslini “itirmişik”. 13-14 yaşlı uşaqları qazanmalıyıq, oradan başlamaq lazımdır. Başqa çıxış yolu görmürəm, bəlkə səhv düşünürəm. Dediyim Allah kəlamı da deyil. Misal gətirim, bir evi tikmək üçün işə başlayıb təməlini atmalısan, ondan sonra deyə bilərsən ki, mən bu evi ilyarıma təhvil verəcəm. Ortada düzgün iş başlanmayıbsa, yalandan müddət qoymağın nə mənası var?”
Ağasəlim Mircavadov - AFFA Məşqçilər Komitəsinin üzvü
“Bilirsiz, sual normal sualdır, amma...Özünüz Azərbaycanda yaşayırsız, futbolu da maşallah, yaxşı bilirsiz. Belə mümkün deyil. Uşaq futbolundan başlamaq lazımdır. Çox qəribədir ki, hər şeyi yaddan çıxardırsız, yığma uduzanda söyürsüz. Mən də razı deyiləm millinin nəticəsindən. Amma bir məsələyə toxunmursuz ki, millidə oynayan bu uşaqlar haradan gəlir, niyə zəifdirlər? Mənə səlahiyyət verildi-verilmədi,bir azərbaycanlı, ömrünün 55 ilini Azərbaycan futboluna həsr edən, uğur qazanan, uğursuzluq da yaşayan bir insan kimi mən istəyirəm ki, futbolumuz qabağa getsin. Bizim vaxtımızda vəziyyət tam başqa idi. İndi işləmək həddindən artıq asandır. Lakin oxumaq, savadlanmaq lazımdır. Eyni zamanda uşaqların vəziyyəti ilə ilk öncə klublar maraqlanmalıdır. Əfsuslar olsun ki, bizdə belə deyil. Əksinə, eşitdiyimə görə, klubların baş məşqçiləri İcraiyyə Komitəsinin qarşıdakı iclasında Premyer liqada hər oyun meydana ən azı 21 yaşadək bir futbolçunun çıxması məsələsini ləğv etdirəcək. Bu uşaqlar az-çox oynayırlar, sistem ləğv olunsa, nə edəcəklər bəs? Bizim əsas dərdimiz uşaq futboludur. Klublarımızda uşaqlar yetişmir, üzdə olan gəncləri xarici klublara dəvət etmirlər. Bu problemin həllini tez bir zamanda tapsaq və klubların sayını artıra bilsək, inanın, qalan məsələ asan olacaq”.
Yaşar Sultanov - “Turan”ın keçmiş vitse-prezidenti“
Fikrimcə, qəflətən heç kəs bu məsuliyyətin altına girə bilməz. Ölkənin futbol təsərrüfatı yenidən qurulmalıdır. Azərbaycan milli komandasının dünya və Avropa çempionatlarının final mərhələlərinə çıxması üçün ölkədə heç bir zəmin, şərait yoxdur və gələcək də perspektiv, inam vəd etmir. Fikir verin, Premyer Liqada cəmi 40 azərbaycanlı futbolçu çıxış edir. Bu sayla qitəmiqyaslı yarışların əsas raundlarına getmək mümkün deyil. Azərbaycanın bütün idman, ictimai strukturları bir bayraq altında birləşməli və ölkənin futbol təsərrüfatını tamamilə - kökündən yeniləmək lazımdır. Geniş proqram tərtib edilməli, icra orqanları da birbaşa bu işlərə daxil edilməli və işə kütləvi şəkildə qoşulmadan sonra nəyəsə ümid edə bilərik. Futbolun bütün ölkəni kütləvi şəkildə əhatə etməsini qaranti altına almaq əsas şərtlərdən birincisidir. Yaşından asılı olmayaraq, hər kəs aidiyyatı üzrə bu sahəyə cəlb edilməlidir ki, Azərbaycanın futbol təsərrüfatının sağlam özülü, bazası qurulsun. Bunlardan sonra gələcəyə baxmaq olar. İndi kimsə bu vəzifəni öhdəsinə götürsə, bu, sadəcə, diletantlıq olar. Ən mütəşəkkil formada bu gün işə başlasaq, fikrimcə, minimum 5 il zaman lazımdır”.
Vaqif Sadıxov - AFFA Məşqçilər Komitəsinin sədri
“Çox maraqlı sual verdiz. İlk növbədə olmayan şeylərdən danışmayaq. İkincisi isə mənə elə gəlir ki, indi hər birimiz AFFA-nın hazırkı rəhbərliyinin ətrafında sıx birləşməli və futbolumuzun inkişafı üçün çalışmalıyıq. Belə halda çıxış yolunu tapsaq, daha yaxşı olar. Mənim heç vaxt hansısa vəzifədə gözüm olmayıb. Məqsədim hər zaman Azərbaycan futboluna yaxşı formada xidmət etmək olub. Hesab edirəm ki, çıxış yolunu hazırkı rəhbərliklə birlikdə tapmaq ən yaxşı və vacib seçim olar. Bu gün rəhbərlikdə kimin yer almasından asılı olmayaraq, hamının qarşısında bir məqsəd var”.
Yaşar Seyidov - İsgəndər Cavadov adına Bakı Futbol Akademiyasının direktoru
“Buna görə federasiyada rəhbərlik səviyyəsində səlahiyyət almağıma ehtiyac yoxdur. Mən bu işin öhdəsindən klubda da gələ bilərəm. Düşüncələrimə, fikirlərimə, strategiyama uyğun addımlar atılsa, Azərbaycan milli komandasının 5 il müddətində Avropa və dünya çempionatlarının final mərhələlərinə çıxararam. Buna maksimum 5 il vaxt lazımdır. Mənim təklif etdiyim inkişaf proqramının, gerçək çıxış yolunun özəl mahiyyəti ondan ibarətdir ki, bu gün ölkədə, klublarda olan bütün perpsektivli futbolçuları Avropanın qabaqcıl, özünü doğrultmuş, ciddi uğurlar qazanmış akademiyalarına göndərərəm. Orada onların bütün məsələlərini (yaşamaq, təhsil və.s.) dövlət, klub və ya federasiya səviyyəsində təmin edərəm. Daha sonra həmin uşaqların getdiyi ölkənin çempionatında oynaması, təcrübə qazanması və sürətli inkişafı üçün ciddi addımlar ataram. Çünki o uşaqlar gəlib Azərbaycan çempionatlarında oynasalar, inkişaf edə bilməyəcəklər. Həmin akademiyanın alternativini Azərbaycanda da təşkil edərəm. Bu işlər hər iki ölkədə paralel aparılmalıdır. Bundan başqa, həmin akademiyaların təcrübəli mütəxəssisləri ilə əməkdaşlıq edib azərbaycanlı məşqçiləri ölkəmizə, özümüzə qazandırmaq lazımdır. Azərbaycandan xarici akademiyaya gedəcək uşaqların yanında öz məşqçilərimiz də yer almalıdır ki, bilik-bacarıqlarının təkmilləşdirsinlər, savadlarını artırsınlar. Beləcə Azərbaycan eyni anda həm futbolçu qazanacaq, həm də məşqçi. Həm futbolçularımızın, həm də məşqçilərimizin xarici klublarda oynaması-işləməsi üçün konkret addımlar atılmalıdır. Bilirsiz ki, bu gün hətta dünya və Avropa üçüncüsü olmuş Türkiyə kimi futbol ölkəsinin yerli məşqçiləri də gedib xarici klublarda iş tapa bilmirlər, işləyə bilmirlər. Xaricdən mütəxəssisləri Azərbaycana gətirib akademiya yaratsaq, istedadlı uşaqlar inkişaf edə, artırmayacaqlar. Bu gün demək olar, bütün klublarımızda perpsektiv vəd edən çoxlu uşaqlar var. Lakin uşaq liqalarımızın səviyyəsi çox aşağı olduğu üçün onlar Azərbaycan çempionatlarında inkişaf edə bilməzlər. Həmin istedadlı uşaqları və gənc məşqçiləri dediyim kimi, uğurlu bir akademiyaya göndərməklə qazana bilərik. Eyni zamanda təhsil, savad vacibdir. Hətta təklif edirəm ki, bu uşaqlara məşq proseslərini Azərbaycan dili ilə yanaşı, FIFA-nın tələblərinə uyğun 5 dildən biri ilə də keçirilsin. Çünki dil problemi də kiçik məsələ deyil. Xarici dillərdən birini bilmək istedadlı uşaqlarımıza əcnəbi klublarda möhkəmlənmək, ünsiyyət, daha yaxşı inkişaf üçün əlavə təkan olacaq. Ölkədə futbolun inkişafını, milli səviyyəsində ciddi addımlar atmağımızı istəyiriksə, sadaladığım detallara xırdalıqlarına qədər önəm vermək şərtdir. Normal nəticə istəyiriksə, dediklərimi nəyin bahasına olur-olsun, etməliyik. Bütün bunları həyata keçirmək üçün 5 il zaman kifayət edir. 13-15 yaşlı istedadlı azərbaycanlıları dediyim müddətdə düzgün proqram üzrə inkişaf etdirib milliyə qazandırmaq mümkündür”.