Artıq bir ildən çoxdu ki, ölkəmiz koronavirusla mübarizə aparır. Pandemiya ölkənin istər iqtisadi durumuna, istərsə də idman sahəsinə böyük təsir göstərib. Zaman keçdikcə anlamaq olur ki, pandemiyanın təsiri idmanda ən çox futzalda görünür. Futzal üzrə milli komandaya məşq icazəsi verilsə də, klublar artıq bir ildi zalda peşəkar şəkildə məşq edə bilmirlər. Ötən ilin martında yarımçıq dayandırılan çempionat da hələ bərpa olunmayıb. Bir sözlə, bir ildi futzal klublarımız üçün həyat dayanıb. Maraqlıdı, klublar, baş məşqçilər və milli üzvü olmayan oyunçular bu müddətdə hansı işlə məşğul olublar? Onlar pandemiyanın doğurduğu çətinliklərlə necə mübarizə aparıblar? Bu suallara cavab tapmaq üçün yüksək liqa təmsilçisi olan klubların baş məşqçiləri ilə əlaqə saxladıq.
"Neftçi"nin baş məşqçisi Hacıbala Abdullazadə bu müddətdə, sadəcə, fərdi məşqlər etdiklərini dedi: "Pandemiya ilə bağlı uzun müddətdi zallar bağlıdı, oyunlar keçirilmir. Bundan sonra ən yaxşı halda avqust-sentyabr aylarından oyunların keçirilməsinə icazə verilə bilər. Qərar belədi, biz də buna əməl edirik. Komanda üzvləri fərdi şəkildə məşq edirlər. Həmçinin yığışıb açıq meydanlarda oyun keçirirlər. Bu şəkildə formalarını saxlamağa çalışırlar. Oyunların keçirilməsinə icazə verilsə, bir neçə həftəyə, yaxud bir aya formanı bərpa etmək, demək olar ki, mümkünsüzdü. Bir ildi zalda məşq etməyən oyunçular üçün bu olduqca çətindi".
Baş məşqçi pandemiyanın kluba maddi təsirinin böyük olmadığını düşünür: "Bu barədə danışa bilmərəm, klubun və oyunçuların maddi durumu, çətinliyi barədə çox şey deyə bilmərəm. Amma pandemiya müddətində də məvacib almağa davam etdik. Ümid edək ki, pandemiya qısa zamanda bitsin. Vacib olan sağlamlıqdı".
Futzalçıların fərdi məşqlə kifayətləndiyini deyən EKOL-un baş məşqçisi Radik Əhmədov bu müddətdə başqa işlə məşğul olmaq barədə düşünmədiyini də vurğuladı: "Bütün dünyada davam edən pandemiyadan hər bir sahə əziyyət çəkir. Bu müddətin davam etdiyini, təsirinin daha böyük olacağını bildikdən sonra rəhbərliklə görüşüb məsləhətləşdik. Qərara gəldik ki, oyunçuların formalarını mümkün qədər saxlamaq üçün ən azı fərdi məşqlər edək. Məşq edə bilməmək, bu qədər uzun fasilə hər baxımdan idmançıya böyük təsir göstərir. Bir müddət fərdi məşqlər etdik, daha sonra süni meydanlardan istifadəyə icazə verildi. Mümkün qədər çalışdıq ki, süni meydanlarda məşqlərimizi həyata keçirək. Təəssüf ki, yoluxma sayının artmasından sonra belə meydanlardan istifadə də yenidən qadağan edildi. Ümid edirik ki, ən qısa zamanda yenidən məşqlərimizi bərpa edə biləcəyik. Bugünlərdə şirkət tərəfindən vaksin olunduq. Vaksinin ikinci dozası vurulandan sonra daha fəal məşqlər edə biləcəyik. Biz futzalda doğulmuşuq. Hər bir dövrün çətinliyi də ola bilər. İnsan sevdiyi işin belə çətinliklərinə də qatlaşmalıdı. İndi də, sadəcə, zallarla bağlı çətinliyimiz var. Ümid edək ki, tezliklə bu dövr geridə qalsın".
Çalışdırıcının sözlərinə görə, komanda üzvlərinin bu müddətdə maddi baxımdan problemləri olmayıb: "Şükürlər olsun ki, maddi baxımdan hansısa problemimiz olmadı. EKOL şirkətinin üzvü sayıldığımız üçün şirkət tərəfindən hər ay məvaciblərimiz tam şəkildə ödənildi. İndi elə vəziyyətdi ki, verməsələr də, dözməliydik. Amma sağ olsunlar, verdilər. Bu müddətdə maddi problemimiz olmayıb, indi də yoxdu".
"Baku Fire"nin çalışdırıcısı Teymur Eyvazov da bu müddətdə yalnız fərdi məşqlər etdiklərini söylədi: "Məlum səbəblərdən idman zallarının bağlanmasından sonra klubumuz da məşqləri dayandırmalı oldu. Açıq havada məşqlərin keçirilməsinə icazə verilənə qədər biz də məşqlərə onlayn şəkildə davam etdik".
Paytaxt təmsilçisinin baş məşqçisinin sözlərinə görə, pandemiyanın kluba maddi təsiri boyük olub: "Pandemiyanın bizə maddi cəhətdən mənfi təsiri oldu və hələ də davam etməkdədi. Çempionat oyunlarının olmadığı bir vaxtda klublar üçün komandanı maliyyələşdirmək, təbii ki, çətindi. Lakin bununla bağlı komanda üzvlərindən hansısa narazılıq eşitməmişik. Çempionat ötən ilin martında dayandırıldı, oyunçular maya kimi onlarla əvvəlcədən razılaşdırılan maaşlarını aldılar. Komandanın oyunçularla razılaşması 2019/20 mövsümünün sonuna kimi idi. Amma rəhbərlik pandemiya başlayandan bu günə kimi bir neçə dəfə - istər bayram günləri olsun, istərsə də qeyri-bayram günlərində oyunçulara maddi dəstək olub".
Əlbəttə, klub rəhbərlərinin futzalçıları korluq çəkməyə qoymaması, imkan daxilində ödəniş etməsi yaxşı haldı. Onsuz da bizdə futbola, futzala investisiya yatıran adamlar həmin pulu qayıtmayacağını, futbolun az qala social layihə olduğunu anlayırlar. Sadəcə, ümid edək ki, növbəti mövsümdən futzal çempionatı da bərpa olunacaq, azarkeşlər yenidən futzal həyəcanı yaşayacaqlar. ("Futbol plus")