Futboldan fərqli olaraq, futzal yarışları hələ də keçirilmir. Bu da təbiidir, çünki Operaiv Qərargah qapalı məkanlarda məşqlərə və oyunlara qadağanı qüvvədə saxlayır. Təbii ki, uzun müddətli boşluq, bekarçılıq futzala ciddi zərbə vurmaya bilməz.

Rekord.az futzal çempionatının mümkün bərpası, futzal federasiyasının buna nə dərəcədə hazır olması və digər məsələlərlə bağlı elə federasiyanın özündən münasibət öyrənib.

Federasiyanın mətbuat katibi Mahal Məmmədovun saytımıza açıqlamasından belə başa düşdük ki, federasiya və klublar çempionata hazırdı. Yetər ki, bununla bağlı müsbət qərar verilsin: “Federasiya çempionatı başlamaq üçün hazırdır. Komandaların qeydiyyatı aparılır,futzalcilarin komandalar tərəfindən elektron bazada qeydiyyatdan kecirilməsi prosesi gedir. Federasiya olaraq Operativ Qərargahın idman zallarının fəaliyyəti ilə bağlı qərarını gözləyirik. Konkret olaraq müraciət edilməyib. Çünki qərargah ölkədəki epidemoloji duruma uyğun qərar verdiyindən,biz də həmin qərara uyğun hərəkət edirik. Nə vaxt zalların fəaliyyətinə icazə verilərsə, biz də komandalara məşq etmək üçün müəyyən vaxt verəcəyik və ardınca yeni mövsümə başlayacağıq. Təbii ki, biz də oyunların tez başlamasını istəyirik. Çünki qarsida Araz-ın Çempionlar Liqasında oyunları var,eləcə də milli komanda AC-nin seçmə qrup mərhələsinə hazırlaşmalıdır. Amma istənilən halda OQ-nin qərarina uyğun planlarımızı quracağıq”.