“Neftçi”nin baş məşqçisi Füzuli Məmmədov Türkiyədəki təlim-məşq toplanışı çərçivəsində Ukraynanın “Desna” klubuna qarşı keçirdikləri yoxlama oyunundan (1:2) sonra klubun rəsmi saytına müsahibə verib.

Rekord.az xəbər verir ki, təlim-məşq toplanışını dəyərləndirən mütəxəssis fiziki hazırlıq üzrə məşqçi, yeni transfer və gənc futbolçular haqda fikirlərini bildirib, azarkeşlərlə bağlı sualı cavablandırıb:

- Füzuli müəllim, təlim-məşq toplanışına yekun vuruldu. Məşqçilər korpusundakı son dəyişiklikləri nəzərə alsaq, toplanışı necə dəyərləndirirsiz? Komanda hazırlıq prosesini necə başa vurdu?
- Ümumi götürsək, komanda təlim-məşq toplanışını normal keçirdi. Məşqçi dəyişikliyindən əvvəl də futbolçular hər şeyi maksimum eləyəmə çalışırdılar. Dəyişiklikdən sonra da onlara nə tapşırıq verirdimsə, hamısını ürəklə yerinə yetirirdilər. Toplanış, xüsusilə də son iki oyun bizim üçün çox faydalı oldu. Çünki güclü komandalara qarşı oynadıq. Kiyev "Dinamo”sunu təqdim etməyə ehtiyac yoxdu. "Desna”ya gəlincə, hazırda Ukrayna çempionatında 4-cü yeri tutur. Bununla belə, xaraketim elədir ki, məğlubiyyətlə heç vaxt barışmıram. Futbolçuların yaxşı və ya pis oyun göstərməsindən asılı olmayaraq, nəticə mənim üçün həmişə önəmli olub. Rəqib kim olursa-olsun, "Neftçi”də məni yalnız qələbə qane edə bilər.

- "Neftçi”nin fiziki hazırlıq üzrə məşqçisi Mario Fernandes Kastelyanodu. Düzdü, ispaniyalı mütəxəssis yeni gəlib. Bununla belə, onun işi ilə bağlı fikirlərinizi bilmək istərdik...
- Mario mənim üçün yeni məşqçidi. Bunadək tanımırdım. Amma əvvəllər Azərbaycanda, "Bakı” klubunda çalışan dövrdə özü haqda müsbət fikir formalaşdırıb. Artıq bir neçə gündü bizimlədi. Bacırığı, savadı və insani keyfiyyərləri haqda xoş sözlər deyə bilərəm. Üstəlik, xaraktercə mən istəyən bir insandı. Əminəm ki, bizə çox faydası dəyəcək. "Neftçi”nin uğuru üçün birlikdə çalışacağıq.

- Komandamızın yeni transferi, iranlı yarımmüdafiəçi Saman Nəriman Cahan haqda nə deyə bilərsiz?
- Nəriman Cahan hər üç yoxlama oyununda tapşırıqları maksimum yerinə yetirməyə çalışdı. Amma mən ondan daha çox şey umuram. Məsələn, bu gün Platellasa verdiyi ötürmədən hər hissədə azı bir-ikisini gözləyirəm. Oyunu üzərinə götürüb cərimə meydançasına daxil olmasını gözləyirəm. Bununla belə, komandamızda yeni olduğu üçün onu çox yükləmək də olmaz. Tez uyğunlaşması üçün necə can atdığını görürəm və bu məni sevindirir. Bilirəm ki, bu keyfiyyətdə olan futbolçu daha yaxşı oynamalıdı.

- Toplanışa əvəzedici komandadan cəlb olunmuş futbolçular barədə nə düşünürsüz? Onlardan hansı özünü daha yaxşı göstərməyi bacardı? Əvəzedicilərdən kimi əsas komandanın oyunlarında görə biləcəyik?
- Komandanı meydana baş məşqçi kimi çıxardığım son iki oyunda gənclərdən yalnız İsmayıl Zülfüqarlı ilə Turan Vəlizadəyə şans verdim. Bilirəm ki, çox potensiallı futbolçulardı. Özlərini yaxşı tərəfdən göstərdilər. İkisinə də güvənirəm. Rəsmi oyunlara əvəzedici heyətdən daha bir-iki futbolçu da dəvət edəcəyik. Məqsədimiz gənclərin bizə yalnız məşqlərdə kömək etməsi deyil. Oyunlarda da onlardan istifadə etməyə çalışacam.

- "Neftçi”sevərlər qış fasiləsindən sonra sizin rəhbərliyiniz altında "Neftçi”də hansı dəyişiklikləri görə biləcəklər?
- "Neftçi” azarkeşlərini çox gözəl anlayıram. Onlar Azərbaycanın ən çılğın fanatlarıdı. O azarkeşlər "Neftçi”dən yalnız qələbələr gözləyir ki, bu da normaldı. Çünki "Neftçi”nin azarkeşlərinə qələbə bəxş etməsi üçün hər şür şərait yaradılıb. Sınaq matçlarındakı nəticələr məni qane etmir, edə də bilməz. Biz azarkeşlərimizi yalnız və yalnız qələbələrimizlə sevindirməliyik. Əminəm ki, Allahın köməyi, bizim səylərimiz, düzgün seçimimiz, futbolçularımızın fədakarlığı və azarkeşlərimizin sonadək dəstəyi nəticəsində buna nail olacağıq.