“Neftçi”nin baş məşqçisi Füzuli Məmmədov Avropa Liqasının 1-ci təsnifat mərhələsi çərçivəsində Şimali Makedoniyanın “Şkupi” klubuna qarşı keçirəcəkləri oyun öncəsi fikirlərini bölüşüb.

Rekord.az xəbər verir ki, paytaxt klubunun çalışdırıcısı bu gün baş tutan mətbuat konransında matça qələbə əzmi ilə çıxacaqlarını söyləyib:

- Rəqibi tam analiz etmişik, futbolçularımıza onlar haqda bütün məlumatları bildirmişik. Oyuna ciddi yanaşırıq. Matça tam hazırıq, start fitini gözləyirik. Meydanda qalib gəlmək üçün əlimizdən gələni edəcəyik. Hansı komanda olduğumuzu bilirik. Amma bu o demək deyil ki, rəqibi ciddiyə almırıq. Rəqibin kimliyinin fərqi yoxdur. Futbolçularım oyuna tam hazırdır.

- Start heyəti "Səbail"lə görüşdəki heyətdən çox fərqlənəcək?
- Bu haqda tam məlumat vermək istəmirəm. Çünki bizim bu gün də məşqimiz olacaq. Məşqdən sonra açıqlayacağıq.

- Mərkəz hücumçusunun alınmaması planlarınıza necə təsir etdi?
- Çox istəyərdik ki, istədiyimiz səviyyədə seçdiyimiz oyunçular kollektivə öncədən qoşulsun. Hücumçu mövqeyi çox çətin məsələdir. Bəyəndiyimiz oyunçular var. Bəzən özləri gəlmək istəmir, bəzən ailələri istəmir, bəzən də maliyyə danışıqlarımız uğurlu alınmır. Seçdiyimiz hücumçu var, danışıqlarımız artıq bitib. Pandemiya ilə əlaqədar sənədləşdirmə işləri sərtləşib. Düşünürəm ki, çempionatın növbəti oyununa kimi yeni hücumçu komandaya qatılmalıdır.

- Sabah özünüz də avrokubokda baş məşqçi kimi debüt edəcəksiniz. Həyəcan var?
- Bəli, avrokubokda baş məşqçi kimi ilk oyunumdur. Elə bir insanam ki, meydana yalnız qələbə üçün çıxmışam. Futbolçu və ya məşqçi kimi olmağın fərqi yoxdur.

- Rəqibin heyətində xüsusi tədbir gördüyünüz oyunçu var?
- Xeyr, yoxdur. Yaxşı komandadır, tam şəkildə təşkilatlanıb. Onların bütün oyunçularını təhlil etmişik. Rəqibi komanda şəklində analiz etmişik və komanda şəklində də hazırlaşırıq.

- Elvin Yunuszadənin "Şkupi"də olması onlar üçün üstünlükdür?
- Bu haqda heç nə deyə bilmərəm. Elvin Azərbaycan futbolu barədə məlumatlıdır. Amma belə şeylər bizi qorxutmur.

- Stadionun durumu necədir?
- Bu arenanın ot örtüyü hər zaman yüksək səviyyədə olub. Stadiona daxil olanda rəhbərliklə görüşdüm. Bildirdilər ki, ot örtüyü son oyuna nisbətən yaxşı səviyyədədir. (apasport)