“Gazzetta dello Sport” Qurban Qurbanovun müsahibəsini niyə verməyib?
- 16 Mar 2021 17:00
- 891
İstər karyerasını davam etdirən, istərsə də butslarını mismardan asan veteran futbolçularla söhbət edəndə istər- istəməz köhnə günləri yada salırlar, başlarına gələn müxtəlif məzəli hadisələri sevə-sevə danışırlar. Təbii ki, futbol təkcə futbolçulardan ibarət deyil. Məşqçilər, hakimlər klub funksionerləri də dünyanın bir nömrəli idman növünün ayrılmaz hissəsidi. “Yada düşər xatirələr” rubrikasında həyatının böyük hissəsini “idmanın şahı”na həsr edən insanlarla söhbət edir, yaddaşlarına əbədi yazılan məzəli hadisələri bizimlə bölüşmələrini istəyirik. Rubrikanın budəfəki qonağı 15 il “Qarabağ”ın mətbuat katibi olan, bəlli səbəblərdən futboldan ömürlük uzaqlaşdırılan Nurlan İbrahimovdu.
“Heç üstündən iki saat keçməmiş Azərbaycandan zəng gəldi ki...”
2014-cü ildə Avropa Liqasının qrup mərhələsi çərçivəsində Milanda “İnter”lə qarşılaşırdıq. Həmin matç mənim üçün bir növ özəl qarşılaşma idi. Bütün komanda bilirdi ki, “Milan“ azarkeşiyəm. Futbolçulardan biri də ora çatar-çatmız mənə “Milan”ın formasını hədiyyə almışdı. Həmin günün ertəsi də “Gazzetta dello Sport” mənimlə əlaqə saxlayıb, Qurban Qurbanovla müsahibə təşkil etməyi xahiş etmişdi. Razılaşmışdıq ki, 5-də görüşəcəyik. 5-in yarısı da mənə forma hədiyyə olundu. Mən də eləməyib tənbəllik, yeni formanı əynimə geydim. Nə qədər olmasa da, azarkeşi olduğun komandanın formasını əyninə geymək istəyirsən. Lobbidə “Milan”ın formasında dayanmışdım ki, italyan jurnalistlər gəldi. Həmin an Qurban müəllim də hollda idi. İtalyanlarla görüşüb tərcüməçimizin 5-də gələcəyini bildirdim. Baş məşqçimizi orda gördülər və mənə “tərcüməni sən edə bilərsən” deyib, tez də başlaya biləcəklərini söylədilər. Onlarla razılaşdım, ancaq onu da əlavə etdim ki, siz burda olun, çıxıb əynimi dəyişib gəlim. Dedilər ki, ehtiyac yoxdu. Nə isə, müsahibə başladı. Bir saatdan artıq Qurban müəllimlə komandanın oyun sistemi, futbolçuları, dünya və İtaliya, ümumiyyətlə, Azərbaycan futbolu haqda söhbətləşdilər. Arada hiss edirəm ki, hər iki italyan jurnalist mənə tərs-tərs baxırlar. Özlüyümdə “tərcüməni düz edirəm, bunlar mənə niyə belə baxırlar”, - deyə düşünürəm. Müsahibə qutaranda mənə dedilər ki, ikinizin bir yerdə şəklinizi çəkmək istəyirik. Razılaşmadım, “baş məşqçinin şəklini tək çəkin” dedim. Ertəsi yuxudan duran kimi yollandım köşkə ki, qəzet alım. “Gazzetta dello Sport” da 64 səhifədə çıxır. Elə köşkün yanında dayanıb başladım bir-bir qəzetin səhifələrinə baxmağa ki, görüm müsahibə necə alınıb, hansı səhifədə veriblər? Bir dəfə bütün səhifələrə baxdım, ancaq Qurban bəyin müsahibəsi gözümə dəymədi. Çaşıb qalmışam ki, necə belə şey ola bilər, az qala saatyarım müsahibə götürəsən və heç bir material verməyəsən.... İkinci dəfə səhifələrə nəzər yetirdikdə birdən görüdüm ki, səhifənin 1/4 hissəsi qədər yerdə “bizi “Qarabağ”ın mətbuat katibi Nurlan İbrahimov “Milan”ın formasında qarşıladı. “İnter”lə oyun ərəfəsində əzəli rəqib “Milan”ın formasını geymək Azərbaycan klubu tərəfindən bilərəkdən atılmış addımdı, bu “İnter”ə qarşı saymazlıqdı” kimi yazı yerləşdiriblər. Qurbanovun müsahibəsi isə yoxdu. Yalnız o qeyd olunub ki, Qurban bəy Azərbaycan futbolunun əfsanələrindən biridi, karyerası ərzində müxtəlif klubların şərəfini qoruyub. Qəzeti otelə gətirib uşaqlara tapşırdım ki, bunu gizlədin, heç kim görməsin. Nə görməsinlər? Heç üstündən iki saat keçməmiş Azərbaycandan zəng gəldi ki, “Milan”ın formasında “Gazzetta dello Sport”a müsahibə vermisən.
“Yanımdakılar da şərhi saxlamayım deyə...”
Çempionlar Liqasının təsnifat mərhələsində “Şerif”lə səfər oyununa yollanmışdıq. Elə həmin mövsüm ÇL-in qrupuna düş
müşdük. Moldova tərəfi Tiraspolda yayın üçün bizdən 150 min avro tələb etdiyindən, verə bilmədik. Oyunu heç özlərinin də telekanalları göstərmirdi. Mən, Fevzihan Aras, Əmrah Çəlikəl və Asif Məmmədov “sky-box”da idik. Elə bu vaxt Fevzi bəyə Abdulbari Gözəl zəng vurdu və oyunun hansı telekanalda yayınlanması ilə maraqlandı. Abdulbari bəyə durumu izah etdik, o isə matçı izləmək istədiyini bildirdi. Heç kimin gözləmədiyi halda Fevzi bəy qayıtdı ki, mən bu problemi həll edəcəm. Biranlıq hamımızı maraq götürdü ki, məsələ necə həll olunacaq? “Sky-box”un da pəncərəsi açılmır. Fevzi bəy Abdulbari bəyə videozəng edib, mənə “sən oyun şərh et” söylədi. Onu da əlavə etdi ki, “matç anlatır kimi anlat”. Mən də sakit şəkildə “salam” deyib danışmağa başladım. Fevzi bəy “atmosfer yarat” deyib, məni bir az da qaza gətirdi. İndi məni saxlamaq olar? Başladım, nə başladım. “Oyunun 15-ci dəqiqəsi, sağdan hücumumuz, forvardımız qola yaxın oldu” söyləyib, ardınca ucadan “qol” deyib qışqırıram. Təsəvvür edin, yay vaxtı, hava isti və “sky-box”un da pəncərələri açılmır. Məni tər aparır. Yanımdakılar da şərhi saxlamayım deyə, kimi tərimi silir, kimi su verir. Və beləcə, 90 dəqiqə Gözəl bəyə oyunu şərh etdim. Ən maraqlısı isə o idi ki, Abdulbari bəy balaca telefonla bütün matçı izlədi.
“Ağlama, sən “qırmızı” alandan sonra komanda daha yaxşı oynamağa başladı”
Çempionlar Liqasının qrupunda rəqib Madrid “Atletiko”sudu. Söhbət səfərdə heç-heçə oynadığımız matçdan gedir. Pedro həmin görüşdə oyunun axarına uyğun olmayan “qırmızı” almışdı. Matç başa çatandan sonra tarixi an olduğu üçün aşağı düşüb futbolçuların paltardəyişmə otağına gəlişini lentə alım. Gördüm Pedro paltardəyişmə otağına gedən dəhlizin bir tərəfinə çəkilib ağlayır. Paltardəyişmə otağına gələn futbolçularımız da onu görüb yanında dayanır, təsəlli verirdilər. Bir neçə dəqiqədən sonra artıq bütün komanda Pedronun başının üstündə idi. O da elə bil onları gördükcə daha da cuşa gəlir, hönkürtü çəkib göz yaşlarına hakim ola bilmir. Sonda paltardəyişmə otağına tərəf Rəşad Sadıqov gəldi. Yaxınlaşanda gördü ki, hamı yığılıb bir yerə, Pedro da ağlayır. Əvvəlcə heç nə başa düşmədi və üzünü mənə tutaraq “bu niyə ağlayır”, - deyə soruşdu. Vəziyyəti ona izah edincə, futbolçuya yaxınlaşıb “ağlama, sən “qırmızı” alandan sonra komanda daha yaxşı oynadı və buna görə də heç-heçə etdik” demişdi ki, hamı gülməyə başladı. Komanda yoldaşlarının güldüyünü görən Pedro da onlara qoşulub güldü və gərginlik aradan qalxdı.
“Hamı bir nəfər kimi bayraqla şəkil çəkdirib əsgər salamı versin”
Ötən il “Legiya” ilə oyundan əvvəlki durum hamıya bəllidi. Müharibənin 4-cü günü idi. Mən də səfərə çıxmamış bizim bazada maraqlandım ki, bayraq var, ya yox? Ambardarımız Xaləddin “bayraq var, ancaq bir-iki yeri cüzi süzülüb” cavabını verdi. Vaxt yox, artıq hava limanına yollanmalıyıq. Həmin vaxt da bayrağa tələbat çox olduğundan dükanlarda tapmaq çətin idi. Xaləddin süzülən yerlərə əl gəzdirib onu mənə verdi. Heç kimə heç nə demədən bayrağı çantama qoyub Polşaya apardım. Həmin matçı unutmaq çətindi. Qarşılaşmadan öncə düşərgədəki vəziyyəti izah etməkdə çətinlik çəkirəm. Fikirləşmişdim ki, oyunu udsaq, yerlilərə - Eminə, Maksimə, Qaraya bayrağı verərəm, onlar da əsgər salamı göndərərlər. Açığı, legionerləri heç düşünməmişdim. Fikirləşmişdim ki, birdən imtina edərlər, hərçənd “Qarabağ”a heç vaxt belə şey olmayıb, yenə də ehtiyatlanırdım. Oyun qələbəmizlə başa çatan kimi bayrağı götürüb tez meydana girdim. Birinci Qaraya yaxınlaşdım və ağladığını gördüm. Çətinliklə də olsa, onu sakitləşdirib “tez uşaqları yığ, bayraqla şəkil çəkdirib, əsgər salamı göndərək” demişdim ki, gördüm hamı biz tərəfə qaçır. Onları düzüb şəkillərini çəkmək istəyirdim ki, birdən Qurban müəllimin səsi gəldi: “hamı bir nəfər kimi bayraqla şəkil çəkdirib əsgər salamı versin”. Onun sözündən çıxmaq olar?! Nəinki yerlilər, hətta legionerlər də bir araya gəlib, həmin həssas durumda “əsgər salamı” göndərdi. Həmin məşhur şəkil belə araya-ərsəyə gəldi. Polşaya apardığım bayraq isə bu gün də məndədi və şirin yadigar kimi saxlayıram. ("Futbol plus")