"Qarabağ" dünən "Sumqayıt"la səfər matçında çox vacib 2 xal itirdi. Bu xal itkisi, çempionluq yolunda ağdamlılar üçün başağrısı ola bilər. Amma dünyanın sonu deyil. Hələ qarşıda xeyli oyun var və kimin çempion olacağı haqda indidən qəti fikir söyləmək olmaz. Həm bu, futboldu, həyatda daimi heç nə olmadığı kimi, futbolda da daimi heç nə yoxdur. Amma deyəsən, bəziləri bunu anlamaq istəmir. Hətta bu anlaqsızlıq ucbatından bəzən peşəkarlığı da tapdalamağa hazırdı. Sözümü nəyə gətirirəm?

 

Dünənki matçın sonlarına yaxın baş vermiş bir epizod diqqətimi çəkdi. Məlum məsələdir ki, xal itkisi ilə barışmayan "Qarabağ" tez-tələsik hücumlar qurur, vaxt itirmədən hesabı açmağa çalışır. Epizodların birində "Sumqayıt"ın hücumçusu Əli Qurbani rəqiblə mübarizədən sonra yerdə qaldı. Buna əhəmiyyət verməyən "Qarabağ" futbolçuları əvvəlcə yerdə uzanan Qurbaniyə qışqıraraq ayağa qalxmağı tələb etdilər, sonra isə hücumu davam etdirdilər. "Sumqayıt" futbolçuları rəqibdən topu meydançadan çıxarmağı istəsə də ağdamlılar buna məhəl qoymaq fikrində deyildilər. Lakin təcrübəli futbolçuların etmədiyini gənc Toral Bayramov etdi. Belə ki, o, qarşısında boş ərazi və əlverişli hücum imkanı olmasına baxmayaraq, topu auta çıxardı. Bu zaman komandanın kapitanı Maksim Medvedev gənc futbolçunun üstünə elə qışqırdı ki, sanki Bayramov hansısa günah iş işlədib: çıxartmaaaa, niyə çıxardırsan? Bu da mənim millimin kapitanı. Millinin "cırtdan ölkə"yə biabırçı məğlubiyyətindən sonra kameralar önündə dişlərini ağardan kapitanım. Halbuki Toralın üstünə qışqırmaq yox, ona "afərin" demək lazım idi. Futboldu, adam futbolda udar da, uduzar da. Bəlkə də Əli Qurbaninin ciddi heç nəyi yox idi. Bəlkə də əksinə, doğurdan da zədə almışdı. Amma bu, heç nəyi dəyişmir. Toral gənc yaşında Maksim kimi təcrübəlilərə əsl peşəkarlıq dərsi keçdi. Bir anlıq təsəvvür edin ki, "Qarabağ" hücuma davam edir lap yekunda qol vurur və 3 xal qazanır. O zaman bu gün mətbuatın nə yazacağını bir anlıq göz önünə gətirin. Hələ mən futbol ictimaiyyətini, sosial şəbəkələri və s. demirəm. Hamı birmənalı şəkildə "Qarabağ"ı tənqid edəcək, onu fair-play qaydalarına tüpürməkdə ittiham edəcəkdi. Belə qələbə "Qarabağ"a baş ucalığı gətirəcəkdi? Əlbəttə ki, yox. Başa düşürəm, xal itirmək istəməyən futbolçu səbrsiz olur, aqressiv olur, hər nə olur olsun, peşəkar futbolçu səbrini qorumalıdır. Əksinə, Toralın atdığı addımı Maksim atmalı idi. Əgər atmağa cürəti, peşəkarlığı çatmırsa, özündə cürət tapıb bu addımı atan gənc futbolçunun üstünə də o formada qışqırmamalıdır.  Maksim kimi təcrübəli futbolçu bu cür epizodlarda gənclərə örnək olmalıdır. Amma belə çıxır ki, Medvedev əksini edir. Yəni gənc futbiolçulara yol göstərir ki, hər yerdə qalan futbolçuya görə topu meydançadan çıxarma, əksinə, hücum elə, qol vur, fair-play-ı tapdala. Amma mən deyirəm ki, sən düz addım atdın, Toral. Unutma ki, yaxşı insan olmaq yaxşı futbolçu olmaqdan daha öndə gəlir. Sən o topu auta atmaqla bəlkə də şərəfin qoruduğun komandanı böyük biabırçılıqdan, təzyiqdən, tənqiddən xilas etdin.  Bu cür də davam elə. Düz yolda davam etsən, mütləq səndən güclü futbolçu olacaq!

 

Anar XANLAROV