Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsindən Türkiyəyə dəstək jesti
- 08 Fev 2023 13:19
- 464
Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi və kollektivi Türkiyənin Gəncədəki Baş Konsulluğunun önünə gələrək, baş vermiş Türkiyə Respublikasının cənub-şərqində baş vermiş güclü zəlzələ nəticəsində həlak olanların xatirəsi ehtiramla yad edib.
Rekord.az xəbər verir ki, sözügedən idarədən verilən məlumata görə, həmçinin Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Həmid Nəsirov, Deputat Müşfiq Cəfərov, Türkiyə və Azərbaycan İş Adamları və Sənayeçilər İctimai Birliyinin sədri Hüseyn Büyükfırat, hüquq mühafizə orqanları, universitet rektorları, idarə, müəssisə, təşkilat rəhbərləri və şəhər sakinləri Baş konsulluğun qarşısında yaradılan guşəni ziyarət edib, önünə gül dəstələri düzüb, həlak olanların ruhuna dualar oxuyublar.
Baş İdarə rəisi Həmid Nəsirov Türkiyənin Gəncədəki Baş konsulu Recep Öztopla görüşüb, Konsulluqdakı xatirə kitabına başsağlığı qeydi yazıb. Rəis Həmid Nəsirov bildirib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən, təbii fəlakətin nəticələrinin aradan qaldırılması məqsədilə qardaş ölkənin zəlzələdən zərər görmüş bölgələrinə dərhal yardım göstərilməsi ilə bağlı təxirəsalınmaz tədbirlər görülüb.
Qeyd edək ki, ziyarət gün ərzində davam edəcək. Bununla yanaşı, qardaş Türk xalqına dəstək ifadə etmək naminə Gəncə Şəhər İcra Hakimiyyətinin inzibati binasına Türkiyə və Azərbaycan bayraqları asılıb.