
Gəncədə qadın futbolunun hazırkı durumu
- 31 Mar 2025 13:00
- 267
Hazırda Qərb bölgəsində bir neçə qadın futbol komandası fəaliyyət göstərir. Bu komandalardan biri də Gəncəni təmsil edən "Ümid" komandasıdır. Qərb bölgəsinə səfərimiz zamanı bu komandanın da düşərgəsində olduq. Göygöl Olimpiya İdman Kompleksinin meydançasında "Ümid" komandası zona yarışları üzrə "Turan Tovuz"la qarşılaşdı və böyük hesabla qalib gəldi. Komandanın baş məşqçisi Elnur Qurbanov Rekord.az-ın əməkdaşı ilə söhbətdə komandanın çıxışı, mövcud şəraiti gələ gələcək hədəfləri haqda danışdı: "Komandamız Qərb zonasında mübarizə aparır və "Ümid" adlanır. Yerli təhsil idarəsinin balansında olan komandadır. Gəncə TİM-ə aiddir. Komanda "Umid" adlanır, "Təhsil"in baş məşqçisi İlham Səmədovun oğlu Ümidin adını daşıyır (söhbət "Kəpəz"də forma geyinən Ümid Səmədovdan gedir). İki ildir Azərbaycan çempionatında iştirak edirik, şükür Allaha naliyyətlərimiz nəzərə çarpandı. U-13 və U-14 yaş qrupunda iki dəfə Azərbaycan 3-cüsü olmuşuq, finalın bir addımlığından dönmüşük. Bu mövsüm üçün də hədəflərimiz yüksək yerlərdi. Ev oyunlarımızı Göygöldə oynayırıq. Həftədə dörd dəfə məşqimiz olur. Açığımı desəm məşq şəraitimiz o qədər də ürəkaçan deyil, orta məktəbin meydançasında məşq edirik. Halbuki bunlar 11/11-ə oynadığı üçün böyük meydançada məşq etməlidirlər. Bu da bizi inkişafdan geri salır. Şərait yaxşı olsa, nəticələrimiz daha yaxşı olardı, milliyə daha çox futbolçy verərdik. Çünki Bakıda Bakı komandalarına qarşı oynayanda şərait arasındakı fərqi daha açıq şəkildə görünür. Buna baxmayaraq, çalışırıq yüksək nəticələr qazanaq, milliyə futbolçu verək. Hazırda komandamızdan 4 nəfər milli komandaya da dəvət almışdı. Nuray Ələkbərli, Səmayə, Aysu İsmayılova və Zəhra Abdullayeva. Bu sayın gələcəkdə daha da artacağına ümid edirik".