“Gəncə”nin kanadalı basketbolçusu İrşad Hant Azərbaycan Basketbol Liqasının 4-cü turu çərçivəsində “Xırdalan” üzərində qazandıqları 88:74 hesablı qələbə ilə bağlı klubun mətbuat xidmətinə müsahibə verib.

Rekord.az həmin müsahibəni təqdim edir:

- İlk ev oyunu və ilk qələbə. Maraqlıdı, İrşad nə düşünür?
- Düzünü desəm, çox həyacanlı idik. İstər oyunun ilk hissəsi, istərsə də böyük fasilədən sonra eyni hissləri yaşadıq. Çünki ilk dəfə idi ki, Gəncədə meydana çıxırdıq. Matçın yekununda qələbə qazandıq. Komandamızla fəxr edirik. Biz hamımız əvvəlki uğursuzluqları unudub axır ki, öz oyunumuzu göstərə bildik. Gəncədə, doğma meydanda qalib gəlib azarkeşləri də sevindirdik. Bunun ardı gələcək.

- Komandanın heyətində oyunun ən məhsuldar basketbolçusu oldun. Gözlənilən idi?
- Deyə bilərəm ki, həm özümə, həm də kollektivə inanıram. Komanda yoldaşlarımın da mənə etimadı böyükdür. Qarşılıqlı inam bizi ruhlandırır. Gözləntiləri həmişə həyata keçirməyə çalışıram. Bundan sonra da belə olması üçün çalışacam.

- Növbəti oyuna hazırlaşırsız. Məşqlər necə gedir?
- Çempionat uzun marafondur. Qarşıda çoxlu matçlar var. Bütün görüşlərə eyni diqqəti göstəririk. Vaxtımız azdır, ona görə də böyük istəklə, həvəslə hazırlaşırıq. Gəncədəki ilk qələbə fantastik idi. Amma o oyunu tez bir vaxtda unutmalıyıq. Növbəti qarşılaşma üçün əlimizdən gələnin ən yaxşısını etməliyik.