"Gənclik" metrosunda gözləyirdim ki. Elman Türkoğlu pul tapıb gətirsin uşaqlara 2-3 "şirvan" verim"
- 10 Noy 2023 15:00
- 1415
Həmsöhbətimiz 2003-cü ildə fəaliyyət göstərmiş və qısa ömür sürən “Lider Qarabağ”ın baş mışqçisi olmuş Məmmədəli Qəniyedir.
Rekord.az xəbər verir ki, "Lider Qarabağ" həmin dövrdə Şuşanı təmsil edirdi.
Məmmədəli müəllim öncə komandanın yaranma tarxi və zərurıti haqda danışdı: “Lider Qarabağ”ı 2003-cü ildə yaratdıq. Daha doğrusu, Elman Türkoğlu komandanı yaratdı, mənə də baş məşqçi olmağı təklif etdi. Düzünü deyim, komanda ilk olaraq Ağdamı təmsil edirdi. Çünki o vaxt ağdamlı uşaqlar da komandaya maliyyə yardımı etməliydi, Ağdam icra başçısı da dəstək verməliydi. Razılıq bu cür olmuşdu. Lakin təəssüf ki, bunlardan heç biri olmadı. Sonra bəli, Şuşa variantı ortaya çıxdı. Əslində o komanda ümumi Qarabağı təmsil edirdi. Ona görə də fərqi yox idi, Ağdam ya Şuşa. Əsas o idi ki, komandaya sponsorluq edən, maliyyə ayıran olsun”.
Məmmədəli müəllimlə söhbət zamanı məlum oldu ki, komanda Şuşanı təmsil etməyə başlayandan sonra da heç kimdən dəstək almayıb: “Sizə deyim ki, komandada maaş söhbəti yox idi. Yəni fəaliyyət göstərdiyi dövrdə futbolçular maaşsız oynadı. Ayda ildə bir dəfə 3-5 manat olurdu o qədər. Ümumiyyətlə, klub olaraq heç bir nizamnaməmiz də yox idi. Sadəcə, komanda yaradıb I Dəstəyə buraxmışdıq. Sağ olsun, Məlik Həsənov da komandanın çempionatda oynamasına yardım etmişdi. Yadımdadır ilk vaxtlarda komanda “Gənclik”də məşq edirdi. Tofiq Bəhramov adına Respublika stadionunun arxasında asfalt meydança var idi, orda məşq edirdik. Mənim evim onda orda idi. Bəzən məşqdən sonra saatlarca metronun yanında gözləyirdim ki, Elman Türkoğlu bir az pul tapıb gətirəcək mən də uşaqlara verəcəm. O da hər uşağa 2-3 “şirvan” düşürdü. Dediyim kimi, maaş yox idi. Halbuki söz verənlər var idi. Ancaq heç kim kömək eləmirdi. 5-6 köhnə top var idi hər məşq mən onu evdən gətirib, axşam aparırdım. Qoymağa yer də yox idi".
Qəniyev bütün çətinliklərə baxmayaraq, komandanın heç də pis oyun sərgiləmdiyini dedi. Bildirdi ki, əgər maddi dəstək olsaydı “Lider Qarabağ”ı elitaya da çıxarmaq olardı: “Maddi durumumuz pis olsa da heyətimizdə yaxşı futbolçular var idi, gözəl kollektiv formalaşdırmışdıq. Mən həmin komandadan əvvəl milli komandada inzibatçı kimi çalışmışdım. Müəyyən əlaqələrim var idi. Bundan istifadə edib bacarıqlı uşaqları ətrafıma toplamışdım. Qapıda təcrübəli Elşad Tahirov dayanırdı. Bir vaxtlar “Viləş”in şərəfini qorumuşdu. Ehtiyat qapıçımız isə Saşa Yunisoğlunun atası Yunis Məmmədzadə idi. Bundan başqa, Rövşən Babayev də bizim komandamızda idi. Anar Həsənov, Anar Səfərov kimi bacarıqlı futbolularımız var idi. Debütant olsaq da çempionatda “Karat”, “Energetik” kimi komandalara qarşı çox yaxşı oyun nümayiş etdirmişdik. Mövsüm öncəsi yeni yaranmış “Gənclərbirliyi” ilə yoxlama görüşü keçirmişdik. Onlar da yeni yaranmışdı, biz də. “Gənclərbirliyi” yəqin ki yadınızdadır, hansı büdcəyə malik idllər. Sabir Əliyev yeni komanda qururdu və düşərgəyə xeyli futbolçu cəlb etmişdi. Amma “İnşaatçı” stadionunda oynanılan oyunda biz onları 5:0 məğlub etdik. Həmin oyundan sonra Sabir Əliyev bizim komandanın bir neçə futbolçusunu “Gənclərbirliyi”nə dəvət etdi. Çempionatda “Karat”a 2:3 uduzduğumuz oyun bu gün də yadımdadır. Rəqibin heyətinə təcrübəli və tanınmış futbolçular oynayırdı. Qapıda Rəşad Mustafayev, müdafiədə Elman Soltanov, hücumda Zaur Ramazanov. O komanda ilə başa-baş futbol oynadıq və 2:3 uduzduq. Amma həmin oyunda hakim bizə qarşı açıq-aşkar qərəz nümayiş etdirdi. Ölkə kubokunda da uğurlu çıxış etmişdik. 1/16 finalda “Saf”la qarşılaşırdıq. Həmin vaxt “Saf” da yeni yaranmışdı və onlar da iddialı idi. O zaman biz artıq Şuşanı təmsil edirdik və Sumqayıta köçmüşdük. İlk oyunda bu komandanı 4:1 məğlub etdik. Cavab oyununda da 1:1 oynayıb 1/8 finala vəsiqə qazandıq. 1/8 finalda “Şəfa” ilə qarşılaşmalı idik. “Şəfa” da o vaxt güclü idi, heyətində Zaur Tağızadə, Elçin Rəhmanov, Ruslan Musayev, Ayxan Abbasov, Zaur Həşimov kimi futbolçular var idi. Gənclər yığması idi. Baş məşqçi Əsgər Abdullayev idi. Əsgər müəllimlə daha öncə yığmada da işləmişdik. Bu səbəbdən oyundan öncə mətbuat bu oyun haqda “müəllimlə tələbənin dueli” başlıqda yazı vermişdi. Həqiqətən çox həvəsli idik və maraqlı oyun olacaqdı. Lakin təəssüf ki, istəyimiz gözümüzdə qaldı. Halbuki düşünürdük ki, heç olmasa mərhələ keçəndən sonra uşaqlara bir az pul verərdilər. Ancaq alınmadı. Elman Türkoğlu da çox çalışdı, amma pul tapa bilmədi. Bundan sonra artıq hamının həvəsi öldü. Uşaqlar da bildirdilər ki, beziblər və oyuna çıxmaq istəmirlər. Elə oldu ki, həqiqətən də əsas heyət üzvləri oyuna çıxmadı. Heç mən özüm də oyuna getmədim. Cavan uşaqlar çıxıb oynamışdılar onlar da böyük hesabla uduzmuşdular. Amma əsas heyətlə oynasaydıq “Şəfa”nı da keçə bilərdik”.
Məmmədəli müəllimin sözlərinə görə, vəziyyət o qədər kritik həddə çatdı ki, komanda heç birinci dövrəni də başa çatdıra bilmədi: “Qarabağı təmsil edən istənilən komandanın yaşaması çox vacibdi. Biz o vaxt çox çalışdıq ki, “Lider Qarabağ”ı yaşadaq. Şuşa elə bölgəmizdir ki, komandasının olması mütləqdir. Lakin təəssüf ki, dəstək verən olmadı. Vəziyyət o qədər acınacaqlı duruma çatdı ki, heç ilk dövrəni də bitirə bilmədik. Yuxarıda dediyim kimi, oynadığımız oyunlarda iddialı rəqiblərimizlə başa baş oynayırdıq. Hardasa 5 tur oynadıq. Amma “Gənclərbirliyi” ilə oyuna çatdıra bilmədik. Pulsuzluq ucbatından komanda demək olar ki, dağılmışdı. Düzdür, “Lider Qarabağ” komanda olaraq “Gənclərbirliyi” ilə oyuna çıxdı. Amma o komanda mənim komandam deyildi. Nə mən var idim, nə də mənim yığdığım heyət. Ona görə “Gənclərbirliyi” matçı 8:0, ya 9:0 qalib bitirmişdi. Halbuki mövsüm öncəsi hazırlıq matçında biz onları 5:0 məğlub etmişdik. Elə demək olar ki, “Gənclərbirliyi” ilə oyundan sonra komanda tamamilə fəaliyyətini dayandırdı heç ilk dövrənin son matçına da çıxmadı”.
Anar XANLAROV