Bu dəfə sizə Rumıniya futbolunun canlı əfsanəsi Georgi Hacinin həyatından bəhs edən yazı təqdim edəcəyik. Düşünürük ki, kifayət qədər marağınızı səbəb olacaq. Çünki burada bəlkə də indiyə qədər eşitmədiyiniz faktlarla rastlaşacaqsınız. Əslən makedoniyalı olan rumın futbolçu iki dəfə dədə-baba yurdundan didərgin düşən, köçkün həyatı yaşayan bir ailədə dünyaya gəlib

 

Hacılar niyə ev-eşiklərindən didərgin düşdülər?



Lozanna müqaviləsinə əsasən Türkiyə ilə Yunanıstan arasında əhali mübadiləsi aparılmalı idi. Türkiyədən gələn təxminən 1,5 milyon yunanın yerləşdirilməsi üçün Afina hökuməti Makedoniyanın şimalındakı ərazilərə göz dikmişdi. Bu siyasi hadisələr Hacının ailəsinə təsirsiz ötüşmədi. Ailənin Rumıniyaya köçməkdən savayı yolu qalmadı. Di gəl kəndlərin birində təzəcə yurd salmağa başlamışdılar ki, Rumıniya hökuməti bu bölgəni Bolqarıstana verməli oldu. 1940-cı il idi. Yenə də köçkünlük, didərginlik. Hacıgil bu dəfə şimala üz tutdular. Onlar Kostensenin şimalındakı Sasele kəndində məskən saldılar.



Topla ilk tanışlıq

Ailənin dördüncü övladı Hacı 1965-ci il fevralın 4-dən 5-ə keçən gecə dünyaya gəlib. Ona babasının adını verdilər - George. Amma hamı onu qısaca Giça deyə çağırırdı. Giça çox zəif və boyca həmyaşıdlarından balaca idi. Amma buna baxmayaraq yerə qar düşəndən gün qızana qədər ayaqyalın gəzib-dolaşmaqdan yorulmurdu.
1966-cı ildə babası George ona tanış olmayan bir hədiyyə bağışladı. George baba kəsdiyi donuzun sidik kisəsini çıxarıb təmizlədikdən sonra onu asıb qurutdu. Giçanın "topla" ilk tanışlığı belə oldu. Onda kim deyə bilərdi ki, bu cılız uşaq maraqlı oyuncaq bildiyi sidik kisəsini dünyanın futbol aləminin ən yüksək zirvəsinə - Madrid "Real"ına qədər qovacaq və dünyananın məşhur futbolçuları sırasına qatılacaq.
Artıq dörd yaşında nənəsinin ipəkdən düzəltdiyi bir topu qovurdu. Bir il sonra isə babası bu dəfə ona at dərisindən yeni bir top düzəltdi. Qaçmağa, ürəklə top qovmağa düz-əməlli yer tapa bilməsə də, "top"la davranmaqdan böyük zövq alırdı. Giça həyatında ilk əsl topa sahib olanda 6 yaşı var idi. Bu topu anası onun üçün şəhərdən alıb gətirmişdi. 1973-cü ilin payızında Hacının ailəsi Kontstantaya üz tutdu.



Futbol, futbol, futbol...



Giça makedoniyalı qaçqınların təşkil etdiyi bir futbol klubuna yazıldı. 9 yaşlı Giça qrupda ən balaca idi. Böyüklər onu qapıçı qoyurdular. Bəzən mərhəmət göstərərək onu oyuna da buraxardılar və Giça da var gücüylə özünü göstərməyə çalışırdı, topu alan kimi qapıya doğru cumurdu. 1975-ci ilin apreli idi. Bir çərşənbə günü "FK Kostense"nin gənclərdən ibarət komandasında çıxış edənlərdən biri məşqçisi Yojef Bukossiyə "Yoji əmi, 23-cü məktəbdə bir oğlan var, qabağında durmaq mümkün deyil" deyir. Yojef Bukossi Hacıyla ilk tanışlığına belə xatırlayır: "O qədər calız idi ki, onun mənə təriflənən həmin oğlan olduğuna əvvəlcə inanmadım. Amma sonra fikirləşdim ki, bəlkə bir yoxlayım. Uşağı qapı qarşısına göndərdim. Qapıçının dəf etdiyi toplara çataraq yenidən zərbə endirir, geri qayıdan topları əvvəl bir neçə dəfə ayağının üstündə oynadır sonra vururdu. Topla rəftarı bir neçə il idmanla peşəkar səviyyədə məşğul olan futbolçulardan qətiyyən fərqlənmirdi".
1976-cı ilin iyul ayında Kontstantada da yeniyetmələr arasında turnir keçirilirdi. Bu Giça üçün bir şans idi. Bir sıra məsələlər yoluna qoyulduqdan sonra 11 yaşlı Giçanın Kostenseni təmsil edən komandaya daxil edilməsi həllini tapdı. İlk matçdan etibarən Hacının qolları bir-birini əvəzləməyə başladı. Bukossinin əzizlədiyi Kiça milli yığma komandanın məşqçisinin də diqqətini çəkdi. Giça məşqlərdən sonra da meydançanı tərk etmirdi. Çünki təklikdə vurğunu olduğu topu kimsəylə paylaşmağa ehtiyac qalmırdı.



İlk qazanc - 60 frank



1979-cu ildə Giça Fransaya getdi və yeniyetmələrdən ibarət yığmanın heyətində bir turnirdə iştirak etdi. Həyatında ilk dəfə Rumıniyanın qırmızı, sarı və mavi rəngli formasını geymişdi. İlk matçını Yunanıstana qarşı oynadı. Həmin matçda Yunanıstan yenildi. Giçanın komandası turniri üçüncü yerdə başa vuraraq bir qədər paraya sahib oldu. Hacıya düşən pay isə 60 frank, yəni 50 dollara yaxın puldu. Bu onun alın təri ilə qazandığı ilk para idi.
Giça artıq yüksəliş illərinə qədər qoyurdu. Həm çıxış etdiyi komandada, həm də yığmada möcüzələr yaradırdı. Litseyin son sinfində oxuyanda artıq birinci liqanın klubları onu gözaltı etmişdilər.
Amma onun ən ümdə istəklərindən biri 1983-cü ildə gerçəkləşdi: milli yığma komandaya başçılıq edən Mirça Luçesku onu yığmanın düşərgəsinə çağırdı. Hacı İtaliyada keçirilən bir turnirdə "Fiat" və "Yuventus"un sahibi olan Covanni Anellinin diqqətini çəkdi. Anelli Giçanın dalınca Rumıniyaya qədər gəldi. Yerli hökumətə ismarıc sifarişi yolladı: "Hacını "Yuventus"a verin, əvəzində Buxarestdə "Fiat"ın fabrikini açım". Amma Rumıniya hökuməti bu təklifi rədd etdi. Beləcə həm Hacı "Yuventus" kimi nəhəng klubda oynamaq, həm də Rumıniya gəlirli bir fabrikə sahib olmaq şansını əldən verdi.



Hacı və Çauşesku diktaturası



Hacı Rumıniyada Çauşesku ailəsinin hökmranlıq etdiyi diktatorluq rejimində peşəkar futbolçu kimi yetişirdi. Az sonra tələbələrdən ibarət "Universitatya Krayeva" klubu ilə razılaşma imzaladı və Krayeva Universitetinin iqtisadiyyatın əsasları fakültəsində təhsil almağa başladı. Amma Çauşeskunun kiçik oğlu Niku ölkənin gənclik komitəsi, eyni zamanda "Sportul Studenesk" komandasının fəxri rəhbəri idi. Niku Hacını komandasında görmək istəyirdi. Ona isə ölkədə "gözün üstə qaşın var" deyən yox idi.
Az sonra Hacı Buxarest İqtisadi Biliklər Akademiyasına qəbul oldu. Hamı onu öz komandasında görmək istəyirdi. Bir rumın atalar sözündə deyilirdi: "Əgər portağal dadlıdırsa, gücün çatan qədər sıx, yoxsa, başqası gəlib sıxar". Hacı da Rumın futbolunun nadir ələ düşən "meyvə"lərindən idi. Bu dəfə Buxarestin "Styaua" klubu Hacını almaq üçün səylərini artırdı. İşə hətta Çauşeskunun qardaşı general İliye qarışdı və Hacının "Styaua" (Buxarest) klubuna transferi baş tutdu. 1990-cı ildə dünya siyasətində baş verən dəyişiklik rüzgarı Rumıniyada da əsməyə başladı. Ölkədə demokratikləşmə prosesi gedirdi. Bu zaman Hacı xarici ölkə klublarından təkliflər gözləyirdi.
Həmin il dünya çempionatında onun ulduzu parladı. Avropanın beş nəhəng klubu Hacını əldə etmək üçün mübarizə aparırdı. Sonda Hacı Madrid "Real"ına qismət oldu. Onun transferi Madrid klubuna 4,3 milyon dollara başa gəldi - bu, həmin dövr üçün kifayət qədər böyük məbləğ idi.



"Sən bizə iqtisadiyyatdan yox, futboldan danış"



20 may 1992-ci ildə Buxarestdə Rumıniya-Uels matçı 5:1 hesabı ilə başa çatdı. Hacı möhtəşəm oyunu ilə minlərlə azarkeşi riqqətə gətirdi. Matçdan sonra şəxsi təyyarə Hacını Madridə aparmaq üçün hava limanında gözləyirdi. Amma Hacı ertəsi gün universitetdə dövlət imtahanını verməli idi. Onun başqa yolu yox idi, imtahan verib, ali təhsil haqqında sənədə sahib olmalı idi. Akademiyaya gedib, auditoriyaya daxil oldu. Adlı-sanlı professorların qarşısında iqtisadiyyat haqqında təzəcə danışmağa başlamışdı ki, müəllimlər onu saxladılar: "Kifayətdir, yetər, belə şeyləri çox eşitmişik. Danışdığına ehtiyac yoxdur. Sən dünən 30 metrdən qol vurdun. Bax onu necə etdin, ondan danış". Sonra suallar bir-birini əvəz etdi: "Qrup mərhələsini keçə biləcəyikmi?" "Madriddə işlərin necə edir?"... Hacı müəllimlərin bütün suallarına cavab verdi.
Onun "Real"dakı futbol həyatı heç də rəvan alınmadı. Şərəfini qoruduğu "Kral klubu" heç bir böyük uğura imza atmadı. Hacı İspaniyada özünü tapa bilmədi, üstəlik çoxsaylı zədələr ona bacarığını nümayiş etdirməyə imkan vermədi.
Buna görə 1992-ci ildə Hacı həmvətəni Mirça Luçeskunun yanına - İtaliyanın "Breşiya" klubuna getdi...
1994-cü ildə Hacıya "Barselona" müştəri çıxdı. Uzun danışıqlardan sonra Hacı ilə ikiillik müqavilə imzalandı. Hacı bolqar Xristo Stoiçkov, braziliyalı Romario və holland Ronald Kuman kimi o dövrün məşhur futbolçuları ilə rəqabət aparacaqdı. Ancaq onun Kataloniya klubunda da işləri düz gətirmədi. "Barselona"nın baş məşqçisi Yohan Kroyffla dil tapa bilməməsi onun klubla vidalaşmasına gətirib çıxardı. 15 may 1996-cı il. Hacı "Barselona"da son matçını keçirdi. Yaxşı dincəlmək zamanı yetişmişdi, ancaq bundan sonra hansı klubda çıxış edəcəyi bəlli deyildi. Təklif çox idi, amma onu qane edəni yoxdu.



"Karpat Maradonası" "Qalatasaray"da



1996-cı ilin iyulunda futbol meneceri Bekali Hacıya zəng edərək soruşur: "Meksikada oynamaq istəyirsənmi?". Hacı bir müddət nə edəcəyini, hansı addımı atacağını bilmirdi. Çünki əvvəlkitək Avropanın böyük klublarında top qovmaq istəyirdi. Ancaq təklif olunan müqavilələr onu qane etmirdi. Bir tərəfdən də yaş öz sözünü deyirdi. 31 yaşına girmişdi və futbolla vidalaşmaq zamanı yetişirdi.
Hacının Meksikaya getməsi üçün artıq hər şey hazırdı. Hətta təyyarə biletləri belə alınmışdı. Ancaq bu zaman onun taleyində böyük dəyişiklik edəcək hadisə baş verdi. Hadisəni Bekalinin dilindən eşidək: "Hacının Meksikaya getməsi artıq həll olunmuşdu. Bu zaman Türkiyədən mənə zəng etdilər və Hacının durumunu öyrənmək istədilər. Telefon zəngi günorta saatlarında olmuşdu, axşam saat səkkizdə isə "Qalatasaray" prezidentinin köməkçisi və klubun icraiyyə komitəsinin iki üzvü Buxarestdə gəldilər. Birisigün saat dördə qədər danışıqlar apardıq, sonra Hacını taparaq onunla 3 illik razılaşma baradə niyyət sənədini imzaladıq. Türklər Hacını elə həmin gün İstanbula aparmaq istədilər. Mən isə Hacını İstanbula özüm gətirəcəyimi dedim. Ertəsi gün səhər türklərin təqdim etdiyi özəl təyyarə ilə İstanbula yola düşdük. Hava limanında yerə təzəcə ayaq basmışdıq ki, gözlərimə inanmadım. 200-300-dək mətbuat işçisi, yüzlərlə telekamera bizi gözləyirdi". Bekali Fatih Terimlə ilk görüşünü belə xatırlayır: "İstanbula gəldiyimiz günün ertəsi "Qalatasaray" klubunun prezidenti Faruk Sürənlə görüşdük, amma razılığa gələ bilmədik. Heç bir sənəd imzalamadan hava limanına doğru yola çıxdıq. Prezidentin köməkçisi Ergün Gürsoy maşında "Florya yolumuzun üstündədi. Oraya bir baş çəkəkmi?" deyə üzünü mənə tutdu. Sonra davam etdi: "Fatih Terimlə də görüşək". Mən "Qoy olsun, nə deyirəm ki" deyə cavab verdim.


Fatih Terim mənə "Cənab Bekali, mən Hacını komandamda görmək istəyirəm. Çılğın olduğunu bilirəm, ancaq mən onu "Qalatasaray"da görmək istəyirəm". O, hər şeyi özü yoluna qoyacağına söz verdi. Adi məşqçi olsa da, onun sözlərinə qeyri-ixtiyari inandım. "Bu axşam razılaşma sizə təqdim ediləcək" deyib bizi yola saldı. Axşam klubun icraiyyə komitəsinin toplantısı oldu və iyulun 31-də əlimdə imzalanmış müqavilə Buxarestə döndüm". Və Hacının "Qalatasaray"lı günləri başladı. Bu, həm Türkiyə futbolu, həm də George Hacı üçün qeyri-adi günləriydi.
Məncə, Hacının "Qalatasaray"da qazandığı saysız-hesabsız uğurlar və Türkiyə futboluna verdiyi böyük fayda, göstərdiyi misilsiz xidmətlər başqa yazının mövzusudur...