"Sumqayıt"ın ın baş məşqçisi Vaqif Cavadov Azərbaycan Kubokunun 1/4 final mərhələsi çərçivəsində "Sabah"a qarşı keçirdikləri cavab oyununu şərh edib.


Rekord.az xəbər verir ki, o, 0:4 hesabı ilə məğlub olduqları matçla bağlı bunları söyləyib:


“İki fərqli hissə izlədik. Çox yaxşı rəqibə məğlub olduq. Hesab öz sözünü dedi. Ona görə də nəsə deməyə ehtiyac yoxdur. Fikirləşdiklərimizi reallaşdıra bilmirik. Ya məşqçi getməlidir, ya futbolçular. Komanda 0:4 uduzub. Amma qol imkanlarımız var idi. Nəyəsə gücümüz çatmır. Əgər getməyim komandanın xeyrinədirsə, gedərəm. İnanıram ki, bu vəziyyətdən çıxacağıq.


Qol imkanlarından istifadə edə bilmirik. “Sabah” 4 imkanın hər birini qola çevirdi. Bu, onların ustalığından xəbər verir. İndiki halda nə deyə bilərəm? Komanda son sıralardadır və heç nə alınmırsa, baş məşqçi getməlidir, gedərəm. Amma bu vəziyyətdən komandanı çıxarmaq istəyirəm. Deyirlər ki, Vaqif çox danışır, işini görsün. Mən futbolçu olanda da nə varsa, demişəm. Məsləhətə qulaq asıb, az danışacağam”.