Gimnastika Federasiyasının İcraiyyə Komitəsinin iclası keçirilib
- 27 Dek 2021 18:29
- 584
Azərbaycan Gimnastika Federasiyasının (AGF) İcraiyyə Komitəsinin onlayn formatda iclası keçirilib.
Rekord.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, ilin yekunlarına həsr olunmuş toplantıda AGF-nin vitse-prezidenti Altay Həsənov, İcra Komitəsinin üzvləri Mariana Vasileva, Rafiq Behbudov və Rauf Əliyev, eləcə də gimnastikanın müxtəlif növləri üzrə yığma komandaların baş məşqçiləri iştirak ediblər.
Baş məşqçilərin, həmçinin federasiya ilə sıx əməkdaşlıq edən idman təşkilatlarının 2021-ci il üzrə hesabatları dinlənilib və təsdiq edilib. Eləcə də regionlarda fəaliyyət göstərən gimnastika bölmələrinin fəaliyyəti barədə məruzə diqqətə çatdırılıb.
Daha sonra federasiyanın fəaliyyəti ilə əlaqədar iclasın gündəliyində duran bir sıra mühüm məsələlər müzakirə olunaraq, AGF-nin “Etika”, Gimnastikada Təhlükəsiz Mühitin Təminatı və İştirakçıların Şəxsiyyətinin Mühafizəsi”, “Kütləvi İnformasiya Vasitələri”, “Lisenziya”, “Məşqçilərin Peşəkar Hazırlığı üzrə Tədris Proqramına dair” qaydalar qəbul olunub, eləcə də, “İntizam Məcəlləsi” və “Texniki Reqlament”ə dəyişikliklər təsdiqlənib.
Mərasimdə həmçinin növbəti ilin əvvəlində keçiriləcək AGF-nin 12-ci Ümumi Yığıncağının tarixi müəyyən edilərək gündəliyi təsdiqlənib. Bundan əlavə, AGF-nin 2022-ci il üzrə planları barədə müzakirə aparılıb.