Gimnastika üzrə Azərbaycan çempionatı keçiriləcək
- 13 Mar 2022 16:00
- 553
Gimnastika növünün ən zərif nümayəndələri martın 16-sı və 17-də keçiriləcək bədii gimnastika üzrə Azərbaycan çempionatında qüvvələrini sınayacaqlar.
Rekord.az xəbər verir ki, çempionatda fərdi gimnastlar gənclər (2007-2009-cu illər təvəllüdlü) və böyüklər (2006-cı il təvəllüdlü və daha böyük) yaş qruplarında medallar uğrunda mübarizə aparacaqlar.
Qaliblər həm ayrı-ayrı alətlərdə (top, halqa, gürzlər, lent), həm də çoxnövçülük xalına görə müəyyənləşəcək. Çempionatın ilk günü gənclər və böyüklər arasında çoxnövçülük yarışları, ikinci günü isə alətlər üzrə final mərhələləri baş tutacaq.
İki illik fasilədən sonra xüsusi karantin rejimi çərçivəsində yumşalma tədbirləri ilə əlaqədar olaraq, tamaşaçılar Milli Gimnastika Arenasında yarışları izləmək imkanı əldə edəcəklər.
Yarışlarda tamaşaçı qismində iştirak edəcək şəxslər COVID-19-a qarşı etibarlı olan peyvənd sertifikatına və ya COVID-19-dan sağalaraq immunitetə malik olmanı təsdiqləyən sənədə, COVID-19-a qarşı peyvənd əks-göstərişi müəyyən edən əks-göstəriş sertifikatına (yaşı 18-dən aşağı olan şəxslər istisna olmaqla) malik olmalıdırlar.