Azərbaycan Voleybol Federasiyasının (AVF) təşkilatçılığı ilə qızlar və oğlanlar arasında  28 May - Müstəqillik Gününə həsr olunmuş voleybol üzrə zona birinciliyi keçiriləcək. "Rekord.az" xəbər verir ki, voleybol turniri mayın 25-də Goranboy Olimpiya İdman Kompleksində baş tutacaq. 15 yaşadək qızlar və oğlanlar arasında təşkil olunacaq yarışda ətraf rayonların komandaları da iştirak edəcəklər.

Yarışın proqramına uyğun olaraq mayın 25-də öncə iştirakçı komandaların məşqçiləri ilə iclas keçiriləcək. İclasda AVF-nin nümayəndələri və voleybol mütəxəssisləri iştirak edəcəklər. Ardınca qarşılaşmalar baş tutacaq.

Qeyd edək ki, bölgələrdə bu cür yarışların keçirilməsində əsas məqsəd perspektivli gənc oyunçuların müəyyənləşdirilməsi və onların gələcəkdə milli komandaya cəlb olunmasıdır.