"Görün AFFA rəhbərliyi kimlərə dəvət göndərir"
- 29 Avq 2020 13:00
- 1653
Əmir Ağayevin məsələsindən sonra dünən bütün diqqət yenidən yığmaya yönəldi.
Bu dəfə də “milliləşdirilən” futbolçu ilə bağlı.
Sportinfo.az xəbər verir ki, Dmitri Nazarov koronavirus bəhanəsiylə yığmanın Millətlər Liqasındakı oyunlarına gəlməkdən imtina edib. O, dəvət aldığını, lakin bu səfərin riskli olduğunu, təhlükəsizliyin hər şeydən əvvəl gəldiyini bildirib.
Bəli, 2014-dən bəri milli forma geyən futbolçu bu gün onun şərəfini qorumaqdan, turnirin ilk oyunlarında komandasına kömək etməkdən boyun qaçırır.
Məsələ ilə bağlı AFFA da açıqlama yayıb. Qurum Azərbaycana səfər etdikdən sonra Almaniyada bir müddət karantinə cəlb olunacağı üçün Nazarovun baş məşqçi Canni De Byaziyə müraciət etdiyini və qarşılıqlı razılıq əsasında toplanışında iştirak etməməsi barədə qərar qəbul olunduğunu açıqlayıb.
AFFA-nın vitse-prezidenti Vaqif Sadıqovun məsələ ilə bağlı mövqeyi belə oldu: “Hər bir futbolçu millidə oynamağa can atmalıdı. Yığmada oynamaq, dəvət almaq onun üçün şərəf olmalıdı. Bu, çox vacib amildi. Onda biz istədiyimiz komandanı formalaşdıra bilərik.
Nazarovun məsələsi Canni De Byazi ilə bağlıdı, onlar razılaşıblar. Söhbət necə olub, detallar necədi, bilmirəm. Amma dediyim kimi, millidə oynamaq hər kəs üçün vacib olmalıdı və hər bir futbolçu qürurla, fəxrlə yığmanın formasını geyməlidi”.
Novruz Əzimov isə günahı futbola rəhbərlik edənlərdə gördü: “Nazarovun dediyi şəxsi fikridi, amma onu axtarıb tapanlara, milliyə gətirənlərə bu sualı vermək lazımdı.
Nazarov əvvəllər də bir neçə dəfə özünü yuxarıdan aparmışdı, kollektivə yaraşmayan hərəkətləri olmuşdu. İndi də gəlməkdən imtina edir. Sözsüz, milli bağlılıq, təəssübkeşlik yoxdu.
Belə adamları “necə olur-olsun, gəlib millidə oynasın” deyərək gətirirlər. Ürəyi, canı ilə meydanda olmayan insan heç vaxt yığmaya lazım deyil. Futbol başbilənlərimiz bu yolu tutublar və elə bilirlər ki, düz olan budu. Azərbaycanlı futbolçu yetişdirmək lazımdı.
15 ildi ölkədə düz-əməlli futbolçu yetişmir. İstedadlı, heç olmasa, Rusiya premyer-liqasında oynayan futbolçu yetişdirə bilməmişik.
İndi Rusiyada Kamran Əliyevlə Ayaz Quliyev oynayır, amma o uşaqlar elə oranın yetirməsidi. Bunlar futbolçu yetişdirmək haqda fikirləşmirlər, futbola ancaq biznes baxımından yanaşırlar. Bu məsələ ilə bağlı başqa bir söz deməyə ehtiyac yoxdu”.
Millinin sabiq futbolçusu Vaqif Cavadov da məlum məsələ ilə bağlı təəssüf hissi keçirir: “İndiyədək dəfələrlə demişəm ki, “milliləşdirilən” futbolçular lazım deyil. Bunun da bir sübutu elə Dmitri Nazarovdu. Millini fikirləşirsə, can atırsa, koronavirusu, hansısa xəstəliyi bəhanə edib gəlməməsi absurddu.
Yığmada oynayırsansa, milli ruhun olmalıdı, vətəni sevməlisən, can atmalısan bu ölkəyə. Ölkə sənə maddi cəhətdən qapı açıb, bu bayrağın altında, millinin şərəfini qorumaq şansı verib. Sən isə deyirsən ki, mən danışmışam, koronavirusa görə gəlməyəcəm.
Qalan milli üzvləri, başqa yığmalara gələn futbolçular elə deyə bilər? Gürcüstan millisinin futbolçusu elə cavab verə bilərmi ki, mən Almaniyada oynayıram, gələ bilmərəm? Həmin futbolçunu orda vətən xaini elan edərlər.
Analoqu olmayan sözlərdi. Görün AFFA rəhbərliyi hansı futbolçulara üstünlük verir, kimlərə dəvət göndərir… Həmin futbolçular lazımdı, bizim bəzi yerli futbolçularımız isə yox?
Sadəcə, milli komandanı, Azərbaycanı sevən futbolçuların qədrini bilmək lazımdı. Bilməliyik ki, hansı futbolçular gəlir və kimlər “yox, gələ bilmərəm” deyir. Ona görə də bizim futbolumuz bu gündədi”.
Cavadov Əmir Ağayevin “milliləşdirilməsi” ilə bağlı da fikirlərini bölüşdü: “Əmir Ağayev yaxşı futbolçudu, potensialı var, amma bilmirəm milliyə nə dərəcədə xeyir verə bilər. Onu yığmanın baş məşqçisi görüb, qiymət verməlidi. Şəxsi fikrim belədi ki, onun mövqeyində oynayan yerli futbolçular kifayət qədərdi”. (Futbol+)