Qazax stadionunun təmir olunacağı ilə bağlı xəbərlər rayonun futbol həyatında da canlanma yaradıb.

Rekord.az-a açıqlama verən "Göyəzən"in baş məşqçisi Elxan Muradov bildirib ki, artıq əsas komanda ilə yanaşı, uşaq futbolunda da müsbət tendensiya müşayət olunur.

Artıq uşaq komandalarında məşğul olanların sayı 100-ü keçib. Əsas komandanın da iddiaları artıb: "Son zamanlar Qazaxda futbola maraq artıb. Bir neçə yaş qrupu formalaşdırmışıq, uşaq sayı 100-ü keçib. Dörd uşağımız "Turan Tovuz"un futbol akademiyasına seçilib. Əsas komandamız da iddialıdır. Sağ olsun sponsorumuz "TuranBank", həm əsas komandaya, həm də uşaq komandalarına diqqət göstərir. Maaşlarımız artırılıb, formalar, toplar alınıb. "Göyəzən"in baş məşqçisi olaraq, şəxsən mən ötən il də iddialı idim. Lakin təəssüf ki, əsas mərhələdə hakim haqsızlığı ilə üzləşdik. Bu mövsüm haqsızlıq olmasa, yüksək nəticə göstərəcəyimizə ümidliyəm. Baxmayaraq ki, komandamız demək olar ki, gənc futbolçulardan təşkil olunub".