Xəbər verdiyimiz kimi, oktyabrın 31-də keçirilən 2-ci liqanın "Göygöl" - "Şəki Siti" matçında qalmaqal baş verib. Belə ki, 83-cü dəqiqədə baş hakim Rövşən Rəcəbov oyunu dayandırıb. Buna meydan sahibi komandanın hakimə davamlı etirazları səbəb olub. Nəticədə R.Rəcəbov və köməkçiləri polisin müşayiəti ilə meydanı tərk edib. Oyun isə bərpa olunmayıb. Bu zaman hesab 2:1 "Şəki Siti"nin xeyrinə olub. İkinci hissədə "Göygöl"ün 3 futbolçusu qırmızı vərəqə alıb. Həmçinin baş məşqçi Araz Mansurov da texniki zonadan uzaqlaşdırılıb. Klub isə oyundan sonra bəyanat yayaraq, hakimin onların futbolçularını təhqir etdiyini bildirib. Məsələ ilə bağlı yekun qərarı AFFA İntizam Komitəsi verib və bu gün açıqlanan qərarla "Göygöl" klubu və onun baş məşqçisi ağır cəzalanıb. 

Biz isə məlum qalmaqalda adı hallanan, hakimin qırmızı vərəqə göstərərək meydançadan çıxardığı futbolçu Vüqar Əşrəfli ilə əlaqə saxladıq. Rekord.az-a açıqlama verən Vüqar baş verənləri belə izah etdi: "Öncə onu deyim ki, AFFA İntizam Komitəsinin açıqladığı qərarla tanışam və deyərdim ki, çox ədalətsiz qərar oldu. Həm komandaya verilən pul cəzası, həm də baş məşqçimizə verilən cəza. Mənə elə gəlir çox ağır oldu. Oyun canlı yayımlanırdı, görüntülər bizdə də var. Bizim qapıya cərimə zərbəsi təyin olunur. Rəqib futbolçular da hakimdən bizə qarşı vərəqə verilməsini tələb edirdi.  Hakim də vərəqə verməyincə, rəqib komanda hakimə qarşı söyüş söydü. Biz də buna etiraz elədik ki, rəqib söyüş söyür də niyə onlara vərəqə göstərmirsən. Bizim bu etiraza cavab olaraq hakim də bizi söydü. Bizim də hamımız təəccüblə baxırdıq ki, bu hakim hardan gəlib, niyə söyüş söyür. Bir sözlə, həmin cərimə zərbəsi təyin olunan yerdə hakim bizim futbolçuları təhqir edib. Mən də həmin an orda olmuşam, futbolçular da buna etirazını bildirib. Özüm də aldığım ikinci sarı vərəqəyə görə etiraz eləmişəm və hakim məni də təhqir edib. Mən meydançanl tərk edəndə baş məşqçimiz meydançaya daxil olub və qalmaqal yaşanıb. Amma polislər də dərhal müdaxilə etdilər və oyunu davam etdirmək olardı. Amma nədənsə, hakimlər getməyə qərar verdi".