Gözəl uyu, Gözəl bəy...
- 11:29
- 59
2018-in avqust ayı idi. “Qarabağ” FK-nın bazasında xəbər yayıldı ki, klubun prezidenti Abdulbari Gözəl ziyarətə gələcək.
Klub ofisi üçün nadir olaylardan biri idi. Gözəl bəy (özünü belə təqdim edilməsini xoşlayırdı) gələndə bazada çay süfrəsi quruldu. Fevzihan Aras, Emrah Çelikel və Qurban Qurbanovla “besedka”da oturub söhbət edirdilər.
Bir neçə dəqiqədən sonra oturanların çönüb mənə baxdıqlarını və çağırdıqlarını gördüm. Yanlarına yaxınlaşanda Gözəl bəy “Oğlum, sən bizim mətbuat katibi deyilsənmi? Orda niyə durmusan, gəl, otur burda dedi”.
Ardınca futbolçularla görüşəndə məni yenə axtardı, çağırdı yanında əyləşdirdi, tərcüməçi olmasına rəğmən, dedi, “sən tərcümə et, söylədiklərimi”.
Sonradan bu hadisəni öz aramızda danışanda Fevzihan Aras dedi ki, “Gözəl bəyin ən böyük fərqi elə budu. Heç bir zaman, görünməz, müdaxilə etməz, işə qarışmaz, amma hamını görər və bilər”.
.. Hələ mən bu hadisədən neçə il əvvəl "Qarabağ"da, “Azərsun”da işə başlayanda Abdulbarı Gözəlin cəmi 55 yaşı olsa da, sözün əsl mənasında ağsaqqal idi.
Həyata sıfırdan başlayıb, əziyyət çəkib, dişiylə-dırnağıyla o istehsalçı dünyasını qurmuşdu.
Qədrinin-əziyyətinin fərqindəydi.
Bu fərqindəlik şirkət ideologiyasına bir "Gözəl bəy” anlayışı gətirmişdi.
Dürüst olmalısan, zəhməti sevməlisən, təvazökar olmalısan.
Bunu hamı bilirdi. Çay fabrikində də, eləcə də “Qarabağ” Futbol Klubunda da.
Yenicə dünyaya göz açan, heç nəyi olmayan ölkənin iqtisadi həyatına can suyu tökdüyü kimi “Qarabağ”a da öz balası kimi yanaşmışdı.
Uğursuzluqda silmədi, yıxılanda əlindən tutub qaldırdı.
Kimlər gəldi-kimlər getdi, “Azersun”u ayaqda tutdu, ən az azı ölkəyə istehsal yolu gətirdi, göstərdi.
Elə futbola da kimlər gəldi, kimlər getdi, “Qarabağ”ı yıxılmağa qoymadı. 70 min manatlıq illik büdcəylə başlayan epopeyada enişli-yoxuşlu dönəmlərdən böyük-güclü, tarix yazan “Qarabağ” ortaya çıxardı. Klubunun idarəçilərinə, baş məşqçisinə qədər özünün zəhmətini, inancını aşıladı, inanaraq inandırdı.
Ölüm haqdı. Bir gün gələn, bir gün də gedəcək.
Amma 15 il çörəyini yeyib, üzünü az gördüyüm, cəmi bircə dəfə ünsiyyətdə olduğum Gözəl bəyi yazmamaq olmazdı.
Bu ölkə hər zaman sizi əsl azərbaycanlı kimi xatırlayacaq, yaşadacaq.
Sizin “Qarabağ”ı yaşatdığı kimi..
Gözəl uyu, Gözəl bəy..
Nurlan İbrahimov