Güləş Federasiyası yeni təyinatları rəsmən açıqladı
- 21 Sen 2020 19:40
- 890
Bu gün Azərbaycan Güləş Federasiyasının ofisində iclas keçirilib.
Rekord.az xəbər verir ki, AGF-nin prezidenti Namiq Əliyevin rəhbərliyi altında baş tutan iclasda mühüm qərarlar qəbul edilib.
Belə ki, olimpiya çempionu Namiq Abdullayev sərbəst güləş üzrə yığmamıza baş məşqçi vəzifəsinə təyin olunub. Millimizdə Zəlimxan Hüseynov böyük məşqçi, Arif Abdullayev isə məşqçi kimi fəaliyyətini davam etdirəcək. Məşqçilər korpusu komandanı dekabrda Serbiyanın paytaxtı Belqradda keçirilməsi planlaşdırılan dünya çempionatına, gələn il baş tutacaq Olimpiadaya lisenziya xarakteri daşıyan təsnifat turnirlərinə və başqa yarışlara hazırlaşdıracaq.
Bundan başqa çimərlik güləşi üzrə yığmanı formalaşdırmaq və yarışlara hazırlaşdırmaq məqsədilə çimərlik güləşi üzrə dünya çempionu Oyan Nəzəriani yeni yaradılan komandaya baş məşqçi vəzifəsinə təyin olunub.
AGF-nin prezidenti iclasda bir sıra məsələlərlə bağlı fikirlərini səsləndirib: "Pandemiya ilə bağlı yarışlar təxirə salınıb. Ancaq dekabrda gənclərin və böyüklərin dünya çempionatı keçirilə bilər. Dünya Güləş Birliyi (UWW) bununla bağlı yekun qərarını oktyabrın 5-də keçiriləcək İcraiyyə Komitəsinin iclasında verəcək. Ola bilsin, dünya çempionatı keçirilməsə, onun əvəzinə dünyanın ən güclü 10 komandasının iştirakıyla bir yarış keçiriləcək. Bildiyiniz kimi, Olimpiadaya təxminən 10 ay vaxt qalıb. Bu o qədər də çox vaxt deyil. Olimpiya Oyunlarına ən yüksək səviyyədə hazırlaşmalıyıq. Sərbəst güləş üzrə yığma komandaya baş məşqçi vəzifəsinə Namiq Abdullayevi təyin etdik. Onun məşq metodu və işə məsuliyyətlə yanaşması xoşumuza gəlir. İnanırıq ki, etimadı doğruldacaq. Biz, həmçinin, çimərlik güləşinin də inkişafını qarşıya məqsəd qoymuşuq. Bildiyiniz kimi, güləşin bu növü yeniyetmələrin Olimpiadasının proqramına salınıb. Ona görə də çimərlik güləşinə maraq artmaqdadır. Biz güləşin bu növü üzrə məşq keçmək üçün bazamızda şərait də yaratmışıq. Uğurlu nəticələrin davamının gəlməsi üçün əlimizdən gələni edirik. Bütün komandaların baş məşqçiləri bir-biriləri ilə məsləhətləşsin, bir-birilərinə kömək etsinlər. Həm Namiq Abdullayevi, həm də Oyan Nəzərianini təyinatları münasibətilə təbrik edir, onlara işlərində uğurlar arzulayıram".
Olimpiya çempionu Namiq Abdullayev yeni vəzifəsi ilə bağlı bunları deyib: "Mənə etimad göstərdiyiniz üçün minnətdarlığımı bildirirəm. Karyeramı bitirəndən sonra da federasiyadan ayrılmamışam. Bildiyiniz kimi, 2009-cu ildən AGF-də yeniyetmələr üzrə vitse-prezident vəzifəsində çalışmışam. 2007-ci ildən Azərbaycan güləşində nəticələr əvvəlki illərlə müqayisə edilməyəcək qədər yaxşılaşıb. Olimpiadalarda, dünya və Avropa çempionatlarında qazanılan uğurlar da bunu göstərir. Ölkə başçısı İlham Əliyevin və federasiya rəhbərliyinin diqqət və qayğısını daim idmançılar hiss edib. Digər məşqçilərlə birgə əlimizdən gələni edəcəyik ki, ümidlərinizi doğruldaq".
Daha sonra Oyan Nəzəriani danışıb: "Ötən il federasiya bizi çimərlik güləşi üzrə 5 yarışa göndərdi. Nəticələr də yaxşı oldu. Artıq çimərlik güləşi üzrə zal istifadəyə verilib. Bu zal qış aylarında da məşq etməyə imkan verəcək. Azərbaycanda güləş bir nömrəli idman növüdür. Çalışacağıq ki, çimərlik güləşi də güləşin digər növləri kimi yüksək səviyyəyə çatsın, yaxşı nəticələrimiz olsun".
Sonda AGF-nin vitse-prezidenti Elçin Cəfərov hər iki məşqçini təbrik edib və onlara işlərində uğurlar arzulayıb.
Qeyd edək ki, iclas başa çatdıqdan sonra mətbuat konfransı keçirilib. AGF-nin prezidenti Namiq Əliyev jurnalistlərin suallarını cavablandırıb.