"Gürcüstanda "Neftçi" ilə oyun haqqında çox danışırlar"
- 16 İyn 2021 13:20
- 639
"Dinamo" yaxşı komandadır. Yeni baş məşqçinin gəlişindən sonra oyunlarında yaxşıya doğru dəyişiklik var. Meydanın hər yerində mübarizə aparırlar".
Rekord.az xəbər verir ki, bu sözləri sportinfo.az-a açıqlamasında "Neftçi"nin Çempionlar Liqasının I təsnifat mərhələsində Tibilisi "Dinamo"su ilə baş tutacaq oyunları haqqında danışan İbrahim Qədirzadə deyib.
Gürcüstanın "Samtrediya" klubunda çıxış edən azərbaycanlı futbolçu bu dueldə "Neftçi"ni daha şanslı görür: "Neftçi"nin şanslarının çox olduğunu düşünürəm. İnanıram ki, mərhələni "Neftçi" keçəcək".
Qədirzadə Gürcüstan çempionatının son turunda qarşılaşdıqları "Dinamo"nun üstün cəhətlərindən də söz açıb: "Əks hücumlara yaxşı çıxırlar. Cinahlardan çox gözəl istifadə edirlər. Son oyunda bizim komandanı uddular. Ən təhlükəli oyunçuları hücumçu Zoran Marusic olduğunu deyə bilərəm. Müdafiəçiləri də yaxşıdır. Ümumilikdə komanda şəklində oynayırlar. Fərdi oyuna az üstünlük verirlər. Komanda şəklində çox yaxşı çıxış edirlər".
Sabiq "Neftçi"li püşkdən sonra paytaxt klubundan onunla hələ əlaqə saxlayan olmadığını bildirib: "Neftçi"dən mənimlə əlaqə saxlayan olmayıb. Amma burda oyun haqqında çox danışırlar. Məlumatları az da olsa var. "Dinamo" buranın köklü klubudur. Təbii ki, inamları çoxdur. Maraqlı oyun olacağını düşünürlər. Məndən soruşanda hər kəsə "Neftçi"nin mərhələ keçəcəyini deyirəm. "Neftçi" forması da varımdı. Oyunumuz olmasa, dəstək olmağa gedəcəm".
Xatırladaq ki, "Xəzər Lənkəran" yetirməsi olan gənc futbolçu mövsümün əvvəli "Neftçi-2"də çıxış edib. O, bu il fevral ayı "Neftçi"dən Gürcüstanın "Samtrediya" klubuna keçib.