Mövsümün əvvəlində karyerasını bitirmək haqda düşünən Nicat Qurbanov Gürcüstandan gələn təklifi qəbul edərək, özünə yeni səhifə açdı. Rekord.az xəbər verir ki 27 yaşlı futbolçu karyerasını qonşu ölkənin ikinci liqasında çıxış edən “Samtredia” klubunda davam etdirmək qərarına gəldi. Həmyerlimiz elə ilk mövsümündə komandasında uğurlu çıxışla yadda qaldı. Belə ki, Samtredia təmsilçisi çempionatı ikinci pillədə tamamlayaraq pley-offa vəsiqə qazanıb. Pley-offda isə “Sioni”ni məğlub edən komanda əsas vəzifənin öhdəsindən gəlib. İlk mövsümündə komandanın əsas üzvlərindən birinə çevrilən Nicat Qurbanovla “Samtredia”nın elitaya yüksəlməsindən, ümumiyyətlə, Gürcüstan və Azərbaycan futbolunun fərqli və oxşar cəhətlərindən danışdıq.

 


- Yeni klubunla ilk mövsümündə yüksək liqaya vəsiqə qazandın. Öncə bununla bağlı təəssüratını bölüşərdin.
- Bu komandadan təklif gələndə məqsədləri barədə məlumat aldım. Əsas liqa üçün oynacaqlarını bildirdilər. Şükür ki, bu məqsədə çatmaq yolunda mənim də köməyim dəydi. Çünki rəhbərlikdən tumuş futbolçulara kimi hər kəs bunu çox istəyirdi. Deyərdim ki, Gürcüstan karyeram hələ ki çox uğurlu alınır.
- Ölkəmizdə də bir neçə klubda oynamısan. Gürcüstanla Azərbaycanı müqayisə etsək, hansı fərqləri deyə bilərsən?
- Açığı, burda birinci dəstə ilə yüksək liqa arasında çox da böyük fərq yoxdu. Çünki biz 6 ay ərzində burda bir neçə əsas liqa komandası ilə yoxlama oyununda gücümüzü sınadıq. Onlarla bizim aramızda çox fərq görmədim. Komandamızda bir-iki təcrübəli futbolçu olsaydı, bəlkə də qalib gələrdik. Ümumilikdə Azərbaycanla onlar arasında fərq ondadı ki, maliyyə və infrastruktur baxımından biz daha öndəyik. Özünüz də bilirsiz ki, Gürcüstan o qədər də varlı ölkə deyil. Ancaq azarkeş baxımından, puldan asılı olmayan məqamları götürsək, onlar daha üstündülər. Gürcüstanın milli komandasında ölkədə çıxış edən cəmi iki futbolçu var. Qalanlar legioner həyatı yaşayır. Burda da təbii ki, səviyyə fərqi sözünü deyir.
- Yaxşı mövzuya toxundun. Onlar legioner həyatı yaşayır, bizdə isə bunu görə bilmirik. Səncə, bizdə xaricdə oynaya biləcək istedada malik oyunçu yoxdu?
- Mən bura 27 yaşımda gəldim. Düzdü, yüksək liqa komandası deyil, ancaq yenə də iddialı klubdu. Legioner həyatı yaşamaq çox gözəldi. Bizimkilər dil, uyğunlaşmaq kimi çətinlikləri düşünürlər. Ancaq artıq o səddi keçmək lazımdı. Yoxsa bizdə də istedadlı uşaqlar var. Bunu hamı təsdiqliyə bilər. Sadəcə, xaricə getmək onlarda bir az qorxu yaşadır. Burdakı uşaqlar, gənclər belə xaricə getmək üçün can atırlar. Ancaq mən neçə il premyer-liqada oynamışam, bizdə belə fikirdə olan uşaqlar görmədim. Bizdə hansısa futbolçudan eşitməmişəm ki, bu il oynayım, xaricə gedim. Bir az da maddiyyat baxımından çəkinirlər. Çünki Azərbaycandakı pulu başqa yerdə vermirlər. Həm də Avropada bizi futbol ölkəsi kimi görmürlər. Ancaq gənclər getsə, Avropada oynasa, bizə də maraq artar. Təbii ki, burda millinin nəticələri də böyük rol oynayır.
- Az öncə həm maliyyə, həm də infrastruktur baxımından gürcülərdən öndə olduğumuzu dedin. Bəs nəyə görə bizim futbolumuz onlar kimi inkişaf etmir?
- Mənim çıxış etdiyim liqada futbolçu limiti yoxdu. Ola bilər ki, bəzi futbolçuların xətrinə dəyəcək, ancaq bu belədi. Bizdə düşünürlər ki, cavan uşaqlar oynamalıdı, bəlkə futbol inkişaf etdi. Ancaq burda belə şey yoxdu. “Filan təvəllüdlü oyunçu mütləq oynamalıdı” kimi bir məcburiyyət yoxdu. Açığı, bu gün premyer-liqamızda oynayan təcrübəli futbolçular və legionerlərlə limitlə oynayan uşaqlar arasında çox fərq var. Məncə, onlar təcrübəni bu cür keçməli deyillər. Arxayın olurlar ki, limit var deyə, hansı kluba getsəm, mütləq oynayacam. Mən 19 yaşımda “Simurq”a gələndə limit söhbəti yox idi. Biz can atırdıq ki, çempionatda oynayaq. Ancaq indi elə deyil. Məncə, limit müsbət nəticə vermir.
- Burda klubsuz qalıb Gürcüstana getdin. Sənə qəribə gəlmədi ki, orda oynamağa layiq görüldün, ancaq vətəndə yox?
- Mənə görə Gürcüstana getməyim böyük addım idi. Çünki bundan öncə karyeramı bitirməyi düşünürdüm. Belə bir yol açıldığı zaman düşünmədən qəbul etdim. Maddi məsələləri də ciddiyə almadım. Həm də özüm-özümə sübüt etmək istəyirdim ki, hələ oynaya bilirəm. Bundan sonra karyeramı hazırkı və ya başqa klubda da davam etdirə bilərəm. Azərbaycanda klub tapmadığıma görə heç kimi günahlandırmıram. Ancaq özümü heç kimdən zəif saymıram. Futbolçu oynadıqca öz gücünü bilir. Ümid edirəm ki, nə vaxtsa Azərbaycandan da təklif gələr.
- Gürcüstanda top qovan legionerlərlə bizdəkiləri müqayisə edərdin. Arada səviyyə fərqi varmı?
- “Qarabağ”da və “Neftçi”də güclü legionerlər var. Ancaq qalan komandalardakı legionerlər keçmişdəkilər qədər güclü deyil. Mən “Simurq”da oynayan vaxt legionerlər daha səviyyəli idi. Bu gün azərbaycanlı oyunçular bu iki klubdan başqa hamısında rahat oynaya bilərlər. Açığı, burdakı legionerlərin səviyyəsi də çox yüksək deyil. “Neftçi”də oynaya bilməyən Karikari burda çempion olan “Dinamo”da əsas heyətin üzvüdü. Pul azdı deyə, səviyyəli legionerlər gətirə bilmirlər.
- Orda olduğun müddətdə onların və bizim futbola yanaşmasında hansı fərqlər gördün?
- Gürcüstanda futbola həm azarkeş, həm də iş kimi baxırlar. Bu işə daha çox can yandırırlar. Burda da çempionat dörd dövrədən ibarətdi. Hər dövrədən sonra ən yaxşı qapıçı, oyunçu, məşqçini seçirlər. Belə şeylər adama doğrudan da müsbət təsir edir. Görürsən ki, futbolçular dövrənin yaxşısı olmaq üçün bir-biri ilə yarışırlar. Belə şeylər bizdə olmur. Ancaq bizdə maddiyyat var. İstəsək, daha yüksək səviyyəyə qalxa bilərik.
- Qarşıdakı mövsümdə də Gürcüstanda qalacaqsan?
- Düşünürəm ki, bir il də burda qalmaq olar. Bir az da püxtələşib Avropaya çıxmaq istəyirəm. Burdan Avropaya getmək daha asandı. Çünki gürcülərin legioner həyatı yaşayan oyunçuları çoxdu. “Samtredia”da da qalmaq olar. Bir-iki məsələ var, onlar dəqiqləşsə, burda qalacam. Təbii ki, Azərbaycandan da təklif olsa, yaxşı olar. Ancaq xaricdən yaxşı təklif gəlsə, ilk növbədə onu dəyərləndirəcəm.
- Yəqin ki, millinin nəticələrindən xəbərdarsan. Bununla bağlı nə düşünürsən?
- Açığı, millinin yer aldığı qrup bu dəfə çox güclü idi. Hazırda komandamızda gəncləşmə gedir. İstəyirik ki, millimiz bizi sevindirsin. İstər futbolçu, istər azarkeş - hamı bunu istəyir. Təbii ki, yığmada oynamaq istərdim. Komandanın formasını qürurla geyinərəm. Gələcəyi bilmək olmaz. Yayda futbolu buraxmaq istəyirdim, ancaq çox yaxşı 6 ay keçirdim. Həyatı bilmək olmur.
- Demək olarmı ki, bu 6 aylıq performansınla səni istəməyən Azərbaycan klublarına cavab vermiş oldun?
- Yox, elə deməzdim (gülür). Mənim heç kimlə küsülüyüm yoxdu. Mən, sadəcə, özüm-özümə sübut etdim ki, hələ də oynaya bilirəm. Bəzən düşünürdüm: yəni bu qədər zəifləmişəm ki, heç yerdən mənə təklif gəlmədi? Ancaq bu 6 ayda gördüm ki, yox, hələ də oynaya bilərəm. Sadəcə, doğru vaxtda doğru yerdə olmaq lazımdı. Mənim ölkə futbolunda heç kimlə əlaqəm pis deyil. Sadəcə, özüm rahatladım ki, hələ də oynaya bilirəm. ("Futbol plus" qəzeti)