"Hacı Əliyev güləşin Kriştianu Ronaldosudur"
- 03 Mar 2022 14:00
- 584
"Hacı Əliyevlə zarafatlaşanda deyirdim ki, sən güləşin Kriştianu Ronaldosusan".
Rekord.az xəbər verir ki, bunu "report"a müsahibəsində çimərlik güləşi üzrə Azərbaycan millisinin baş məşqçisi Oyan Nəzəriani Tokio-2020 Yay Olimpiya Oyunlarının gümüş mükafatçısı, 3 qat dünya və 3 qat Avropa çempionu Hacı Əliyev barədə danışarkən deyib.
28 yaşlı mütəxəssis 65 kq çəki dərəcəsində yer alan sərbəst güləşçinin fiziki durumunun yaxşı olduğunu bildirib:
"Ronaldo yaşının artmasının fərqinə varır və daha çox məşq edir. Hacı da medallalarına və titullarına baxmayaraq, davam edir.
O, bizim titullu güləşçimizdir. Tokio olimpiadasından əvvəl və indi də onun fiziki məşqləri ilə mən məşğulam.
Hazırlıq prosesi yığma komandanın bazasında gerçəkləşir. Əliyevə fiziki məşqlərdə əlimizdən gələn köməkliyi göstəririk.
O, çimərlik güləşində deyil, ancaq sərbəst və ya yunan-Roma güləşində dostlarımız məşğul olmaq istəyəndə birlikdə hazırlıq keçirik.
Yunan-Roma güləşində İslam Abbasovla çoxlu məşqlər etmişik. Komandalarımız üçün əlimizdən gələni etməyə çalışırıq".
Nəzəriani deyib ki, Əliyevin karyerasını bitirmək istəyinin olduğuna inanmayıb:
"Çünki olimpiadadan da sonra məşqlərini davam etdirirdi. Sadəcə, bəzi söz-söhbətlər var idi ki, idmanla vidalaşacaq.
Bu səbəbdən, paylaşım etdi ki, vidalaşmamamışam və yoluma davam edirəm. Hacının fiziki durumu da qaydasındadır, özünü yaxşı hiss edir.
Karyerasını davam etdirməyəcəyi ilə bağlı fikir eşitməmişdim. Şəxsən mənə bu barədə deməyib. Artıq karyerası ilə bağlı özü cavab verib".
Oyan Nəzəriani
2019-cu ildə çimərlik güləşində dünya çempionu olan idmançı Hacı Əliyevin Tokio olimpiadasının finalındakı məğlubiyyəti haqqında da danışıb: "Olimpiada kimi önəmli yarışda qızıl medalın taleyi cuzi məqamda həll olunur. Bizim idmançımız da qızıl medaldan uzaqda deyildi. Bunun hansısa çatışmazlığa görə gerçəkləşmədiyini deməzdim. Sadəcə, həmin anda bir nəfər qalib gəlməlidir. Tale yaponiyalı güləşçi Takuto Otoquronun üzünə güldü, o da qalib gəldi. Hacı fiziki cəhətdən rəqibindən geridə qalmır. Sonadək mübarizə də apardı. Texniki və taktiki hazırlığı da kifayət qədər idi. Bunu ondan əvvəlki görüşlərdə də göstərirdi. Bəlkə də həmin anda psixoloji duruma və ya fəndin alınmamasına görə məğlub olub. Hansısa idmançı maşın kimi düzgün işləyə bilməz. Maşının özü belə, texniki səhvlərə yol verir. Fənd alınmaya və ya rəqib yaxşı müdafiə oluna bilər. Finalda uduzduğu güləşçi arasında böyük fərq yox idi. İnanıram ki, Hacı Əliyev Paris-2024-də qızıl medala namizəd idmançılardan olacaq. Yunan-Roma güləşində və sərbəst güləşdə də bunu bacara biləcək güləşçilərimiz var. Hazırda idmançılarımız məşqlərini davam etdirir. Gələcəyə ümid var".