Hacımurad İstanbuldan bürünc medalla qayıdır
- 28 Fev 2022 10:23
- 553
Türkiyənin İstanbul şəhərində güləş üzrə Yaşar Doğu-Vehbi Əmrə-Hamit Kaplan reytinq turniri sona çatıb.
Rekord.az xəbər verir ki, yarışın son günündə sərbəst güləş üzrə yığmamızın üzvləri mübarizə aparıb.
İslam Bazarqanov (61 kq) 1/8 finalda özbək Qulamcan Abdullayevə minimal fərqlə məğlub olub - 2:3. Rəqib finala qədər irəlilədiyi üçün Bazarqanov mübarizəni davam etdirib. Ancaq İslam təsəlliverici görüşdə türk Recep Topala minimal fərqlə uduzub.
65 kq-da ölkəmizi 2 güləşçi təmsil edib. Əli Rəhimzadə startda özbək Ümidcan Jəlalova (0:10) məğlub olubsa, Əhmədnəbi Qvarzatilov türk Ərtoğrul Kahveciyə çətinlik çəkmədən qalib gəlib - 15:5. Təmsilçimiz 1/8 finalda dünya çempionu Beka Lomtadzeylə (Gürcüstan) gərgin keçən mübarizədən qalib ayrılıb - 10:7. Qvarzatilov 1/4 finalda monqolustanlı Tulqa Oçirə məğlub olub - 6:9.
Gitinoməhəmməd Hacıyev (70 kq) təsnifat mərhələsində gürcü Levan Kelexsaşviliyə 4:11 hesabıyla uduzub.
Soslan Tigiyev (74 kq) debütdə Jozef Lavalee (ABŞ) ilə mübarizədən qalib ayrılıb - 4:2. Tigiyev daha sonra qazax Şingis Muxametkaliyevi yolundan kənarlaşdırıb. Soslan 1/4 finalda hindistanlı Pritam Pritama uduzub - 10:13.
Hacımurad Ömərov (79 kq) 1/8 finalda gürcü Vladimeri Qamkrelidzeylə bacarmayıb - 2:7.
Hacımurad Məhəmmədsəidov (86 kq) startda türk Fatih Erdinə uduzub - 1:3. Rəqib finala yüksəldiyi üçün Hacımurad mübarizəni təsəlliverici görüşlə davam etdirib və iranlı Mojtaba Əsgəriyə tam üstünlüklə qalib gəlib - 10:0. Təmsilçimiz bürünc medal uğrunda qarşılaşmada alman Lars Şaefleni 7:0 hesabıyla üstələyərək fəxri kürsünün 3-cü pilləsinə yüksəlib.
Şamil Zubairov (92 kq) ilk mərhələdə Hindistanın tanınmış güləşçisi Dipak Puniaya məğlub olub - 2:4.