“Oktyabrdakı oyunlarda da demək olar ki, Kipr və Lüksemburqla matçların yükünü daşıyan eyni futbolçulara güvənmək qərarına gəldik. Şadam ki, bütün oyunçular sağlam və yaxşı formadadırlar. Qarşıdakı görüşlərdə zədə ilə bağlı heç bir problemimizin olmayacağına ümid edirəm”.

Rekord.az xəbər verir ki, bu fikirləri Monteneqro yığmasının baş məşqçisi Faruk Hadjibeqiç yerli futbol federasiyasının rəsmi saytına açıqlamasında Latviya ilə yoldaşlıq, Azərbaycan və Lüksemburqla isə UEFA Millətlər Liqasının oyunları barədə danışarkən deyib.

63 yaşlı mütəxəssis bildirib ki, əvvəlki heyətdən 4 futbolçunu komandadan kənarlaşdırıb: "Əvəzində bu dəfə Tomaşeviç, Simiç, Veşoviç və Muqoşa bizimlə olacaq. Hazırkı heyət əvvəlki 2 oyunda qarşıya qoyulmuş vəzifələrin öhdəsindən yaxşı gəldi. Düşünürəm ki, bu dəfə də belə olacaq".

Bosniya və herseqovinalı baş məşqçi ilk 2 turdakı qələbələrə baxmayaraq, təmkinli danışıb: "Biz hələ turnirin start mərhələsindəyik. 6 xal bizə mübarizəni davam etdirmək üçün təminat vermir. Bu, sadəcə, yaxşı iş və oyun üçün stimuldur. Qarşıdakı matçlarda da xallar qazanmalıyıq. Bunun üçün isə maksimum motivasiya, rəqabət, istək və nizam-intizam lazımdır".

Oktyabrda 3 oyun keçirəcəklərini xatırladan Hadjibeqiç bunu yığma komandalar üçün qeyri-adi hal adlandırıb: "Amma biz vəziyyətə uyğunlaşmalıyıq. Latviya ilə yoldaşlıq oyununda heyətə yeni futbolçular əlavə edəcəyik. Bu, digər iki qarşılaşmaya daha yaxşı çıxmaq məqsədi daşıyır. Təəssüf ki, oyunlar azarkeşsiz olacaq. Fanatların dəstəyi bizim üçün çox şey deməkdir. Bu, yaxşı üstünlük ola bilərdi. Öz evlərində bizi izləyəcək azarkeşləri sevindirmək üçün meydanda həll yolu tapmalıyıq".

Qeyd edək ki, oktyabrın 10-da keçiriləcək Monteneqro - Azərbaycan oyunu Bakı vaxtı ilə saat 17:00-da başlayacaq. Rəqib 3 gün sonra isə Lüksemburqla üz-üzə gələcək.