Ötən gün əlimə futbol tariximizlə bağlı çox maraqlı bir material keçdi. Material ən azı 20  il bundan qabaq  yazılsa da çox diqqətimi çəkdi. Oxudum və şəxsən mənim üçün kifayət qədər maraqlı gəldi. Həmin materialda  “Neftçi”nin veteran hücumçusu, Azərbaycanın sovet dövründə yetişdirdi ən tanınmış futbolçularından olan  Səməd Qurbanovdan bəhs edilirdi. Daha doğrusu, Qurbanov özü futbolçuluq dönəmində başına gələn maraqlı  hadisələri həmkarlarımızla bölüşmüşdü. Bir qədər düşündükdən sonra həmin yazının üzərində işləyib sizlərə  təqdim etmək istədim. Əminəm ki, çoxları üçün bu yazı yenilik olacaq. Yəqin 
çox az adam bilir ki, Qurbanov futbolçu olduğu dönəmdə “Neftçi”nin qapısına vurulan təmiz qolu hakimə 
qeydə aldırmayıb. Bir qədər sonra bu hadisəni təfsilatı ilə Qurbanovun öz dilindən sizə çatdıracağıq. Ancaq 
gəlin əvvəllcə qəhrəmanımızla bir qədər yaxından tanış olaq. 

 

“Jiquli” ləqəbli qazaxlı balası

 Səməd Qurbanov — XX əsrin 70-80-ci illərin tanınmış futbolçularından biridir. "Neftçi"nin tarixində xüsusi iz 
buraxıb. "Jiquli" ləqəbiylə tanınıb. 
Səməd Qurbanov 1953-cü il iyulun 10-da Qazaxda anadan olub. SSRİ-nin idman ustasıdır. Sol cinah 
yarımmüdafiəçisi mövqeyində çıxış edib. Futbol oynamağa 1965-ci ildə Qazaxda UGİM-də məşqçi F. 
İsmayılovun rəhbərliyi altında başlayıb. 1971-ci ildə Azərbaycanın gənclər yığmasının heyətində ümumittifaq 
"Ümid" kubokunun qalibi olub. 1971-ci ildə Bakının "Neftçi" komandasına qəbul olunub və 19 yaşından 
karyerasını bitirənədək bu komandanın əsas heyətində çıxış edib. "Neftçi"də, əsasən, 10 nömrəli formanı 
geyinib və 80-ci illərin əvvəllərində komandanın kapitanı olub. Rəsmi və qeyri-rəsmi turnirlər, həmçinin 
yoldaşlıq görüşləri nəzərə alınmaqla "Neftçi"də 400-dən çox oyun keçirib. 1976-cı ildə "Neftçi"nin heyətində 
SSRİ 1-ci liqasının ikinci mükafatçısı olub. 70-ci illərin sonunda SSRİ-nin ikinci yığmasına və olimpiya 
yığmasına cəlb olunub. 1979-cu ildə Azərbaycan yığmasının heyətində SSRİ Xalqlarının Spartakiadasında 
iştirak edib. 1981-ci ildə tərtib edilən Azərbaycanın bütün dövrlər ərzində 33 ən yaxşı futbolçusunun 
siyahısında yer alıb (3-cü sol yarımmüdafiəçi). 1983-cü ildə "Futbol-Hokkey" həftəliyinin SSRİ-nin ən yaxşı 
futbolçusunu müəyyənləşdirmək üçün keçirdiyi sorğuda "Neftçi"nin səs alan yeganə futbolçusudur (1 xal). 
Sürətli reydlərinə görə "Jiquli" ləqəbini qazanıb. 1984-ci ilin mayında - 30 yaş 10 ayında futbolçu karyerasını 
başa vurub. 

Uşaqlığı və futbola gəlişi...

İndi isə haqqında söhbət açdığımız materialda veteran futbolçunun səsləndirdiyi maraqlı fikirləri sizin 
diqqətinizə çatdırırıq. Gəlin öncə görək, Qurbanovun futbola gəlişi necə olub: “Rayon uşaqlarına xas olan 
ənənə üzrə mən də böyük futbola küçədən başlamışam. Uşaqlıqda həmyaşıdlarımla birlikdə səhərdən 
axşamacan Qazaxın küçələrində top qovardıq. 1968-ci il idi. O vaxtlar hər il Gəncədə respublikanın perspektivli 
futbolçularının baxış-turniri keçirilirdi. Bu turnirdə oyunum kiminsə xoşuna gəldi və məni Bakıya çağırdılar. 
Bakıxanov qəsəbəsindəki idman təmayüllü məktəbə daxil oldum. 1971-ci ildə respublikamızın gənclərdən 
ibarət yığmasıın heyətinə qatıldım. Həmin il kapitan olduğum bu komanda Sovetlər Birliyinə daxil olan 
respublikaların “Ümid” kubokunun qalibi oldu. Bu uğurdan sonra “Neftçi”yə dəvət aldım. “Neftçi”Yə gəlişimin 
qısa tarixçəsi belədir. İlk vaxtlar mənə şirin yuxu kimi gəlirdi. Ətrafıma baxanda gözlərimə inanmırdım. 
Banişevski, Bruxti, Semiqalazov, Tuayev və s. kimi futbol ustaları ilə bir komanda da oynamaq əsl möcüzə idi. 
Bir də axı onda mənim cəmi 17 yaşım vardı... Sonra hər şeyə alışdım. 1971-ci ildən 1984-cü ilədək sevimli 
komandamızın heyətində 300-ə yaxın oyunda meydançaya çıxdım. Düzdür, vurduğum qolların sayı az olub. Bu 
isə mənim komanda da daşıdığım vəzifəylə bağlı idi. Belə ki, əsas işim həm rəqibin hücumlarını 
zərərsizləşdirmək, həm də komanda yoldaşlarımı topla təmin etmək idi. Futbolçu karyeramın ən uğurlu 
anlarından biri kimi 1976-cı ili qeyd edərdim. Həmin il “Neftçi” dörd illik fasilədən sonra yenidən güclülər 
dəstəsinə qayıtdı. Çox gözəl komandamız var idi. Əli Rəhmanovun, Tofiq və Elbrus Abbasovların, Asəf 
Namazovun, Əbdülqəni Nurməmmədovun və başqalarının adlarını çəkmək istərdim. Vaxtilə SSRİ-nin olimpiya 
yığmasına dəvət olunmuşam, 5-6 görüşdə gücümü sınamışam. Sonralar baş məşqçi Malofeyev məndın üz 
döndərdi. Bunun da maraqlı bir tarixçəsi var....

...və tarixi epizod haqda

...Malofeyev o dövr həm də “Dinamo” (Minsk) komandasına başçılıq edirdi. Turların birində “Neftçi” Bakıda 
belaruslarla qarşılaşırdı. Həmin gün isə mənim ad günüm idi. Bu səbəbdən də nəyin bahasına olursa-olsun 
oyunu udmaq istəyirdik. Görüşün sonlarına yaxın minsklilər cərimə zərbəsindən qol vurdular. Həmin vaxt 
hesab 2:1 bizim xeyrimizə idi. Həmin andaca hakimin üstünə qaçdım. Dedim ki, qolu hesab alma, bu gün 
mənim ad günümdür, biz bu oyunu udmalıyıq. Hakim də qolu saymadı. Bundan sonra mübahisə başladı. Elə 
Malofoyevlə aramızdakı soyuqluq da bundan sonra yarandı. Futboldu da, neyləmək olar. Hərdən qələbə xatirinə 
belə yollara da əl atmalı olursan”.
Bəli, bəzən belə hallarda olur. Çox təəssüf ki, Qurbanov həmin hakimin adını çəkməyib. Amma düşünürük ki, 
Qurbanov üçün ən dəyərli ad günü hədiyyəsi elə sayılmayan həmin qol olub. 

Səməd Qurbanovun SSRİ çempionatının yüksək liqasında qol vurduğu oyunlar: 
08.09.1972 “Dinamo” (Minsk) – “Neftçi” 1:1 
29-cu dəqiqədə hesabı açıb (0:1).
18.06.1978 SSKA (Moskva) – “Neftçi” 1:1 
55-ci dəqiqədə hesabı açıb (0:1).
13.06.1979 “Neftçi” – “Zenit” (Leninqrad) 2:2 
56-cı dəqiqədə hesab arasındakı fərqi azaldıb (1:2).
21.08.1980 “Paxtakor” (Daşkənd) – “Neftçi” 2:2 
7-ci dəqiqədə hesabı açıb (0:1).
13.08.1981 “Neftçi” – “Kuban” (Krasnodar) 2:1 
57-ci dəqiqədə hesabı açıb (1:0).
26.04.1982 “Paxtakor” (Daşkənd) – “Neftçi” 3:2 
18-ci dəqiqədə hesabı açıb (0:1).
16.08.1982 “Neftçi” – “Torpedo” (Kutaisi) 3:2 
71-ci dəqiqədə Azərbaycan komandasının üçüncü qolunu vurub (3:1).
24.08.1982 “Neftçi” – “Paxtakor” (Daşkənd) 4:2 
17-ci dəqiqədə hesabı bərabərləşdirib (1:1).
23.10.1982 “Neftçi” – “Dinamo” (Minsk) 3:2 
14-cü dəqiqədə hesabı açıb (1:0).
07.04.1984 “Neftçi” – “Çernomorets” (Odessa) 2:1 
8-ci dəqiqədə hesabı açıb (1:0).
Qeyd: Fərqləndiyi 10 oyundan 7-də matçın ilk qolunu vurub. Ən çox Daşkənd "Paxtakor"unu məyus edib - 3 
qol.