Ötən tur Qəbələyə səfər etmişdim. 21-ci tur çərçivəsində "Qəbələ" - "Zirə" matçını izləməyə getmişdim. Bir sonrakı gün də eyni məkanda "Kəpəz" - "Araz Naxçıvan" matçı olacağından gecəni Qəbələdə qalası oldum. Otellərdə təhvil-təslim prosesi saat 12:00-da olduğu üçün mən də bir neçə həmkarımla qaldığımız məkanı tərk etdik. Rayon mərkəzində bir stəkan çay içib üz tutduq Qəbələ şəhər stadionuna. Biz arenaya çatanda "Kəpəz" - Araz Naxçıvan" matçının başlanmasına iki saat qalırdı. Ehtiyat meydançaların birində "Qəbələ" ilə "Zirə"nin əvəzedici komandaları qarşılaşırdı. Mən yol aldım həmin meydanaya tərəf. Yol üstü digər ehtiyat meydançaların da durumuna da nəzər saldım. Etiraf edim ki, klunun son illər yaşadığı maddi sıxıntı ümumi akademiyanın, meydançaların da vəziyyətinə təsir edib. Düzdür, klub rəhbərliyi məhdud imkanlar və büdcə ilə maksimum dərəcədə çalışırlar ki, akademiyanı, meydançaları ayaqda tuta bilsinlər. Akademiyada, stadionda çalışan insanların da əmək haqqları demək olar ki, vaxtlı-vaxtında ödənilir. Amma təbii ki, "pullu" "Qəbələ"nin dövrü ilə hazırkı "Qəbələ"nin fərqi hər addımda görünür. Meydançalarda saralmalar açıq gözlə də görünür. Məlum məsələ, qış fəslidir, bunun da təsiri var. Amma maddi sıxıntının doğurduğu baxımsızlıq da hiss olunur. Qapalı manejin üzərində yazılan "Qəbələ"yazısının solğunluğundan tutmuş, akademiya üçün nəzərdə tutulan binanın yarımçıq qalmasına kimi.

Oyuna gəlincə, ilk növbədə diqqət yetirdiyim məqam komandaların oyun tərzi, hansı futbolçunun yaxşı mənada seçilməsi idi. Çünki zaman-zaman, imkan düşdükcə aşağı liqaların, yeniyetmə və gənclərin oyunlarını da izləməyə çalışıram. "Qəbələ"nin baş məşqçisi Famil Xəlilov uşaq futbolunda özünü yetərincə tanıtmış birisidir. "Qəbələ"nin U-19 komandası ilə ardıcıl olaraq qazandığı nəticələr, son olaraq Çempionlar Liqasında mərhələ keçməsi bunun sübutu sayıla bilər. "Zirə"nin baş məşqçisi Zaur Həşimovu da geniş tanıtmağa ehtiyac yoxdur. Millimizin sabiq üzvü hətta baş məşqçi kimi Premyer Liqada da debüt etməyi bacarıb. Bu mənada bu iki məşqçinin duelini izləmək xüsusi maraqlı idi. Qarşılaşmadan hiss olunurdu ki, "Qəbələ"nin heyətində olan futbolçular daha təcrübəli, daha soyuqqanlıdır. Məhz bunun bariz sübutu idi ki, 51-ci dəqiqədə onlar artıq 2:0 öndə idi. Bəlkə də bu cür davam etsəydi qolların ardı da gələ, hesab daha da böyüyə bilərdi. Lakin ikinci qoldan az sonra ani diqqətsizlikdən doğan səhv "Qəbələ"nin azlıqda qalması ilə nəticələndi. 54-cü dəqiqədə meydança sahiblərinin mərkəz müdafiəçisi İbrahim Ramazanov rəqibi aşkar qol imkanından məhrum etdiyi üçün birbaşa qırmızı vərəqə alaraq meydançadan qovuldu. Bundan beş dəqiqə sonra isə "Zirə" Mahmud Ağayevlə fərqi azaldınca son yarım saatın "Qəbələ" üçün çətin keçəcəyi məlum idi. Lakin az öncə qeyd etdiyim kimi, "Qəbələ" futbolçularının daha təcrübəli olması onlraa hesabı qorumağa imkan verdi. Baxmayaraq ki, bir neçə epizodda "Zirə" futbolçuları hesabı bərabərləşdirmək üçün real imkanı qazanmağ bacardı. Sadəcə, bu imkanlardan istifadə edə bilmədilər. Qonaqların bəzən yersiz tələskənliyi, gərəksiz yerə foula əl atmaları da onların əlehinə işlədi. Çünki hər bu cür qayda pozuntusunda "Qəbələ" 1 dəqiqəyə yaxın vaxt udurdu, oyunun tempini "öldürürdü" ki, bu da hesabı qorumaq baxımından onların işinə yaradı. Ümumi götürdükdə, bacarığı, istedadı ilə xüsusi seçilən hansısa futbolçu diqqətimi çəkmədi. "Qəbələ"nin qapıçısı Həbib Hüşənov boyunun hündür olması ilə seçilirdi. Bəzi epizodlarda komandasını qoldan da xilas etdi. Üzərində işləsə, yaxşı bir qapıçı-mütəxəssis əlinə düşsə, yaxın illərdə "Qəbələ"nin əsas komandasına cəlb oluna bilər.

Bu oyunda diqqətimi çəkən digər məqamlara gəlincə, futbolçularla baş hakim Əkbər Əhmədov arasındakı dialoqlar maraqlı idi. Sanki subardinasiya qorunmurdu. Məsələn, bir epizodda "Qəbələ"nin heyətində əvəzləmə oldu. "Qəbələ"nin futbolçusu aut xəttinə yaxın yerdən çıxmaq əvəzinə, dördüncü hakimin tablo qaldırdığı istiqamətə üz tutdu ki, bu da "Zirə" futbolçularının narazılığına səbəb oldu. Bu zaman "Zirə" futbolçularından birinin baş hakimə "Əkbər, niyə burdan çıxartmırsan, hara gedir?" sualına Əhmədov "brat, çıxır da, özü də qaça-qaça gedir" cavabını verdi. Hər halda görüşü idarə edən hakimin 17-18 yaşlı futbolçularla "brat" formasında danışığı kənardan heç də yaxşı görümür. Özü də bu cür dialoqlar oyun boyu bir neçə dəfə təkrarlandı.

Bundan başqa, qaydalara görə, qırmızı vərəqə alan futbolçu meydançanı tam tərk etməmiş, hakim oyuna başlaya bilməz. Lakin "Qəbələ"nin futbolçusu İbrahim Ramazovun qırmızı vərəqə aldığı epizodda futbolçu meydançanı tərk etməmiş hakim oyuna "davam" işarə verdi. 

Qeyd edək ki, bu qələbə sayəsində "Qəbələ" xallarının sayını 48-ə yüksəltdi və 2-ci pillədə qərarlaşıb. "Zirə" isə 29 xalla 5-ci sırada yer alıb.

 

Anar XANLAROV, Qəbələ.