“Sumqayıt"ın məşqçisi Mübariz Orucov Azərbaycan Premyer Liqasının 28-ci turu çərçivəsində "Araz-Naxçıvan"a qarşı keçirdikləri ev oyunundan sonra fikirlərini bölüşüb.

Rekord.az xəbər verir ki, o, 1:0 hesabıyla qalib gəldikləri matçdan sonra keçirilmiş mətbuat konfransında bunları söyləyib:

"İlk hissə tam bizim üstünlüyümüzlə keçdi. Demək olar ki, meydanda bir komanda var idi. Epizodlarımız çox oldu, onlardan istifadə etsəydik, hesab daha böyük olardı. Belədə, ikinci hissəni daha rahat oynamaq mümkün idi. Amma vurmadıq deyə, bir az gərginlik yarandı. Futbolçularda yorğunluq hiss olunurdu, oruc tutanlar çoxdur. Oyunun vaxtı da oruc tutanlar üçün əlverişsiz idi. Demək olar ki, su içib davam etdilər. Yorğunluq fonunda keyfiyyət də aşağı düşdü. Oyun bizim üstünlüyümüz şəraitində keçdi, haqlı qələbə qazandıq. Vacib qələbə idi. Davam edirik. Son mərhələyə girmişik. Artıq bütün oyunlar vacibdir. Bundan sonra hər komanda ilə bir oyun qalıb. Hər görüşə qələbə üçün çıxacağıq.

Samir Abasov çalışır ki, uşaqlara rahatlıq versin. Uşaqlardan mütləq yer tutmalıyıq kimi tələbimiz də yoxdur. Futbolçulara deyirik ki, meydanda gözəl futbol göstərin, oyunumuzu inkişaf etdirək. Çalışırıq ki, təzyiqi futbolçulardan uzaqlaşdıraq. Nə qədər bacarırıq, bilmirəm.

Penalti epizodunun təkrarını tam görməmişəm. Haqsızlığı nədə görürlər? Epizod itsə belə, top meydandadırsa, təmas olubsa, penalti verilməlidir. Qapıçı topu əlinə götürüb, amma rəqibini vurur. Bu nədir? Penalti. Cərimə meydançasında təmas varsa, penalti qərarı doğrudur.

Hakimlikdən rəqib də narazı idi, biz də. Olur da, hakimlər də səhv edir. Bizim özümüz də bir neçə dəfə haqsızlıqla qarşılaşdıq. Deyim ki, hakim bərbad idi, xeyr.

Avrokuboklara vəsiqə qazansaq, yəqin ki, komanda güclənməlidir. O yöndə də işlər görüləcək. Düzdü, qışda transfer edə bilmədik. Transfer etməməyimizin səbəbi sırf maliyyə ilə də bağlı deyil. Maliyyəmiz yüksək deyil ki, yaxşı oyunçular götürək. Sadəcə, qışda yaxşı futbolçu tapmaq çətindir. Yaxşı oyunçular klubla müqaviləsi olur. Belədə, həm özünə, həm də klubuna pul ödəməlisən. Azad agent statusunda olanlar da bizim xoşumuza gəlmədi. Transfer xətrinə oyunçu götürmək istəmədik. Yayda avrokuboklara düşsək də, düşməsək də, güclənmək istəyirik. Komanda ildən-ilə ələnməlidir. Yaxşı oyunçularla yolumuza davam edəcəyik”.