“Hansı komandaya gəldiyimin fərqindəyəm” - Medina
- 19 İyl 2020 15:47
- 470
Növbəti mövsümün hazırlıqlarını davam etdirən “Qarabağ”ın heyətini müdafiəçi Kevin Medina ilə gücləndirdiyini xəbər vermişdik.
Rekord.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Ağdam təmsilçisi Portuqaliyanın “Saves” klubundan heyətinə qatdığı mərkəz müdafiəçisi ilə 3 illik müqavilə imzalayıb.
Karyerası Portuqaliya ilə bağlı olan 27 yaşlı futbolçu keçən ilin yayından “Saves”də çıxış edirdi. O, daha əvvəl “Akademiko Vizeu”, “Pinhalnovense”, “Sintrense”, “Moura” və “Naval”ın da formasını geyinib. Kolumbiyalı mərkəz müdafiəçisi bu mövsüm 16 matçda meydana çıxıb.
Medina, keçidi haqda bunları deyib:
“Yeni klubuma gəldiyim üçün çox xoşbəxtəm. Təbii ki, “Qarabağ” barədə nə eşitmişdimsə, hamısı müsbət idi. Buna görə də, səbirsizliklə yeni komandama qoşulmağı gözləyirdim. Nəhayət, burdayam, sevincliyəm. Ümumi götürsək, çox xoşbəxtəm və klub barədə ancaq müsbət şeylər eşitmişdim. Əlimdən gələni edəcəm ki, öz oyunumla azarkeşlərin sevimli futbolçularından biri olum. Bilirəm ki, “Qarabağ” ardıcıl 7 dəfə çempion olub və hansı komandaya gəldiyimin fərqindəyəm. Çalışacam ki, komandanın uğurlarına kömək edim”.