Haqlı haqsız Qurban
- 06 Noy 2019 11:00
- 1758
Başlıq sizi yanıltmasın. Yox, məlum konfransla bağlı yazmayacam. Yazının məğzi tamam başqadır. APOEL-lə oyundan sonra Rəşad Sadıqovun məlum səhvi və yendən gündəmə gələn məlum müzakirə. Hətta müzakirə o həddə çatır ki, adam az qalır Murad Dadaşova desin ki, bir səsvermə keçir Rəşadı da canlı efirə çıxart görək “qalsın”a çox səs verəcəklər, yoxsa “getsin”ə. Mən bu məsələdə kimin səhv, kimin düz olduğunu araşdırmaq fikrində deyiləm. Hər iki tərəf özlüyündə haqlıdır. “Getsin” deyənlər birmənalı olaraq Sadıqovun yaşını və etdiyi səhvləri önə çəkir. Adamlara nə deyəsən, səhvi görür və haqlı olaraq deyir. Durub deyəsən ki, Rəşad səhv etmədi, qol onun səhvindən vurulmadı, o zaman qatığa qara demiş olursan. Bu isə yolverilməzdi.
“Qalsın” deyənlər isə əsas gətirir ki, bir səhvə görə, Rəşadın üstündən xətt çəkmək olmaz. Adam oynayır, komandaya köməyi dəyir və etdiyi səhvlərin də çoxu yaşla yox, texniki məsələ ilə bağlı olur. Bəribaşdan deyim ki, mən özüm də bu qəbildən düşünənlərin yanındayam. Yəni Rəşad 37 yaşına çatsa da bu gün öz mövqeyində ən güclüdür və onu əvəzləyəcək layqli mərkəz müdafiəçisi yoxdur. Adam Premyer Liqa oyunlarında az qala bir ayaqla oynayır. Əgər bu adam daxili çempionatda cavan futbolçulardan daha çox qaçıb daha yaxşı təsir bağışlayırsa, niyə karyerasını qurtarmalıdır?
Elə “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov da ikincilər kimi düşünür. Həm dostunu, həm də komandasının kapitanını müdafiə edir, ona dəstək olur. Qurbanov haqlı olaraq deyir ki, bir səhvə görə Rəşadın üstündən xətt çəkmək olmaz. Haqlı olaraq düşünür ki, Rəşad kimi futbolçular hər gün yetişmir. Haqlı olaraq onu da düşünür ki, Rəşadı saxlayım kənarda, bəs kimi oyandım? Bax bütün əsas səbəblərin ən ƏSASI da məhz bu məqamdı. Bu məqamda mən Qurbanovu həm haqlı, həm də haqsız hesab edirəm. Haqlıdır ona görə ki, doğurdan da bu gün ölkədə Rəşadə əvəzləyəcək layiqli mərkəz müdafiəçisi yoxdur. Hansı ki, oynadığı mövqenin bütün ağırlığını çiyinlərinə götürsün, çətin anda komandanı arxasınca aparsın, komanda arxaya qapanıb irəli çıxa bilməyəndə oyunu üzərinə götürüb topla önə çıxmağı bacarsın və s.
Bəs niyə haqsızdır, onu da deyim. Hər kəs bilir ki, Qurban Qurbanov “Qarabağ”da digər klublarda olduğu kimi, sadəcə əsas komandanın baş məşqçisi deyil. Adam faktiki klubun əsas idarəçisidir. Maliyyədən başqa bütün işlərə şəxsən rəhbərlik və nəzarət edir. Hətta bəzi hallarda maliyyə məsələlərinə də nəzarət səlahiyyətinə sahibdir. Əsas komandadan tutmuş, U-10 komandasına qədər bütün futbol idarəetməsinə rəhbərlik edir. Deyək ki, Qurbanov akademiyanın formalaşması, yenilənməsi və inkişafı ilə bağlı hansısa təklif, layihə irəli sürsə rəhbərlik o təklifi, layihəni gözüyumulu qəbul edəcək. Yəni bu klubda baş məşqçiyə bu dərəcədə səlahiyyət verilib və ona inam var. Elədirsə, “Qarabağ”, Qurban Qurbanov niyə bu günə kimi bir nəfər də olsa Rəşad Sadıqov səviyyəsində futbolçu yetişdirməyib? Rəşad səviyyəsində olmasın, ən azı onun səviyyəsinə yaxın. Yadımdadır, 2 il bundan qabaq “Sumqayıt” – “Qarabağ” matçından sonra “Kapital Bank Arena”da Qurbanova sual vermişdim ki, “1 il, 2 il, əvvəl axır Rəşad da futboldan gedəcək, onun yerinə kimi hazırlayırsınız?”. Qurban bəy gülərək “ hələ ən azı 2 il Rəşadı heç hara burxamaq fikrim yoxdur” demişdi. Bir aydan sonra biz 2020-ci ilə qədəm qoyacağıq, Rəşad isə 38 yaşına. Lap deyək ki dirənib daha 1 il oynatdın. Sonra? Aradan keçən 10 il ərzində “Qarabağı”n özündə bir nəfər də olsun normal müdafiəçi yetişməyib. Sual olunur: bu boyda akademiya nə işlə məşğul olub? Bu qədər vəsait niyə xərclənib? Akademiya üçün lazımı şərait yoxdursa, niyə yaradılmayıb, yaradılıbsa, Rəşad Sadıqovu əvəzləyəcək səviyyədə futbolçu niyə yetişməyib? Görünən budur ki, Qurbanov özü də bu illər ərzində akademiyaya lazımı diqqət ayırmayıb. Ayırsaydı bu gün “Qarabağ”ın Rəşad Sadıqov problemi olmazd. 100 faiz əminəm ki, olmazdı.
Anar XANLAROV