"Hatayspor"un prezidenti Namiq Ələsgərovu izlədiklərini açıqladı
- 18 Fev 2021 15:48
- 626
Yayda Azərbaycandan futbolçu transfer etməyimiz istisna deyil”.
Rekord.az xəbər verir ki, bunu apasport.az-a açıqlamasında “Hatayspor”un prezidenti Nihat Tazearslan deyib.
“Neftçi”nin futbolçusu Namiq Ələsgərovla Super Liqa təmsilçisinin maraqlanması ilə bağlı saytımızın eksklüziv məlumatına münasibət bildirən klub prezidenti konkret ad çəkməsə də, ölkəmizə maraq göstərdiklərini gizlətməyib:
“Düzdür, hazırda bütün diqqətimizi mövsümün qalan matçlarına yönəltmişik. Hansısa futbolçu ilə bağlı transfer danışığımız olmayıb. Amma mövsümün sonunda heyətimizə Azərbaycandan futbolçu qatmaq fikrinə müsbət baxırıq”.
Tazearslan Azərbaycan Premyer Liqasını izlədiklərini sözlərinə əlavə edib: “Bir çox ölkələrdə axtarışlar aparan skautlarımız var ki, Azərbaycan Premyer Liqası da onların diqqət mərkəzindədir.
Yəni ikinci vətənimiz olan Azərbaycan futbolunu, çempionatını izləyirik. Şərtlər uyğun olarsa, yayda Azərbaycandan oyunçu transferini dəyərləndirəcəyik.
İndidən deyə bilmərəm ki, konkret Namiq Ələsgərovu alacağıq. Ancaq bu məsələ diqqətimizdədir, oyunçuları izləməyə davam edəcəyik”.
“Hatayspor” ötən ilin yayında “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanova təklif göndərsə də, bu keçid baş tutmamışdı.