Həbs olunan azərbaycanlı idmançılar CİNAYƏT DOSYESİ
- 02 İyl 2020 11:00
- 1071
Yolu həbsdən keçən bir çox tanınmış şəxslər var ki, bunların sırasında idmançılar da yer alır. Zaman-zaman öz çıxışları ilə diqqəti öz üzərinə toplamağı bacaran şəxslər həbsləri ilə də gündəmi "zəbt etməyi" bacarıb.
Rekord.az xəbər verir ki, cebhe. info bu dəfəki araşdırmasında yolu həbsxanadan düşən həmin şəxslər barədə araşdırma edib. :
Məşhur azərbaycanlı samboçu, “Qara canavar” ləqəbli Sadiq Kərimov 2015-ci ildə Sankt-Peterburqda saxlanılıb. S.Kərimov hədə-qorxu yolu ilə böyük miqdarda pul tələb etməkdə ittiham olunub.
Məlumata əsasən, azərbaycanlı idmançı 2012-ci ildə kafedə iki nəfərdən, onlara ölümlə hədə-qorxu gələrək, 3 milyon rubl tələb edib. Qeyd edək ki, Kərimov 2012-ci ildə
Azərbaycan komandasının tərkibində 74 kiloqram çəki dərəcəsində döyüş sambosu üzrə dünya çempionu olub.
2007-2009-cu illərdə Azərbaycan millisinin formasını geyinmiş Cəmşid Məhərrəmov ötən ilin dekabrında həbs edilib. Yığmamızın heyətində 6 oyun keçirmiş Məhərrəmovun həbs edilməsinə səbəb danışılmış oyunlarda iştirakı olub. Region Liqasında təmsil olunan "Uğur"da forma geyən futbolçu ilə bərabər Azərbaycan Milli Basketbol komandasının kapitanı Həmzəyev Amil də həbs edilib.
Xatırladaq ki, AFFA veteran futbolçunu 2017-ci ilin əvvəlində formasını geyindiyi "Rəvan"la birlikdə danışlmış oyunlarda iştirak etməsi iddiası ilə peşəkar futboldan kənarlaşdırmışdı. O, cari ilin martında koronavirus səbəbilə ev dustaqlığına buraxılıb.
Azərbaycan futbolunun güclü hücumçularından olan Maşallah Əhmədov 2015-ci ilin dekabr ayının 14-də Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.
Rəsmi məlumata görə, bizneslə məşğul olan "Neftçi"nin keçmiş futbolçusu Bakıda bir neçə nəfərə 150 min manatdan artıq dəyərdə xaricdən daş plitə gətirəcəyini vəd edib.
Lakin M.Əhmədov sözünə əməl etməyib, həmin şəxslərin pulunu da qaytarmayıb. O, 2017-ci ildə cəzasının dörddə üç hissəsini çəkdiyi üçün güzəşt edilərək, vaxtından 2 ay əvvəl cəzaçəkmə müəssisəsindən oktyabrın 7-də sərbəst buraxılıb.
Maşallah Əhmədov 1977-ci ildən “Neftçi”də oynayıb. O, 1995-ci ildə əsas milli komandada məşqçi, U-21-də isə baş məşqçi funksiyasını yerinə yetirib.
O, 2008-ci ilin dekabrından etibarən İsgəndər Cavadovun rəhbərlik etdiyi Azərbaycan Regional Futbol Federasiyaları Assosiasiyasının vitse-prezidenti postunu daşıyıb.
Həbs olunan idman nümayəndələri içində Azərbaycan millisinin və "Zirə"nin futbolçusu Cavid Hüseynovun da adı var. Jurnalist Rasim Əliyevin 2015-ci il avqustun 8-də Bayıl qəsəbəsi ərazisində bir qrup şəxs tərəfindən döyülərək vəfat etməsi faktına görə Cinayət Məcəlləsinin 126.3 (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) və 177.1-ci (oğurluq) maddələri ilə Bakı şəhər prokurorluğunda istintaqı aparılmış cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılıb. Cinayət işinin materiallarından Cavid Hüseynovun Cinayət Məcəlləsinin 307.1 (ağır cinayətin hazırlanması və törədilməsini bilərək həmin cinayət barəsində xəbər verməmə) və 307.2-ci (qabaqcadan vəd etmədən ağır cinayəti gizlətmə) maddələri ilə təqsirləndirilməsinə dair hissə ayrıca icraata verilib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə jurnalist Rasim Əliyevin ölümündə təqsirləndirilən şəxslər - Kənan Mədətov və Samir Mustafayevin hər biri 9 il, Camal Məmmədov 11 il, Arif Əliyev 12 il 6 ay, Elşən İsmayılov 13 il müddətinə azadlıqdan məhrum ediliblər. Cavid Hüseynov isə 4 il müddətinə azadlıqdan məhrum olunub. Apellyasiya şikayəti verən futbolçunun şikayəti təmin edilib. O, 2016-cı ilin oktyabrında yenidən azadlığa çıxıb.
17 yaşlardan ibarət milli futbol komandasının üzvü Miqdar Məmmədov da həbs olunan futbolçulardandır. İttihama görə, futbolçu ilə birgə təqsirləndirilən şəxslər kafedə oturub yeyib-içdikdən sonra İran vətəndaşı Murtəza Azər və Bakı şəhər sakini Sədi Məmiyev gənclərdən onları daha yaxşı əylənə, yeyib-içə biləcəkləri bir məkana aparmalarını istəyiblər və bildiriblər ki, onların hesabını da ödəyəcəklər. Bakıda məkanlardan birinə gələn şəxslər yeyib-içdikdən sonra hesabın 750 manat edib. İran vətəndaşı hesabı ödəməkdən imtina edib. Təqsirləndirilən şəxslər İran vətəndaşı Murtəza Azərə və Sədi Məmiyevə zor tətbiq edərək 750 manat pullarını alıblar. Nəticədə 2018-ci ildə Miqdar Məmmədov isə 4 il azadlıqdan məhrum edilib və məhkəmə zalından həbs edilib.
Azərbaycanın kikboks üzrə dörd qat dünya çempionu Anar Süleymanov 2019-cu ildə həbs edilib. A.Süleymanov arvadını döyməkdə ittiham olunub.
İttihama görə, idmançı 2018-ci il noyabrın 5-də Nərimanov rayonunda yaşadığı evdə arvadını döyüb. Əvvəllər tələbəsi olmuş həyat yoldaşı da kikboks üzrə dünya çempionudur.
Zərərçəkmiş 17-ci Polis Bölməsinə şikayət edib və A.Süleymanov barəsində İnzibati Xətalar Məcəlləsinin 157-ci (döymə) maddəsilə protokol tərtib olunub.
Nərimanov rayon Məhkəməsinin hakimi Vüsal Qurbanov protokol üzrə qərarını elan edib və A.Süleymanov fevralın 13-dən etibarən 20 gün müddətinə inzibati qaydada həbs olunub.
A.Süleymanov Azərbaycan Kikboks Federasiyasının qızlardan ibarət milli komandanın baş məşqçisi olub.