Bir neçə gün öncə AFFA İcraiyyə Komitəsinin iclası keçirildi.

Qurumun rəsmi saytında bununla bağlı qeyd olunan xəbərdə bir məqam diqqətimizi cəlb etdi:
 

“Premyer-liqa klublarının müraciətinə uyğun olaraq, COVID-19 pandemiyasının yaratdığı çətinliklər nəzərə alınaraq AFFA tərəfindən 2021/22 mövsümündə də klublara maliyyə yardımı davam etdirilsin. Maddi dəstəyin məbləği AFFA ilə klublar arasında danışıqlardan sonra müəyyənləşdirilsin”.



Qərardan belə başa düşdük ki, premyer-liqada çıxış edən bəzi klublar assosiasiyadan pandemiyanın yaratdığı çətinliklərə görə maliyyə dəstəyi istəyi. Lakin verilən informasiyada müraciət edənlərin kimliyi bəlli deyil. “Futbol+” olaraq, məsələ ilə bağlı klublara müraciət etdik. Sualımız isə sadə idi:
 

“AFFA-ya pandemiyanın yaratdığı çətinliklərə görə maliyyə yardımı ilə bağlı müraciət etmisiz?”



Rüstəm Allahverdiyev (Neftçi): “Pandemiyaya görə hər oyundan öncə komandanın üzvlərindən COVID-19 testi götürülür. Analizlərin nəticələrini AFFA-ya göndəririk. Ötən mövsüm federasiya testlərlə bağlı klublara maliyyə yardımı edib. Bu, komandaların pandemiya ilə bağlı maddi yükünü aradan qaldırır. Bu il yenidən eyni məsələ ilə bağlı müraciət edib-etməyəcəyimizdən xəbərim yoxdu. Belə bir şey olsaydı, məlumatım olardı”.

Gündüz Abbaszadə (Qarabağ): “Biz AFFA-ya pandemiyaya görə maliyyə yardımı edilməsi üçün müraciət ünvanlamamışıq. Bundan söhbət belə gedə bilməz. Klubumuzun əsas himayədarı, sponsoru “Azərsun Holdinq” bütün ehtiyaclarımızı artıqlaması ilə qarşılayır. “Qarabağ” pandemiya dönəmində, demək olar ki, hansısa zərəri hiss etməyib. Amma təbii ki, “Qarabağ” futbol klubu olaraq, AFFA-nın bu addımını alqışlayırıq. Bu məsələ ilə bağlı klublara maliyyə yardımı nəzərdə tutulursa, bizə yalnız təşəkkür etmək düşər”.

Rəşad Məmmədov (Sumqayıt): “Hazırda klub rəhbəri ölkə xaricindədi. Bu məsələ ilə bağlı hansısa məlumat yoxdu. Bu səbəbdən də sizə geniş informasiya verə bilməyəcəm”.

Elnur Həmidov (Sabah): “Bu məsələ ilə bağlı klub tərəfindən AFFA-ya rəsmi müraciət olunmayıb”.

Səbuhi Məmmədov (Keşlə): “AFFA-nın İcraiyyə Komitəsinin son qərarlarında qeyd olunduğu kimi, yaxın zamanda maliyyə yardımı lə bağlı danışıqlar olmalıdı və daha çox hansı istiqamətdə yardımın ayrılmasının məqsədəuyğunluğu müzakirə edilməlidi. Danışıqlardan sonra məsələ ilə bağlı zəruri addım atıla bilər”.

Anar Hacıyev (Qəbələ): “Ötən mövsüm də AFFA bu mövzuda “Qəbələ”yə dəstək göstərib. Bundan sonra da kömək edəcəklərini bildiriblər. Bu müzakirələr həmişə klubla AFFA arasında olub. Federasiya klubların hazırkı durumunu da göz önünə gətirərək, dəstəyini əsirgəməyib”.

Mehriban Mürsəlova (Səbail): “Xeyr, “Səbail” AFFA-dan koronavirus pandemiyasına görə maliyyə yardımı istəməyib”. ("Futbol plus")