Heç biz də axmaq deyilik, cənab Sopiç
- 2019-12-10 12:33
- 2159
Bəhlul Mustafazadə, Təmkin Xəlilzadə, Məhəmməd Mirzəbəyov, Coşqun Diniyev, Ulisse Diallo – “Sabah”ın bu futbolçuları Premyer Liqanın açılış turunda “Neftçi”yə qarşı oyunun iştirakçısı olublar. Sizin də yadınızdadı, həmin görüşdə “Sabah” rəqibinə göz açmağa imkan verməmişdi, Rəşad Eyyubovun vurduğu qolla hesabı açan tərəf olmuşdu. Qarşılaşma 1:1 hesabıyla başa çatsa da, mütəxəssislər həmin görüşdə “Sabah”ın qalibiyyəti əldən qaçıran tərəf olduğunu əminliklə deyirdilər. Təsadüfi deyil ki, bu oyundan sonra hamı bir ağızdan “Sabah”ı mükafatçılar sırasında, mövsümün sonunda ölkəmizi avrokuboklarda təmsil edəcək komandalardan biri kimi görürdü. Həmin vaxt komandanı azərbaycanlı məşqçi Elşad Əhmədov çalışdırırdı.
Sonrada nə baş verdisə, “Sabah”ın işləri yolunda getmədi. Uğursuz nəticələr sıralandı, Əhmədov “Sabah”da qalsa da, baş məşqçi postuyla vidalaşdı. Sözümün canı o deyil. İndi “Sabah”ı xorvatiyalı Jelko Sopiç çalışdırır. Əcnəbi məşqçinin gəlişi də legioner futbolçu transferi kimidi. Ona xilaskar gözüylə baxırıq, düşünür ki, yerlilərdən bir neçə baş üstündü, gələn kimi “sehrli çubuq”la böyük dəyişikliklərə nail olacaq. Sopiçin də gəlişi o cür oldu. Gənc və iddialı xorvatin “Sabah”ı düşdüyü çətin vəziyyətdən çıxaracağına səmimi qəlbdən inanırdım. Elə bu inam da məni bazar günü soyuq havaya, güclü yağışa baxmayaraq Masazırda yerləşən “Bank Respublika Arena”ya aparmışdı. Gördüklərimdən, daha doğrusu, oyundan sonrakı mətbuat konfransında eşitdiklərimdən məyus oldum.
Yazımın əvvəlində qeyd etdiyim adlar yenə də “Sabah”ın formasıyla ilk dəqiqələrdən meydanda idilər. Start heyətin təxminən yarısı 1-ci turun oyununda olduğu kimi idi. “Çərçivə”də Saşa Stamenkoviç dayanmışdı, təcrübəsi sayəsində azı 3 epizodda qapısını qoldan xilas etdi. Təmkin Xəlilzadə təkcə komandasının yox, meydanın ən yaxşılarından idi. İrəli-geri “işləyir”, komandasına fayda verməyə çalışırdı. Amma komanda yoldaşlarından lazımi dəstək almırdı, hiss olunurdu ki, meydan sahiblərində yersiz həyəcan var. Onlar “Neftçi”nin ad-sanından çəkinir, daha çox müdafiənin qayğısına qalırdılar, hücuma az qüvvə ilə çıxırdılar. Elə bu səbəbdən də Ulisse Diallonun fəallığı da nəticəsiz qalırdı.
“Qarabağ”la “Neftçi”nin oyunçu potensialı, təcrübəsi Premyer Liqanın digər iştirakçılarından üstündü, bunu hamımız bilirik. Elə bu səbəbdən də belə rəqiblərlə oyun Sopiçin işinə qiymət vermək üçün göstərici sayılmamalıdı. Həm də yeni çalışdırıcı komandasını öyrənir, zəif və güclü tərəfləri müəyyənləşdirir, Azərbaycan futboluna bələd olur. İnanmıram ki, kimsə bu məğlubiyyətlərə görə xorvatı qınayardı. Amma nə sirri-xudadısa, Sopiç özü yersiz həyəcana qapılıb, mətbuat konfransında vəziyyəti xeyli qəlizləşdirdi. Adam futbolçularını da, klubun rəhbərliyini də, ondan əvvəl işləyən məşqçiləri də hədəfə çevirdi. Biz Prosineçkinin də, Yurçeviçin də davranışlarını, qulağımıza üfürdüyü yalanları yaxşı bilirik. Ona görə də Sopiçin nəyə ehyam vurduğunu başa düşürük. Qoy cənab Sopiç də bizi axmaq yerinə qoymasın. Xorvatiyadan bura hay-küy salmağa, “Sabah”ı söküb-yığmağa yox, komandanı çətin vəziyyətdən çıxarmağa gəlib. Nağıl danışmağa, qışda yeni transferlər üçün qollarını çirmələməyə yox. Bunu başqaları da bacarardı...