“Heç-heçəyə görə bizi axşam saat 9-a qədər hərbi hissədə saxladılar” MÜSAHİBƏ
- 04 İyn 2020 17:00
- 964
Stajlı azarkeşlər 90-cı illərin sonu - 2000-ci illərin əvvəlini yaxşı xatırlayır. Həmin vaxt elitada çıxış edən Sumqayıt təmsilçisi o qədər iddialı olmasa da, heyətində yetərincə istedadlı gənclər yer almışdı. Rekord.az xəbər verir ki, xoş gələcək vəd edən gənclərin arasında Pərviz Bağırov seçilirdi. Hücumameyilli yarımmüdafiəçi mövqeyində çıxış edən gənc məhsuldar ötürmələri, vurduğu qollar ilə sumqayıtlıların sevimlisinə çevrilmişdi. Pərvizin ulduzu tez parladı, tez də söndü. Cəmi 3-4 il gündəmdə olan futbolçu çox keçmədən unuduldu. Bugünlərdə ortaq dostlarımızın sayəsində onunla bir məclisdə qarşılaşdıq. Ordan-burdan söhbət etdik, ötən günləri yada saldıq. Bir də onda ayıldım ki, danışdıqlarımız müsahibəlikdi. 39 yaşlı Pərviz əvvəlcə futbola gəlişindən söhbət açdı.
- Sinif yoldaşlarımın çoxu futbolla məşğul olurdu. Onlardan fərqli, mən futbola bir qədər gec - 13 yaşımda üz tutdum. Hazırda “Zirə”ni çalışdıran Zaur Həşimovla bir yerdə oxuyurduq. O məni yola gətirib özü ilə birgə məşqə apardı. Rəhmətlik Tofiq Rzayev və bu gün “Sumqayıt” Futbol Akademiyasında çalışan Ağamusa Bağırov futbolda ilk müəllimlərim olub. 15 yaşımda artıq Tofiq müəllimin yaratdığı “Gənclik-95” komandasında çıxış edirdim. Həmin komanda birinci dəstədə oynayırdı. Ordakı oyunumla yığma məşqçilərinin də diqqətini cəlb etməyi bacardım. Həmin dönəmdə U-15-ə dəvət olundum. Və elə alındı ki, AFFA-nın o vaxtkı prezidenti Fuad Musayev məni birinci dəstədə mübarizə aparan “Şəfa-2”də saxlamağı lazım bildi. 2 il orda çıxış edəndən sonra elitada oynayan “Kimyaçı”dan dəvət aldım və Sumqayıt klubuna yollandım.
- “Kimyaçı”da pis təsir bağışlamırdın, gənc olmağına baxmayaraq, komandanın aparıcı oyunçularından sayılırdın.
- Bəli, hər işə ciddi yanaşanda uğur qazanmaq mümkündü. Gəncdim, heç bir qayğım yox idi və bütün fikirimi futbola yönəltmişdim. Ona görə də pis-yaxşı futbol oynayırdım. Özünü yaxşı tərəfdən göstərən oyunçunun da “elçiləri” çox olur. Həmin ərəfədə mənə bir çox klubdan təklif gəlmişdi. Sadəcə, əsgərlik yaşım çatdığından Vaqif Paşayevin təqdimatı əsasında məni MOİK-ə apardılar. Komanda yoldaşım, U-21-də çiyin-çiyinə oynadığım Ramin Hüseynov da ordu klubuna “sürgün olundu”. Raminin bəxti gətirdi ki, yığmada oynadığı dönəmdə başından zədə almışdı. Həmin zədəyə görə hərbi xidmətə yararsız kimi qeydə alındı və kluba qayıtdı. Amma mən MOİK-də qalmalı oldum. Orda isə...
- Orda nə baş verdi?
- “Nə baş verdi” deyəndə ki, mənə qarşı hansısa haqsızlıq yaşanmadı. Vaqif müəllimə mənə göstərdiyi münasibətə görə bu gün də təşəkkür edirəm. Sadəcə, 22 yaşa qədər oynadığı klubda maaş almağa öyrəşən, əli pulla oynayan və ən pisi o ərəfədə atasını itirən birinin pulsuz futbol oynamasını təsəvvür edin. Bununla barışa bilmirdim. Bir az da cavanlıq özünü göstərirdi. Beyni qanlı vaxtımız idi. “Ədliyyə” də bizim kimi komanda idi. Onların meydanında 90-cı dəqiqəyə qədər 1:0 öndə idik. Son saniyələrdə meydan sahibləri bərabərlik qolunu vurdular. Heç-heçəyə görə bizi axşam saat 9-a qədər hərbi hissədə saxladılar. Halbuki “Ədliyyə”nin futbolçularına həmin oyuna görə mükafat vermişdilər. İndiki ağlım olsaydı, hər şeyi nəzərə alıb, heç nədən şikayətlənməzdim. Ancaq yenə deyirəm, cavan vaxtı adamın düşüncəsi fərqli olur. İndi adi MOİK-ə düşmək üçün belə çoxları çox şeydən keçməyə razıdılar. Mən isə duruma fərqli yanaşırdım. Deyirdim ki, oynayıramsa, bunun əvəzini görməliyəm. MOİK-də ilk vaxtlar rejimə əməl edir, bütün məşqlərə ciddi yanaşırdım. Sonradan həvəsdən düşdüm. Bəzən elə olurdu ki, günlərlə məşqə qatılmırdım. Oyundan bir gün əvvəl məni zorla düşərgəyə dəvət edirdilər ki, heç olmasa, burda ol və sabah meydana çıx. MOİK-də çıxış etdiyim mövsümün qış fasiləsində mənimlə iranlı menecer əlaqə saxladı. Məni və Ramal Hüseynovu İranın yüksək dəstəsində çıxış edən kluba aparmaq istəyirdi və yaxşı pul təklif etmişdi.
- Məbləği açıqlaya bilərsən?
- Hər birimizə illik 15 min dollar təklif olunmuşdu. Onda MOİK-in rəisi Natiq Əliyev idi. Natiq müəllim əvvəlcə bizi buraxmağa razılıq verdi. Təbii ki, ona da nəsə çatacaqdı. İmza parasının 50 faizinə razılaşmışdıq. Ancaq sonradan nə oldusa, fikrindən daşındı. Onun bu addımı mənə pis təsir etdi. Səhv etmirəmsə, ayyarım məşqlərə qatılmadım. O söhbətdən sonra Sumqayıtda yeni yaranan “Gənclərbirliyi” məni icarəyə götürmək istədi. Bunun üçün MOİK rəhbərliyinə pul da təklif olundu. Natiq müəllimin onların da müraciətinə mənfi cavab verməsi məni lap həvəsdən saldı. Futboldan getməyi düşünürdüm. Məşqlərə qatılmadığımı görən MOİK rəhbərliyi məni cəzalandırmaq qərarına gəldi. Və fevralda futbolçu Bağırov artıq Şəmkirdəki hərbi hissələrin birinə göndərildi. Yaxşı ki orda məni başa düşən, futbolu sevən zabitlər qarşıma çıxdı. Şəmkir də futbol rayonu olduğundan mənə müəyyən güzəştlər olundu. Fərdi məşq etməyim üçün şərait yaratdılar. Çətinliklə də olsa, hərbi xidməti başa vurub Sumqayıta qayıtdım.
- Həmin il “Gənclərbirliyi” ilə müqavilə imzalasan da, orda çox qalmadın. Səbəbini deyə bilərsən?
- Vüqar İsmayılov, Aqil Məmmədov kimi təcrübəli oyunçular komandaya yeni təyin olunan türk mütəxəssisə mənim haqqımda məlumat vermişdilər. O da demişdi ki, gəlib baxışdan keçsin. “Xəzər Lənkəran”la yoxlama görüşündə meydana çıxdım. Bir qol vurmaqla yanaşı, məhsuldar ötürmə də verdim. İlk yarının gedişində Fərdi Tayfun məni əvəzlədi və ertəsi müqavilə bağlamaq üçün ofisə dəvət etdi. Çempionatın əvvəlində hər şey yaxşı gedirdi. Ancaq bir neçə turdan sonra baş məşqçi məni ehtiyatda saxladı ki, bununla da barışmadım. Tez küsdüm. Ümumiyyətlə, futbolçu kimi ən böyük çatışmazlığım xarakterin olmaması idi. İndi oturub fikirləşəndə başa düşürəm ki, gərək o vaxt səbirli olaydım, xarakter nümayiş etdirib, heyətdə yerimi qaytarmaq üçün sona qədər mübarizə aparaydım. Yenə bunların hamısını cavanlıq səhvi kimi qəbul edirəm. İndiki gənclərə tövsiyəm odu ki, futbolu ilk növbədə pula görə yox, sevə-sevə oynayın. İlk dönəmdə pulu yox, karyeranızı düşünün. Özünüzü doğruldandan sonra pul sizi tapacaq. Mən böyük səhvlərə yol verdim. U-17-də baş məşqçim olan Şahin Diniyev dəfələrlə bu mövzuda mənimlə söhbət etdi. Təəssüf ki, onun dediklərindən nəticə çıxarmadım. Şahin müəllim, Əsgər Abdullayev mənə çox dəstək olublar ki, bu gün də onlara “çox sağ ol” deyirəm. Təməli Rzayevlə Bağırov qoymuşdusa, böyük futbolda irəli getməyimdə adını çəkdiklərimin böyük zəhməti olmuşdu. U-21-də baş məşqçim olan Vaqif Sadıqovu da qeyd edərdim. Bu gün Azərbaycan futbolunda üzdə olan bir çox oyunçu və məşqçilərlə çiyin-çiyinə oynamışam, çoxları ilə isti münasibətim olub.
“Gənclərbirliyi”ndən ayrılandan sonra 6 ay da Qusar “Şahdağ”ında çıxış etdim. Ancaq artıq əvvəlki Pərviz deyildim. Yaşım az olsa da, futboldan doymuşdum. Tez təslim oldum və bu sahədən uzaqlaşdım. Halbuki oynasaydım, çox irəli gedə bilərdim. Potensialım buna imkan verirdi.
- Futbolçu karyeranı erkən başa vursan da, bu sahədən tam uzaqlaşmadın. Bir müddət sonra hakimliyə başladın. Ancaq burda da çox uzağa gedə bilmədin...
- Hakim kimi də böyük uğur qazana bilərdim. Fiziki göstəricilərim, idarəçilik qabiliyyətim buna imkan verirdi. Aşağı yaş qrupu üzrə liqalardan başlasam da, qısa vaxtda premyer-liqa matçlarına da təyinat alırdım. Hətta mənim adımı çimərlik futbolu üzrə hakim kimi UEFA-ya göndərmək istəyirdilər. Əfqan Həmzəyevdən sonra İnqilab Məmmədov bu statusa layiq görüldü. Onlar özlərini yaxşı tərəfdən göstərdiklərindən qitə futbol qurumu Azərbaycana daha bir yer ayırmışdı. Dedilər ki, sənədlərini hazırla və AFFA-ya təqdim et. Hər şeyi hazırladım. Yeganə çatışmazlıq ingilis dili ilə bağlı idi. Dedilər ki, narahat olma, kursa yazılarsan. Belə də etdim. Ancaq necə oldusa, sonda işimi burdular. Və kənarda qalası oldum.
- Kim mane oldu?
- Kim olacaq? Həmin vaxt Hakimlər Komitəsinin rəhbəri Xaqani Məmmədov idi. Elə o da mənə mane oldu.
- Onun sənlə problemi var idi?
- Əslində aramızda heç bir problem yox idi. Ancaq mənim bəziləri kimi day-dayım yox idi. Bir də mən Sumqayıtda yaşayıram. İrəli getmək, onların gözünə girmək üçün bütün gün göz qabağında, yanlarında olmaq lazım idi. Mən isə Xaqani müəllimin bəzi “sevimliləri” kimi edə bilmirdim. Xasiyyətim yaltaqlıq etməyə, yeri gəldi-gəlmədi “baş üstə” deməyə imkan vermir. Fikirləşirdim ki, FİFA referisi adına layiqəmsə, nəyə görə kimlərinsə “saqqalının altından keçməliyəm”. Bu prinsiplə yaşamaq mənə baha başa gəldi. Hakimlikdə gördüyüm haqsızlıq da məni bu sahədən soyutdu. Hər şeyə “əlvida” deyib, ümumiyyətlə, futboldan uzaqlaşdım.
- Bu gün nə işlə məşğulsan?
- Masazırdakı 5 saylı məktəbdə idman müəllimi kimi çalışıram. Direktorumuz Səlim Məmmədov sabiq futbolçu kimi hörmətimi saxlayır, məktəbdə futbol qrupuna məşq keçməyimə imkan yaradır.
- Nə vaxtsa yenidən böyük futbola qayıtmağı düşünürsən?
- Əslində nə qədər küssəm də, üzləşdiyim haqsızlıqlara görə futboldan incisəm də, ürək başqa söz deyir. Fikrim var ki, yaxın vaxtlarda məşqçi kurslarına qatılım. Lisenziya alandan sonra akademiyaların birində çalışmaq istərdim. ("Futbol plus" qəzeti)