“Sumqayıt”ın baş məşqçisi Ayxan Abbasov Avropa Liqasının 1-ci təsnifat mərhələsi çərçivəsində Şimali Makedoniyanın “Şkendiya” klubuna qarşı keçirdikləri oyunu şərh edib.

Rekord.az xəbər verir ki, o, 0:2 hesabıyla məğlub olduqları oyundan sonra təşkil olunan mətbuat konfransında bunları söyləyib:

- Əlbəttə, rəqibin gücünü bilirdik. Hardasa ilk hissədə onların hücumlarının qarşısını ala bildik. Dəyişikliklər etdik, amma rəqib müdafiəni yara bilmədik. Reallıq budur ki, bizi çətinliklər gözləyir. Ancaq bir şeyə sevinə bilərik ki, gənclərimiz bu gün Avroliqa təcrübəsi qazandı. Bu oyunu unudub, çempionata köklənməliyik. Vuruşduq, amma ustalıq öz sözünü dedi.

- Təcrübədən əlavə məğlubiyyətə daha nələr səbəb oldu? 
- Futbolçuların fərdi ustalıqlarını götürsək, rəqib bizdən üstün idi. Bəzi futbolçulardan gözlədiyimiz performansı görmədik. Rəqibi bilirdik, rəqibin üstün cəhətlərini bu gün meydanda gördük. Vaxt lazımdır. Avroliqada uğur qazanmaq istəyirsənsə, başqa şeylər də lazımdır.

- Əli Qurbani oyunda heç nəylə yadda qalmadı. Onu məcbur meydanda saxladız, yoxsa necə? 
- Əlinin ilk hissədə epizodu var idi. İkinci hissədə də kiçik detallar var idi. Son anda çətin transfer etmişik. Bizim seçimimiz də çox deyil. Qısa zamanda nələrisə dəyişmək çətindir.

- İndiki vəziyyətdə demək olar ki, sizi avtomatla tankın önünə atıblar. Nə düşünürsüz, necə olacaq?
- Mən bura gəlməklə risk etmişdim, hələ də edirəm. Bu uğurdan sonra burdan getmək mənim üçün qorxaqlıq olar. Bu gün meydandan qaçmaq qorxaqlıqdır. İşimiz vuruşmaqdır, inanıram ki, yaxşı olacaq. Çünki ötən il də çəkdiyimiz əziyyətin bəhrəsini gördük.

- Bu gün normal transfer etmək üçün büdcəniz azdır. Rəhbərliklə yeni transferlərin olmasıyla bağlı danışacaqsız? 
- Transferlərə ehtiyacımız var, yoxsa belə çox çətin olacaq. 1-2 futbolçu var ki, onları gətirmək istəyirik. Ən azı 2 futbolçu lazımdır. Yeni transferlər olmazsa, Premyer Liqada bizim üçün çox çətin olacaq.

- "Meydançadan qaçmaq qorxaqlıqdır" dediz. Gedən futbolçulardan inciməmisiz? 
- Futbolçulara təkliflər gəlir və bu da onların öz seçimləridir. Heç kimdən inciməyə haqqımız yoxdur. Bəzi futbolçular da var ki, yaxşı təklifləri olsa da, bizimlə qalmağı seçdi. Onlara da təşəkkürümü bildirirəm. (komanda.az)