“Heç vaxt bəhanələrə sığınmamışam”
- 25 May 2024 14:20
- 288
“Mən heç vaxt bəhanələrə sığınmamışam”.
Rekord.az xəbər verir ki, bunu Azərbaycan Basketbol Liqasında ikinci yeri tutan "Xəzri"nin baş məşqçisi Murat Dikmen deyib.
Mütəxəssis final seriyasının dördüncü matçında "Sabah"a 69:74 (ümumi hesab 1:3) hesabı ilə uduzduqları qarşılaşmadan sonra klubun mətbuat xidmətinə açıqlama verib.
O, ilk olaraq mövsüm ərzində yaxşı mübarizə apardıqları üçün oyunçularını təbrik edib: "Həm ölkə kubokunda, həm də çempionatda final oynadıq. Komandamız yenidir və bunun müqabilində iki finalda çıxış etməyimiz böyük uğurdur. Ümid edirəm həm klub rəhbərliyi, həm də Azərbaycan Basketbol Federasiyası bu uğurları artıraraq bu cür davam edərlər. Final seriyasında çox təcrübəli komandaya qarşı oynadıq. Mövsümün əvvəlində avrokubokda çıxış etmiş, hazırlıqlara avqustda erkən start vermiş və rotasiyası çox geniş olan kollektivə qarşı mübarizə apardıq. Bunlar təbii ki, bir bəhanə deyil. Amma bəzi həqiqətlər var".
Baş məşqçi qalib gəldikləri ilk görüşdə bütün enerjilərini ortaya qoyduqlarını söyləyib: "İkinci oyunda arxayınlaşdıq və rəqibimiz bunu yaxşı dəyərləndirdi. Üçüncü matçın ilk yarısını öndə tamamladıq ancaq böyük fasilədən sonra üstünlüyü rəqibə verərək məğlub olduq. Bu gün də eyni şəkildə oyunun sükanı bizim əlimizdə idi və böyük fasiləyə öndə yollandıq. Hətta üçüncü perioda qədər də irəlidə idik. Lakin son periodda rotasiyamızın az olmağına görə oyunçu dəyişikliklərini risq edərək həyata keçirdim və bu da bizi sistemimizdən kənara çıxardı. Mövsüm ərzində Cordan Perkins kimi bir oyunqurucu ilə çıxış etdik. Demək olar ki, Perkins bütün matçlardan 37-40 dəqiqə aralığında meydanda olur və görüşün sonlarına yaxın çox yorulurdu. Amma məni sevindirən məqamlardan biri də Səid İsmayılovun performansının artmağıdır. Artıq Azərbaycan basketbolu bu cür oyunçu qazandı. Kapitan Amil Həmzəyevin performansı həyacanverici idi. Ümid edirəm milli komanda da uğurlu olarlar. Digər gənclərin də inkişafını müşahidə etdim. Vüqar Məmişov meydanda çox önəmli işlər gördü. Mən Azərbaycan idmanından, basketbolunda çox razıyam. Buna görə çox xoşbəxtəm. Amerikalı basketbolçular da üzərlərinə düşənləri yerinə yetirdilər. Birlikdə yaxşı bir mövsüm keçirdik və gözəl finalla yekunlaşdırdıq. Məncə bunu düşünüb xoşbəxt olmağımız lazımdır".