“Hədəfim Fransa paytaxtında Azərbaycan bayrağını yüksəklərə qaldırmaqdır”
- 06 Fev 2024 14:00
- 303
“ABŞ-da 3 həftəlik çox əla təlim-məşq toplanışı keçdik. İlk günlər adaptasiya olunmağa çalışsaq da, ardınca fiziki və texniki-taktiki hazırlıq keçdik”.
Rekord.az xəbər verir ki, bu sözlər Azərbaycan boksçusu Məhəmməd Abdullayevə məxsusdur.
+92 kq çəki dərəcəsində Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanan dünya çempionatının mükafatçısı Kolorado ştatında hazırlığı dəyərləndirib. O bildirib ki, ABŞ-da artıq 4 illiyin ən möhtəşəm yarışına xüsusi proqramla çalışmalara başlayıb: “Bir neçə sınaq döyüşü də keçirdim. Rəqiblərim çox güclü idi. ABŞ-ın Olimpiya lisenziyaçısı, Tokio-2020-nin mükafatçısı ilə gücümü yoxladım. Artım görünür. Çəkimi nəzərə alaraq güclü rəqiblərimin olması mənim üçün böyük plyusdur. Məqsədim Olimpiadaya kimi ən yaxşı formamı yığmaqdır”.
Abdullayevin sözlərinə görə, Paris-2024-ə kimi var gücü ilə çalışacaq ki, adını ölkə boksu tarixinə yazdırsın: “Bu il bizim üçün ikiqat əlamətdar, eyni zamanda məsuliyyətlidir. Həm Azərbaycan boksunun 100 illiyidir, həm də Olimpiya ilidir. Paris-2024 yolunda ilk addımı atmışam. Krakovda Avropa Oyunlarında lisenziya qazanmışam. İndi bunun ardını gətirmək istəyirəm. Hədəfim Fransa paytaxtında Azərbaycan bayrağını yüksəklərə qaldırmaq, medal qazanmaqla boksçulara bəslənilən ümidləri doğrultmaqdır. Bu məqsədə doğru nə lazımdırsa edəcəm və çalışacam ki, öz çəkimin ən güclüsü olduğumu sübuta yetirəm”.
Qeyd edək ki, Paris-2024 Yay Olimpiya Oyunları iyulun 26-dan avqustun 11-dək keçiriləcək.